Şuşa şəhərinin tarixi rəmzlərindən biri də görkəmli Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqifin türbəsidir.

Bu, sadəcə türbə-abidə deyil, Qarabağın, Şuşanın siyasi tarixinin canlı salnaməsidir. Çünki Vaqif Qarabağ xanının vəziri idi və dövlət xadimi kimi Qarabağla bağlı çoxsaylı faktların müəllifidir.

Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edilmiş Şuşada milli irsimizin izlərinin silinməsinə çalışan ermənilər Kremlə arxalanaraq Vaqifin adını itirməklə, həm də Qarabağ xanlığının tarixini unutdurmağa, bu torpaqları özlərininkiləşdirməyə çalışırdılar. Təəssüf ki, həmin illərdə xanlıqları tarixin qara ləkəsi kimi qələmə verən sovet ideologiyasına qarşı çıxa bilən Azərbaycan rəhbərliyi olmayıb. Onlar Şuşadakı tariximizin qorunmasına cəsarət edə biləcək addımlar ata bilməyiblər.

Ancaq Ulu Öndər Heydər Əliyevin milli irsə olan dərin ehtiramı, onun qorunması üçün qətiyyəti nəticəsində görkəmli şəxsiyyətlərimiz öz layiqli adlarını və dəyərini almışlar. Heydər Əliyev 1967-ci ildə Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəsə də, tapa bilməyib və bu hadisə Onu çox məyus edib. O, Vaqifin şəxsiyyətinə qarşı olan bu hörmətsizlik, biganəliklə barışa bilməyib.

Onun göstərişi ilə uzun axtarışdan sonra məzar tapılıb. Ulu Öndər bərbad halda olan, dağılmış məzarı ziyarət edərkən məzarın Vaqifə layiq olmadığını bildirərək müvafiq qurumlara təcili abidə kompleksi salınması tapşırığı verir. Şəxsən nəzarət etdiyi layihədə türbənin inşası zamanı ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınıb, xalq memarlığının yerli ənənələrinə geniş yer verilib.

Şuşanın memarlıq üslubuna yenilik gətirmiş Vaqif türbəsinin tikintisi 1982-ci ildə başa çatdırılıb. Qarlı-şaxtalı bir gündə -1982-ci il yanvarın 14-də Heydər Əliyevin iştirakı ilə türbənin təntənəli açılışı olub.

Heydər Əliyev bununla sovet rəhbərliyinə və erməni ideoloqlarına çatdırdı ki, bu məqbərənin yerləşdiyi yer Azərbaycanın qədim tarixidir, Qarabağ xanlığının yurdudur və milli irslərimizin yerləşdiyi Şuşa Azərbaycan şəhəridir.

Bu möhtəşəm hadisədən sonra hər il Şuşada Vaqif Poeziya Günləri keçirilirdi. Bu ənənə 1992-ci il mayın 8-də Şuşanın işğalından sonra dayandı. Erməni vəhşiliyi Vaqifin türbəsinin də dağıdılması ilə nəticələndi, kompleksin binası və bütün eksponatları məhv edildi.

Şuşa azad edildikdən sonra 2021-ci il yanvarın 14-də – 39 il əvvəl məqbərənin açıldığı gündə türbəni ziyarət edən Prezident İlham Əliyev dərhal bərpa işlərinə başlanılması tapşırığını verdi və abidə kompleski cəmi 7 ay ərzində əvvəlkindən də yaxşı görkəmə gətirildi, avqustun 29-da Cənab Prezidentin iştirakı ilə açılışı oldu.

Bu gün Vaqifin məqbərəsi Şuşaya gedən hər kəsin müqəddəs ünvanına çevrilib.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor

araz.az xəbər portalı.