Bu il keçirilən “Yay Fest” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə müəyyən etdiyi prioritetlərə uyğun olaraq süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar mövzusuna həsr olunub.

Arazpress.com bildirir ki, festivalın ilk düşərgəsi olan “Rəqəmsal Dövlət” düşərgəsində ölkənin müxtəlif bölgələrindən olan gənclər iştirak edərək gələcəyin texnologiyaları, rəqəmsal bacarıqlar və innovativ düşüncənin formalaşması istiqamətində təşkil olunan zəngin proqram çərçivəsində maariflənmək, süni intellekt və rəqəmsal transformasiya sahəsində yeni yanaşmalarla tanış olmaq, eyni zamanda şəbəkələşmək imkanları əldə ediblər.

Düşərgə çərçivəsində ölkənin aparıcı jurnalistləri, universitet rektorları və süni intellekt mütəxəssislərinin təqdimatında gənclər üçün “Gələcəyin vətəndaşı: Rəqəmsal savadlılıq və Süni İntellekt”, “Rəqəmsal əsrdə tələblər və imkanlar” görüşləri, “Rəqəmsal dövlət: Vətəndaşlara xidmət və texnoloji transformasiya”, “Süni intellekt: Gələcəyin bacarığı”, “Rəqəmsal dünyada media: Yeni çağırışlar və strateji hədəflər” və “Gələcəyin insanı: Bacarıq yoxsa diplom?” adlı sessiyalar baş tutub. Sessiyalar zamanı gənclər rəqəmsal texnologiyaların müasir cəmiyyətə təsiri, süni intellektin müxtəlif sahələrdə tətbiqi, rəqəmsal dövlət xidmətlərinin inkişaf istiqamətləri, media sahəsində dövrün yeniliklərinə uyğun baş verən dəyişiklikləri və gələcəyin peşə bacarıqları barədə geniş məlumat əldə edib, ekspertlərlə interaktiv müzakirələr apararaq bilik və bacarıqlarını zənginləşdiriblər.

Eyni zamanda, gənclərin şəbəkələşməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən “Yay Fest rəngləri” master-klassı, intellektual oyun, müxtəlif idman yarışları, stolüstü oyunlar və haykinq üzrə təlim də düşərgənin maraq doğuran fəaliyyətləri sırasında yer alıb. Hər günün sonu isə DJ parti, gənclərin fərqli konseptlərdə təqdim etdiyi səhnə performansları və tonqalətrafı səmimi söhbətlərlə yadda qalıb.

Sentyabr ayının 4-dək davam edəcək və 2 mindən çox gəncin iştirakı edəcəyi festival çərçivəsində “Media və Rəqəmsal savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və kod”, “Startap və Sahibkarlıq” və “AI – İdman və Sağlamlıq” mövzularında mərhələli şəkildə daha yeddi düşərgə keçiriləcək.

Qeyd edək ki, iştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı sayılan “Yay Fest 2026” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün müsahibələrə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.

Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün Yay Fest’in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.

araz.az xəbər portalı.