Paytaxtla müqayisədə Azərbaycanın regionlarında daşınmaz əmlak bazarında qiymət dinamikası fərqli istiqamətdə inkişaf edir. Turizm potensialı, yeni infrastruktur layihələri, sənaye zonalarının yaradılması və daxili miqrasiyanın təsiri bəzi rayonlarda daşınmaz əmlak qiymətlərini sürətlə artırsa da, bir sıra bölgələrdə daşınmaz əmlak hələ də nisbətən əlçatan olaraq qalır. Ekspertlər hesab edirlər ki, regionlarda qiymət fərqləri hər il daha da nəzərə çarpır. 

Arazpress.com qeyd edir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, “Proxima Group”un direktoru Orxan Əli Ucnoqta.az-a bildirib. Deyib ki, regionlarda daşınmaz əmlak dəyərini müəyyən edən əsas amillər turizm, iqtisadi aktivlik, nəqliyyat əlçatanlığı və dövlət investisiyalarıdır.

Onun sözlərinə görə, hazırda Qəbələ, Quba, Qusar, Şəki, Zaqatala, İsmayıllı və Nabran istiqamətində yerləşən ərazilər regionlar üzrə ən bahalı daşınmaz əmlak bazarına malik rayonlar sırasındadır. Bu bölgələrdə turizm sektorunun inkişafı, istirahət mərkəzlərinin artması və fərdi yaşayış evləri və torpaq sahələrinə yüksək tələbat qiymətlərin yüksəlməsinə səbəb olur. Son illər Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri də həmin istiqamətlərdə daşınmaz əmlaka marağı artırır və uzunmüddətli perspektivdə qiymət artımını dəstəkləyən əsas amillərdən hesab olunur.

Orxan Əli qeyd edib ki, regionlarda ən münasib qiymətlər əsasən iqtisadi aktivliyi zəif olan və iri investisiya layihələrinin həyata keçirilmədiyi rayonlarda müşahidə edilir. Belə ərazilərdə həm alıcı sayı, həm də bazar dövriyyəsi aşağı olduğundan qiymətlər uzun müddət sabit qalır.

Ekspert vurğulayıb ki, hazırda regionlarda fərdi yaşayış evlərinin qiymət diapazonu rayonun iqtisadi potensialından asılı olaraq geniş dəyişir. Turizm bölgələrində və inkişaf edən rayon mərkəzlərində yaşayış evlərinin qiyməti əksər hallarda 150-250 min manat, prestijli istirahət zonalarında isə bundan da yüksək səviyyəyə çatır. Digər rayonlarda isə oxşar sahəyə malik fərdi evlərini 25-30 % aralığında əldə etmək mümkündür.

Onun sözlərinə görə, torpaq bazarında qiymət artımı mənzil bazarından daha sürətlidir. Xüsusilə magistral yolların, yeni sənaye parklarının, turizm layihələrinin və iri infrastruktur obyektlərinin inşa olunduğu ərazilərdə torpağın dəyəri son 5 ildə 2-2,5 dəfə yüksəlib.

Bəzi regionlarda torpaq bazarında artım tempi hətta üçrəqəmli faiz göstəricilərinə qədər yüksələ bilir.

Orxan Əli hesab edir ki, yaxın illərdə regionlarda qiymət artımı əsasən dövlət investisiyalarının davam etdiyi, turizm potensialının genişləndiyi və yeni nəqliyyat layihələrinin həyata keçirildiyi ərazilərdə müşahidə olunacaq. Buna görə də daşınmaz əmlak bazarında investisiya etmək istəyən şəxslər yalnız mövcud qiymətlərə deyil, bölgənin gələcək inkişaf perspektivlərinə də xüsusi diqqət yetirməlidirlər.

araz.az xəbər portalı.