Əziz media nümayəndələri!

Sizi zəngin və şərəfli tarixə malik Milli Mətbuatımızın 151 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Həqiqətən də, Azərbaycan mətbuatı ötən illərdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.

Milli Mətbuatımız sadəcə xəbərləri cəmiyyətə çatdıran informasiya vasitəsi deyil, xalqımızın düşüncə tarixini yazan salnaməçi, ictimai rəyin formalaşdırıcısı, milli ideyaların daşıyıcısı, dövlətlə vətəndaş arasında etibarlı körpü və cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm ictimai institut kimi tanınıb.

Sözsüz ki, azad sözün, medianın inkişafında yaradılmış mühit də bu sahənin inkişafında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin hərtərəfli dəstəyi, möhtərəm Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı medianın peşəkar fəaliyyətinə böyük təkan verib.

Söz dünyanı dəyişmək gücünə malik sərrast silahdır, Media böyük bir ordudur. İnformasiya vasitələri, peşəkar media təkcə xəbərləri operativ çatdırmaq funksiyasını yerinə yetirmir, cəmiyyəti düzgün istiqamətləndirir, dövlətin milli maraqlarını qoruyur.

Biz bunun Birinci Qarabağ və 44 günlük Vətən müharibələri zamanı şahidi olmuşuq. Qarabağ savaşı başlayandan jurnalistlərimiz həyatlarını riskə ataraq, ən qaynar döyüş xətlərindən operativ və düzgün informasiya verməklə, reportajlar hazırlamaqla cəmiyyətimizi dolğun məlumatlarla təmin ediblər.

Alı Mustafayev, Salatın Əsgərova, Çingiz Mustafayev, Kazımağa Kərimov… kimi şəhid jurnalistlərimiz həm də qəhrəmanlarımızdır.

Zəfər savaşı dövründə jurnalistlərimiz öz həyatlarını risk altına qoyaraq, ilk günlərdən qələm və kameralarını süngüyə çevirərək, ən qaynar atəş nöqtələrindən operativ məlumatları tamaşaçılarımıza, izləyicilərimzə çatdırırdılar. Onların da vahid məqsəd uğrunda səfərbər olaraq, informasiya müharibəsində erməniləri məğlub etdikləri göz qabağında oldu. Bütün bunlar bir daha təsdiqləyir ki, obyektiv və qərəzsiz informasiya, peşəkar media cəmiyyətin həyatına çox mühüm təsir göstərir.

Jurnalistlərimizə hər zaman maraqlı xəbərlər çatdırmağı arzulayır, tükənməz enerji, möhkəm cansağlığı və peşə fəaliyyətlərində yüksək nailiyyətlər diləyirəm. Sözləri həmişə kəsərli, qələmləri iti və özləri həqiqət carçısı olsunlar!

Əziz jurnalistlərimiz, Bayramınız mübarək!

Dərin hörmət və səmimi duyğularla, 

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor

araz.az xəbər portalı.