Nəbi RAMAZANLI,
texnika elmləri namizədi, dosent

Tənqid vasitəsilə cəmiyyətin diqqətini problemlərə yönəltmək, səhvləri göstərmək və alternativ fikirlər irəli sürmək mümkündür. Lakin arqumentlərlə üstünlük qazana, fikirlərini əsaslandıra bilməyən şəxslər bəzən emosional ritorikaya və şəxsi hücumlara üstünlük verirlər.

Belə yanaşma qısa müddətdə müəyyən auditoriyanın diqqətini cəlb etsə də, uzunmüddətli perspektivdə öz etimadının azalmasına səbəb olur. Çünki insanlar zaman keçdikcə emosional çıxışlardan daha çox məntiqə, faktlara və əsaslandırılmış mövqeyə dəyər verirlər.

Dünən Berlində baş tutan görüşdə Tural Sadıxlı ilə Hikmət Hacıyev arasında yaranan polemika bu baxımdan maraqlı nümunədir. Müzakirəni izləyənlər arqumentlərin, siyasi mədəniyyətin və ünsiyyət tərzinin ictimai rəyə necə təsir etdiyini müşahidə edə bilərlər. Belə məqamlarda tənqidlə təhqir arasındakı sərhəd daha aydın görünür.

Mənim fikrimcə, bu görüş Tural Sadıxlı üçün də müəyyən nəticələr çıxarmaq baxımından əhəmiyyətli idi. Çünki ictimai müzakirələrdə əsas üstünlük emosional ifadələrdə deyil, arqumentlərin gücündə və mövqenin əsaslandırılmasındadır. Bu kontekstdə, adları tez-tez ictimai müzakirələrdə hallanan Mehman Hüseynov və Qabil Məmmədov kimilərlə bir arada olan siyasi qüvvələr də zamanla öz auditoriyalarını və elektoratlarını sürətlə itirməyə başladılar.

Siyasi və ictimai fəaliyyətdə davamlı uğur qazanmağın yolu qarşı tərəfi aşağılamaqdan deyil, sağlam tənqiddən, mədəni polemikadan və inandırıcı arqumentlərdən keçir. Tənqidlə nəticə əldə edə bilməyən, emosional qarşıdurmanı əsas vasitəyə çevirən siyasilər zamanla yalnız rəqiblərinin deyil, öz auditoriyasının da etimadını azaltmaq riski ilə üzləşə bilir.

Bu baxımdan, 1992-ci ilin mayında hakimiyyətə gələn və özünü Milli hökumət kimi cəmiyyətə tanıtmaq istəyən AXC-Müsavat cütlüyü də qoruya bilmədikləri hakimiyyətlərinin uğursuzluğuna düzgün hüquqi (həm də siyasi) qiymət vermədilər və zamanla qəbul etmədiyi rəqiblərinin deyil, özlərinin nüfuzlarını itirməyə başladılar.

araz.az xəbər portalı.