
Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü hesab olunan Almaniya ilə münasibətlərin inkişafı Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun vacib istiqamətlərindən biridir. Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya səfəri yalnız iki dövlət arasında mövcud siyasi dialoqun davamı deyil, eyni zamanda iqtisadi, enerji, nəqliyyat, sənaye, innovasiya, təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm diplomatik hadisə hesab edilə bilər.
Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Mertslə keçirdiyi səmərəli görüşlər ikitərəfli münasibətlərin önəmini nümayiş etdirməklə yanaşı, gündəlyinin müasir formatının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Müasir dövrdə beynəlxalq münasibətlər sistemində yeni güc balansları formalaşır, regional təhlükəsizlik məsələləri daha böyük aktuallıq qazanır. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi, sülh gündəliyinə sadiqliyi və konstruktiv təşəbbüsləri ilə regionda sabitliyin təmin olunmasına mühüm töhfələr verir. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar beynəlxalq tərəfdaşlarla münasibətlərdə yeni əməkdaşlıq imkanları formalaşdırıb.
Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu konteksdən Almaniya ilə münasibətlərin inkişafı da bölgədə yeni siyasi və iqtisadi imkanları gücləndirir.
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts tərəfindən imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” münasibətlərin yeni strateji çərçivəsini təmin edir. Eyni zamanda, Azərbaycanın Avropanın əsas aparıcı ölkələri ilə siyasi-iqtisadi münasibətlərinin əhəmiyyətini və regiondakı xüsusi nüfuz və mövqeyini əks etdirir. Bu sənəd Azərbaycan–Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcını ifadə edir.
Ümumilikdə, Prezident İlham Əliyevin Almaniyaya səfəri və səfər çərçivəsində imzalanan strateji əhəmiyyətli sənədlər Azərbaycan-Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyur.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor
araz.az xəbər portalı.