
İki tanınmış jurnalistin və yolu milli mətbuatımızın həmişə həsrətlə xatırlanacaq 90-cı illərin söz azadlığı meydanından keçmiş Əməkdar jurnalistlər — Qulu Məhərrəmli ilə Azər Həsrətin dünəndən başlamış söz davası heç xoşagələn deyil. İstər-istəməz sual verməli olursan ki, indiki vaxtda biz nəyi bölə bilmirik? Axı, bölməli nəsə də qalmayıb — jurnalistikada, mediada!..
…Bəs, belə narazılığa səbəb nədir? Adi vaxtda jurnalistlərin davasına su səpən bu iki tanınmışın indi yayın bu cırhacırında davasına tökməyə su da qalmayıb. Necə deyərlər, “kənddə hamı probleminin həllini molladan umar, indi isə “mollalarımız”… o məsələ”!
Nə isə! Qətiyyən yolverilməzdir!
Onu da xatırladaq ki, bu söz savaşına səbəb TNS TV efirində aparıcı Tural Səfərin Facebook-dan oxuduğu şərhə Azər Həsrətin verdiyi cavab olub. Həmin verilişdə Azər Həsrət Qulu Məhərrəmlinin onu qərəzli adlandırmasına cavab verib və professorun bu fikrini sübut etməsini istəyib. Jurnalist iddia edir ki, bundan sonra Qulu Məhərrəmli ona “WhatsApp” vasitəsilə təhqiramiz mesajlar göndərməyə başlayıb. Azər Həsrət bildirib ki, qarşı tərəfin həddi aşdığını düşündüyü üçün ona belə cavab yazıb:
“Bu gün isə lap həddini aşınca belə bir cavab verməli oldum: “Çox əxlaqsız adamsan. Hətta küçə səviyyəsində. Ha çalışdım sənə nəzakətlə cavab verim, amma qanmadın. Daha da irəli getdin. Dediklərinin 10 qatını sənə qaytarıram!!! Haydı, di get indi!!!”.
Onun sözlərinə görə, Qulu Məhərrəmlidən isə belə cavab gəlib:
“Tüpürüm sənə də, sənin o nəzakətinə və olmayan əxlaqına da.. Cəhənnəm ol!”.
Azər Həsrət qeyd edib ki, paylaşımı yazmaqda məqsədi professorun ictimaiyyət qarşısında yaratdığı imiclə davranışının fərqli olduğunu göstərməkdir. O, həmçinin bildirib ki, məsələni məhkəməyə daşımaq fikrində deyil. Azər Həsrətin paylaşımında səsləndirilən iddialarla bağlı Qulu Məhərrəmli hələlik açıqlama verməyib. Bununla belə, sosial mediada bu məsələyə olduqca pis yanaşma və söz davasına son verməyin vacibliyi önə çəkilir.
SONDA: Vallah, billah, gerçək sözümdür ki, indi jurnalistikada bölməyə bir şey də qalmayıb, hər şey bölünüb, böldürülüb və tamamlanıb! Yaxşıları alqışlayaq, pisi isə daha pis etməyə nə var ki! Gəlin pisi yaxşı etməyə çalışaq!

Asif MƏRZİLİ
araz.az xəbər portalı.