Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan dövlət rəmzlərinin qorunmasının vacibliyindən danışıb. Arazpress.com bildirir ki, o, bununla bağlı Citypost.az-a açıqlama verib.

Tural İrfan qeyd edib ki, dövlət himni ölkənin suverenliyini və müstəqilliyini təmsil edən əsas dövlət rəmzlərindən biridir və dövlət bayrağı, eləcə də gerbi ilə birlikdə dövlətçiliyin müqəddəs atributu hesab olunur.

Onun sözlərinə görə, dövlət rəmzlərinə qarşı birbaşa və ya dolayı yolla hörmətsizlik edən, onları təhqir edən şəxslər qanun qarşısında məsuliyyət daşımalıdır.

“Dövlət rəmzlərinə qarşı çıxan və ya onları təhqir edən istənilən şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu məsələdə heç bir imtiyaz tanınmamalıdır”, – deyə o vurğulayıb.

Tural İrfan həmçinin qeyd edib ki, klassik Azərbaycan xalq musiqisi milli mədəniyyətin və incəsənətin ayrılmaz hissəsidir. O bildirib ki, Azərbaycan mədəniyyətini, incəsənətini və ziyalılarını hədəfə alan şəxslərə qarşı da hüquqi tədbirlər görülməlidir.

Dinşünas əlavə edib ki, dini kimlikdən istifadə edərək cəmiyyət arasında qarşıdurma yaratmağa çalışan və milli-mənəvi dəyərləri hədəf alan qrupların fəaliyyətinə qarşı aidiyyəti qurumlar tərəfindən ciddi addımlar atılmalıdır.

TURAN

araz.az xəbər portalı.