
Vahid TAĞIYEV,
peşəkar təhsil işçisi
GİRİŞ ƏVƏZİ: Bu yazını dörd il əvvəl qələmə almışdım. Məktəb direktorlarının seçimi ilə bağlı bəzi yeniliklər artıq tətbiq olunur. Bununla belə, hələ də həllini gözləyən mühüm məqamlar qalır (Xüsusilə direktorların işə qəbulu müsahibəsi ilə bağlı aşağda təkliflərdə qeyd etmişdim).
Bir daha diqqətimi çəkdi ki, bu yazı ilk dəfə paylaşılarkən respublikanın müxtəlif bölgələrindən çoxsaylı peşəkar rəylər və dəyərli təkliflər səsləndirilmişdi. Bu da göstərir ki, qaldırılan məsələlər ayrı-ayrı məktəblərin deyil, bütövlükdə təhsil sisteminin ortaq problemləridir.
Elə, buna görə də, həmin yazını yenidən diqqətinizə təqdim edirəm:
İnanmasaq, ümid etməsək, mübarizə aparmasaq uğurlu nəticələrdən də danışa bilmərik.
Məktəb direktorlarının seçilib, təyin edilməsi son illərdə aparılan islahatlar içərisində çox əhəmiyyətli, diqqət çəkən və daim müzakirə olunan bir mövzudur. 40 ilə yaxın direktorlarla birgə fəaliyyət göstərən biri kimi bəzi müşahidə və fikirlərimi bölüşmək istəyirəm.
Müəyyən bir dövr üçün əminliklə deyə bilərik ki, nazirlik qətiyyətlə obyektiv və şəffaf şəkildə ən layiqli kadrlar arasından məktəb direktoru seçmək istəyir. Nazirliyin bu sahəyə rəhbərlik edən, çox inandığım şöbə müdirlərindən birinin yerli təhsil idarəetmə rəhbərləri ilə açıq diskussiya zamanı daha məqsədəuyğun təkliflərə necə diqqətlə yanaşdığının və yerlərdə mövcud vəziyyət haqqında dolğun məlumat axtarışında olmasının şahidi olmağımın məmnunluğunu unutmuram. Nə qədər ki, təhsil sistemində əqidə saflığına kifayət qədər nail olunmayıb, nazirlik ən vacib məqamları çətin olmasından asılı olmayaraq öz üzərinə götürməkdən, nəzarətdə saxlamaqdan başqa yol yoxdur.
Son illər DİQ- in test mərhələsində yüksək bal toplayıb müsahibədən keçməyən namizədlərin çox olması, nazirliyin bu məsələyə tələbkarlığının nəticəsidir.
Reallıq belədir ki, neçə illərdir DİQ-dən gələn direktorların bəziləri özünü doğrultsa da, müəyyən hissəsi tələblərə cavab vermir. Hətta, narazı qaldığımız əvvəlki illərin direktorlarından daha məsuliyyətsiz olanlarla da qarşılaşırıq. Bəzi fikirlərimi faktlarlarla, ünvanlı qeyd edə bilərəm. Ancaq ümumiləşdirilmiş şəkildə ifadə etmək istəyirəm:
— Direktor seçilənlərin müəyyən hissəsi nəzəri biliklərə testlərdə cavab versələr də, onu praktikada tətbiq etməyə çətinlik çəkir, yaxud bacarmır. Rəhbərlik üçün hazır deyillər;
— Məktəb direktoru bir çox şəxsi, xarakterik keyfiyyətlərə malik olmalıdır. Pedaqoji kollektivdə və valideynlər arasında şəxsi nüfuzu, məsuliyyət hissi, intizamlılığı ilə fərqlənməli, obyektiv və ədalətli insan olmalıdır. Rəhbərin təşkilatçılığı, idarəetmə, liderlik bacarığı olmadan kollektivi səfərbər etməsi, nəticəyönümlü fəalliyət göstərməsi mümkün deyildir. Bu məsələlər baxımından problemlər çoxdur;
— Müəllim nə üçün məktəb direktoru olmaq istəyir? Direktor kimi fəaliyyəti ilə daha çox fayda vermək, pedaqoji kollektivi səmərəli, məqsədyönlü fəaliyyətə istiqamətləndirmək istəyi ilə, habelə daha böyük amallarla yaşayaraq onları həyata keçirməyə can atmasına görəmi? Beləsə o zaman ondan yaradıcı direktor ola bilər. Eyni zamanda, lazımı bacarıqlara sahibdirsə uğurlu direktor olacaq. Əks halda məqsəd pul qazanmaq, şohrət xatirinədirsə heç vaxt müasur tələblərə uyğun, arzuedilən direktor ola bilməyəcək. Müəllim işləyə bilməyəndən yaxşı direktor da olmaz.
Məhz məktəb direktoru seçilən şəxsin düzgün müəyyən edilməsi üçün bu kimi məsələlərə, tələblərə əminlik yaranmalıdır;
— Beləliklə, yuxarıda bəzilərini qeyd etdiyimiz şəxsi keyfiyyətləri test imtahanında müəyyən etmək mümkün olmadığına görə məsələyə aydınlıq gətirilməsinin məsuliyyəti müsahibələrin üzərinə düşür. Məlumdur ki, hər bir halda bir neçə dəqiqəlik müsahibə zamanı insanın şəxsi keyfiyyətlərini qiymətləndirmək asan deyil. Həm də burada subyektiv qiymətləndirmə olduğuna görə məsələ daha da çətinləşir. Digər tərəfdən müsahibəyə gələn hər bir namizəd özünü daha uyğun, layiqli hesab edir, belə şəraitdə qarşılıqlı anlaşma asan deyil.
Düşünürəm ki, region təhsil idarələri tərəfindən 500- ə qədər şagirdləri olan məktəblərə direktor təyinatının aparılması müşahidə olunan bəzi çatışmazlıqların aradan qaldırılması üçün daha şanslı ola bilər.
Nazirlik tərəfindən direktor olmaq istəyən bütün namizədləri yerində öyrənmək, müəyyən vaxt ərzində müşahidə etmək mümkünsüzdür. Əvvəlki illərdə yerli RTŞ müdirlərinin rəylərinin də çox vaxt şəxsi maraqlarına əsaslandığı heç kimdən gizli deyil;
— Region idarələri yaranandan sonra məktəblərə məsafəcə daha da yaxınlaşılmış, müsahibə götürənlərin bu mənada imkanları artmışdır. Namizədlərin fəaliyyəti ilə yaxından tanış olmaq, kollektivdəki nüfuzu, şəxsi keyfiyyətlərinin rəhbərlik üçün uyğunluğunu yerində və ətraflı öyrənmək olar. Müsahibə zamanı diqqət çəkən ehtimallarla bərabər yerlərdə müşahidə edilmiş faktlara da əsaslanaraq daha doğru qərar qəbul edilə bilər. Bu ilk anda mücərrəd görünsə də, regionda bu işi sistemli şəkildə təşkil etmək, zamanla təkmilləşdirmək mümkündür.
Məlumdur ki, təhsilin keyfiyyəti bir çox parametrlərdən asılıdır. Təhsil strukturunun hər pilləsinə aid müəyyən məsuliyyət, cavabdehlik var. Ancaq heç kimdə şübhə yoxdur ki, təhsildə keyfiyyətli nəticə, ilk növbədə, müəllimlərdən asılıdır. Müəllimlərə isə məsafə, həm də gündəlik pedaqoji fəaliyyətini müşahidə etmək baxımından ən yaxın və hər gün buna imkanı olan məktəb direktorlarıdır.
Müntəzəm olaraq müəllimlərin fəaliyyətinin təhlili, operativ qiymətləndirilməsi, stimullaşdırılması və istiqamətləndirməsi baxımından da bacarıqlı məktəb direktorunu kimsə əvəz edə bilməz. Sağlam pedaqoji mühitin yaranmasında direktor əvəzsiz simadır. Habelə, yerində olmayan məktəb direktoru qədər də heç kim kollektivin fəaliyyətini daha çox səmərəsiz edə bilməz.
Deməli, istənilən müəllimin işlədiyi məktəbə, pedaqoji kollektivə rəhbərlik edən direktorun və direktor müavininin kimliyi mühüm məsələdir. Məktəb rəhbərlərinin düzgün seçilməsinin əhəmiyyəti də bundadır.
Layiqli, fədakar məktəb direktorlarının fəaliyyətinin dəyərləndirilməsi, stimullaşdırılması isə mühüm məsələ olmaqla ayrıca bir mövzudur.
araz.az xəbər portalı.