Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində baş verən kadr dəyişiklikləri və yoxlamalar fonda hələ də bir çox qaranlıq məqamları açıqda qoyur.

Arazpress.com Tendensiya.com-a istinadən xəbər verir ki, idarə rəisi Etibar Nəbiyevin vəzifəsindən uzaqlaşdırılması və digər məsul şəxslərin işdən çıxarılması qurumun “təmizləndiyi” təəssüratını yaratsa da, daxildən gələn məlumatlar tam əksini deyir. Məlum olur ki, idarədəki əsas nepotizm şəbəkəsinin mərkəzində dayanan fiqurlardan biri — Etibar Nəbiyevin yaxın qohumu, Ümumi şöbənin müdiri İbrahim Nəbiyev hələ də vəzifəsində qalır və idarəni idarə etməkdə davam edir.

“Qara kassa” və kadr bazarı: İdarədə rüsumlar necə tənzimlənib?

İdarənin işçilərindən Tendensiya.com-a daxil olan məlumatlara görə, Etibar Nəbiyevin dövründə qurumda qurulan idarəetmə sistemi daha çox ailə-korporativ maraqlara xidmət edib. Bu sistemin əsas “kassiri” və kadr siyasətinin memarı məhz Ümumi şöbənin müdiri İbrahim Nəbiyev olub. İdarədə bütün kadr təyinatları, işə qəbul prosesi məhz onun nəzarəti altında həyata keçirilib.

Mənbələrin bildirdiyinə görə, işə qəbul məsələsində demək olar ki, “açıq bazar” prinsipi işləyib. Belə ki, işçilərin işə götürülməsi zamanı tətbiq olunan qeyri-rəsmi “tarifləri” eşidənlər təəccüblənməyə bilmirlər:

– Əgər vakant yerdə aylıq rəsmi əməkhaqqı 500 manat təşkil edibsə, işə düzəlmək istəyən şəxsdən birtəhər 5 min manat “rüsum” alınırmış.

Maaş 100 manat artanda, alınan rüsum da adekvat olaraq min artırmış. Məsələn, 800 manat olan vəzifələr üçün isə bu rəqəm 8 min manata qədər yüksəlirmiş.

Bu cür rəqəmlər və rüsum siyasəti onu göstərir ki, idarəyə gətirilən hər bir kəs əslində öncədən müəyyən edilmiş maliyyə öhdəliyi ilə işə qəbul olunub. İbrahim Nəbiyevin idarədəki qeyri-rəsmi maliyyə axınlarını — yəni “qara kassa”nı idarə etdiyi, həmçinin mediada gurultu qoparan məşhur “kod 35” və sayğac əməliyyatlarında da birbaşa rəhbərliyi həyata keçirən şəxslərdən biri olduğu bildirilir.

İki nəfərin çıxarılması ilə idarə təmizlənirmi?

Xatırladaq ki, bundan əvvəl idarə rəisi Etibar Nəbiyevlə yanaşı, Abonent xidmətləri şöbəsinin rəisi Səbuhi Mustafayev və rəis müavini İlhamə adlı şəxsin də vəzifələrindən azad olunduğu açıqlanmışdı. Lakin kollektivin üzvləri haqlı olaraq sual edirlər: Bir neçə nəfərin qabaqcadan yazılmış ərizələrlə işdən çıxarılması həqiqətən də idarənin kök salmış neqativ hallardan təmizlənməsi deməkdirmi?

Cavab birmənalıdır: Xeyr!

Etibar Nəbiyevin yaratdığı nepotizm şəbəkəsinin əsas həlqəsi olan İbrahim Nəbiyevin hələ də vəzifəsində oturması, kadr kəsişmələrinin və köhnə mexanizmlərin dəyişməz qalmasına şərait yaradır. Baş verən nöqsanlara, şübhəli sayğac əməliyyatlarına və maliyyə pozuntularına görə birbaşa məsuliyyət daşıyan şəbəkənin əsas fiqurunun toxunulmaz kimi saxlanılması cəmiyyətdə və qurumun daxilində haqlı narazılıq doğurur. İşdən çıxarılan rəisin qohumunun idarənin ürəyi sayılan Ümumi şöbəyə rəhbərlik etməyə davam etməsi isə aparılan yoxlamaların effektivliyinə kölgə salır.

Rəhbərlikdən sərt addım gözlənilir: Zaur Mikayılov və Zakir Quliyev diqqətli olmalıdırlar

Bütün bu neqativ hallar fonunda Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun və Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin məsələyə bir daha ciddi şəkildə yanaşması zərurətə çevrilib.

İdarədə sağlam mühitin bərqərar olması, dövlət vəsaitlərinin və abonentlərin hüquqlarının qorunması üçün yalnız rəis dəyişikliyi kifayət deyil. Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Etibar Nəbiyevin qohum-əqrəba və “qara kassa” üsulu ilə formalaşdırdığı kadrlardan tamamilə təmizlənməlidir. Xüsusilə, İbrahim Nəbiyevin və digər əlaqəli şəxslərin fəaliyyəti hərtərəfli araşdırılmalı, onların idarədə qalmasına imkan verən səbəblərə son qoyulmalıdır.

Əks təqdirdə, “yoxlama başa çatdı və kadr dəyişikliyi edildi” adı altında köhnə sistem öz işini yeni pərdə altında davam etdirəcək ki, bu da dövlət qurumlarının adına gətirilən kölgəni silməyəcək…

Orxan MƏMMƏDOV 

araz.az xəbər portalı.