
8 Noyabr – Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş, milli qürurumuzun, sarsılmaz gücümüzün və müqəddəs birliyimizin rəmzi olan Zəfər Günüdür! Bu şanlı tarix, II Qarabağ müharibəsində – Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin şərəfinə hər il ürəklərdə böyük coşqu və sonsuz iftixar hissi ilə qeyd edilir.
2020-ci il sentyabrın 27-də cəbhə xəttində alovlanan döyüşlər qısa müddətdə haqq və ədalət müharibəsinə çevrildi. 44 gün davam edən rəşadətli yürüş boyu Azərbaycan ordusu addım-addım dastana döndü: oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı və nəhayət, noyabrın 8-də Qarabağın döyünən ürəyi – Şuşa şəhəri işğaldan azad edildi. Bu misilsiz qələbə Ermənistanı təslimçilik bəyanatına imza atmağa məcbur etdi. Üçtərəfli razılaşmaya əsasən, dekabrın 1-nə qədər Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan Azərbaycana qaytarıldı, Naxçıvanla qərb rayonlarımız arasında nəqliyyat əlaqələrinin bərpası təsbit olundu.
Bu gün Azərbaycan xalqı ərazi bütövlüyünün bərpasının növbəti ildönümünü böyük sevinclə qeyd edir. Bu müqəddəs gündə canlarını Vətən fəda edən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunur, qazilərimizə və qəhrəman hərbçilərimizə sonsuz minnətdarlıq hissləri ifadə edilir. Azad nəfəs alan Qarabağda bu gün canlanan bir həyat, “Böyük Qayıdış”ın doğurduğu xoşbəxtlik və sülh dolu bir gələcək var.
Zəfər sevincimiz həm də sarsılmaz qardaşlığımızın təntənəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Prezident İlham Əliyevin dəvəti ilə Şuşaya etdiyi tarixi səfərlər bu birliyin ən bariz sübutudur. “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə dostluğu təkcə sözdə deyil, ən çətin və sevincli günlərdə əməldə də özünü doğruldan strateji müttəfiqlik nümunəsidir.
Zəfərin mübarək, ulu Azərbaycan!
Dilarə NAĞIYEVA,
“Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin təsisçisi,
Könül MUXTAROVA,
İctimai Birliyin sədri
araz.az xəbər portalı.