
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə Nizami rayonu 201 nömrəli tam orta məktəbdə “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə son” mövzusunda maarifləndirici tədbir keçirilib.
Komitənin Arazpress.com-a daxil olan məlumatında deyilir ki, tədbirdə məktəbin yuxarı sinif şagirdləri və pedaqoji heyətinin üzvləri, məktəbin direktoru Nəriman Vəliyev, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Eldəniz Zeynalov, Nizami Rayon Bələdiyyəsi sədrinin birinci müavini Heydər Rəhimov, ETİHİ-nin Hüquq şöbəsinin mütəxəssisi Rəşad Səlimov, Nizami rayonu Keşlə qəsəbəsi üzrə icra nümayəndəsi Anar Ağayev, Keşlə qəsəbəsinin sahə rəisi Bəxtiyar Məmmədli, Narkotiklərlə Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili Mehman Həsənov, Bakı Uşaq və Gənclər Teatrının bədii rəhbəri və direktoru İntiqam Sultan, ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov və komitənin kollektivi iştirak ediblər.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov narkomaniyanın insan həyatına, ailə dəyərlərinə və cəmiyyətin sağlam inkişafına vurduğu ağır zərərdən danışıb. O, narkotik asılılığının insan sağlamlığına, iradəsinə, təhsil və əmək fəaliyyətinə, eləcə də gələcək planlarına ciddi mənfi təsir göstərdiyini bildirib. Sədr gənclərin zərərli vərdişlərdən qorunmasının, sağlam həyat tərzinə təşviq edilməsinin və bu istiqamətdə maarifləndirilməsinin ailələrin, təhsil müəssisələrinin və ictimai qurumların birgə məsuliyyəti olduğunu vurğulayıb. Həmçinin profilaktik tədbirlərin davamlı keçirilməsinin və yeniyetmələrlə açıq dialoqun qurulmasının vacibliyini diqqətə çatdırıb.
Məktəbin direktoru Nəriman Vəliyev çıxışında təhsil müəssisələrinin yalnız bilik və bacarıqların aşılandığı deyil, həm də sağlam düşüncəli, məsuliyyətli vətəndaşların formalaşdığı mühüm mühit olduğunu qeyd edib. O, şagirdlərin zərərli vərdişlərdən qorunmasında müəllimlərin, valideynlərin və məktəb rəhbərliyinin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, belə maarifləndirici görüşlərin yeniyetmələrin düzgün seçim etməsinə müsbət təsir göstərdiyini bildirib.
Nizami Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin aparıcı mütəxəssisi Eldəniz Zeynalov narkomaniyaya qarşı mübarizənin dövlət və cəmiyyət səviyyəsində ardıcıl diqqət tələb edən mühüm məsələlərdən biri olduğunu bildirib. O, sağlam və təhlükəsiz cəmiyyətin formalaşdırılması üçün gənclərin zərərli təsirlərdən qorunmasının, ictimai maarifləndirmənin və aidiyyəti qurumlar arasında əməkdaşlığın vacibliyini qeyd edib. Çıxışın ardından şagirdlərə maarifləndirici bukletlər paylanılıb.
Nizami Rayon Bələdiyyəsi sədrinin birinci müavini Heydər Rəhimov narkomaniyanın qarşısının alınmasında yerli icmaların və ictimaiyyətin fəal iştirakının əhəmiyyətindən danışıb. O, gənclərin asudə vaxtlarının səmərəli təşkilinin, onların idmana, mədəniyyətə və digər faydalı fəaliyyətlərə cəlb olunmasının zərərli vərdişlərdən uzaq mühitin formalaşmasına töhfə verdiyini vurğulayıb.
ETİHİ-nin Hüquq şöbəsinin mütəxəssisi Rəşad Səlimov çıxışında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquqi məsuliyyət məsələlərinə toxunub. O, qanunvericiliyin tələblərinə əməl edilməsinin və hüquqi məlumatlılığın artırılmasının vacibliyini qeyd edərək, xüsusilə yeniyetmələrin narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və yayılması ilə bağlı hüquqi nəticələr barədə məlumatlandırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Keşlə qəsəbəsi üzrə icra nümayəndəsi Anar Ağayev narkomaniyaya qarşı mübarizədə ailə, məktəb və ictimaiyyət arasında sağlam ünsiyyətin və qarşılıqlı əməkdaşlığın mühüm rol oynadığını bildirib. O, yeniyetmələrin davranışlarında müşahidə olunan mənfi dəyişikliklərə biganə qalmamağın, onların problemlərinə vaxtında diqqət yetirməyin və düzgün istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Keşlə qəsəbəsinin sahə rəisi Bəxtiyar Məmmədli narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyətin təhlükəsizliyinə yaratdığı təhdidlərdən bəhs edib. O, hüquq-mühafizə orqanları ilə vətəndaşlar arasında əməkdaşlığın gücləndirilməsinin, şübhəli hallara qarşı diqqətli olmağın və qanun pozuntularına qarşı prinsipial mövqe nümayiş etdirilməsinin vacibliyini qeyd edib.
Narkotiklərlə Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili Mehman Həsənov narkotik vasitələrin yayılma üsulları, onların yaratdığı təhlükələr və bu sahədə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən mübarizə tədbirləri barədə məlumat verib. O, xüsusilə sosial şəbəkələr və digər vasitələrlə narkotik vasitələrin yayılması təhlükəsinə qarşı yeniyetmələrin diqqətli və ayıq-sayıq olmalarının vacibliyini vurğulayıb. Şagirdlərə tanımadıqları şəxslərin şübhəli təkliflərinə qarşı diqqətli olmaq, belə hallarla qarşılaşdıqda isə valideynlərinə və aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.
Bakı Uşaq və Gənclər Teatrının bədii rəhbəri və direktoru İntiqam Sultan çıxışında incəsənətin, xüsusilə teatr sənətinin maarifləndirici və tərbiyəvi imkanlarından danışıb. O, səhnə əsərlərinin həyat həqiqətlərini insanlara emosional və təsirli şəkildə çatdırdığını, gəncləri düşünməyə, davranışlarının nəticələrini dərk etməyə və düzgün həyat yolu seçməyə sövq etdiyini bildirib.
Çıxışlarda narkomaniyaya qarşı mübarizənin yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalı, maarifləndirmə, sağlam həyat tərzinin təbliği, ailə nəzarəti, təhsil və ictimai həmrəyliyin gücləndirilməsi ilə kompleks şəkildə aparılmalı olduğu vurğulanıb.
Tədbirin davamında Bakı Uşaq və Gənclər Teatrının təqdimatında “Həyat və ölüm” tamaşası nümayiş etdirilib. Səhnə əsərində narkomaniyanın insan taleyində yaratdığı faciəvi nəticələr, yanlış seçimlərin ağır fəsadları və sağlam həyatın dəyəri bədii obrazlar vasitəsilə tamaşaçılara çatdırılıb. Tamaşa şagirdlərə mövzunun mahiyyətini nəzəri məlumatlarla yanaşı, bədii səhnə nümunələri vasitəsilə də dərindən anlamaq imkanı yaradıb.
Tədbirin sonunda ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov tamaşada iştirak edən aktyorları Rayon Komitəsinin Təşəkkürnamələri ilə təltif edib.
Maarifləndirici tədbir narkomaniyanın fəsadları barədə şagirdlərin məlumatlılığının artırılması, sağlam həyat tərzinin təşviqi və gənc nəslin gələcəyi naminə düzgün seçim etməyin əhəmiyyətinin bir daha diqqətə çatdırılması baxımından əhəmiyyətli olub.
araz.az xəbər portalı.





















