Bu sözlər sadəcə gözəl bir ifadə forması deyildi. Bu kəlamda elmin mahiyyəti, alimin məsuliyyəti və Vətən qarşısındakı mənəvi borcunun dərin fəlsəfəsi birləşirdi. Elm bəşəriyyətə məxsusdur, onun sərhədləri yoxdur. Lakin hər bir ölkənin öz elmi potensialını yaratmağa, inkişaf etdirməyə və milli tərəqqisini elmin gücü ilə təmin etməyə ehtiyacı var.

Məhəmmədəli müəllimin bu fikri onun dünyagörüşünü və alimlik missiyasını ifadə edən mənəvi bir vəsiyyət kimi səslənir.

Professor Məhəmmədəli Ramazanovun doğum günü münasibətilə qələmə aldığım bu yazıda məqsədim onun arxasında qoyub getdiyi elmi məktəbi, elmə gətirdiyi yenilikləri və elmi nailiyyətlərini təhlil etmək deyil. Hesab edirəm ki, bu barədə həmin sahənin mütəxəssislərinin, onun elmi fəaliyyətini dərindən bilən və bu istiqamətdə çalışan insanların, yetişdirdiyi alimlərin yazması daha doğru olardı.

Mən bu yazıda onun Vətən elminə bağlılığından, bütün şüurlu ömrünü elmə, xüsusilə də Azərbaycan elminə həsr etməsi bucağından baxış etmək istərdim.

Sovetlər İttifaqının dağıldığı, cəmiyyətdə baş verən ağır iqtisadi və sosial çətinliklərin bir çox alimləri öz peşəsindən uzaqlaşmağa məcbur etdiyi bir dövrdə belə, Milli Elmlər Akademiyasındakı laboratoriyasından bir an belə ayrılmayan, bütün çətinliklərə baxmayaraq elmi fəaliyyətini davam etdirən bir insandan söz açmaq istəyirəm.

Bu, sadəcə peşəsinə bağlılıq deyildi. Bu, Vətən elminə sədaqətin, elm qarşısında mənəvi məsuliyyətin, şəxsi çətinliklərə baxmayaraq öz missiyasına sadiq qalmağın nümunəsi idi. Mənim üçün Məhəmmədəli müəllimin şəxsiyyətini səciyyələndirən ən mühüm cəhətlərdən biri də məhz bu fədakarlıq idi.

Professor Məhəmmədəli Ramazanovun Azərbaycan elminə verdiyi töhfələr sırasında nanotexnologiya sahəsində gördüyü böyük işlər xüsusi yer tutur.

O, Azərbaycanda nanotexnologiya elminin əsaslarının qoyulmasına öncüllük etmiş, Bakı Dövlət Universitetində ilk dəfə Nanomaterialların Kimyəvi Fizikası kafedrasının və laboratoriyasının yaradılmasına təşəbbüs göstərərək, bu istiqamətin inkişafı üçün mühüm zəmin formalaşdırmışdı.

Bu, sadəcə yeni bir kafedranın və laboratoriyanın yaradılması deyildi. Bu, Azərbaycan elminin gələcəyinə yönəlmiş strateji baxışın, müasir elmi istiqamətləri ölkəmizdə inkişaf etdirmək əzminin təzahürü idi. Çünki elmə xidmət etmək yalnız bu günün suallarına cavab vermək deyil, həm də gələcəyin tədqiqatları üçün yol açmaqdır.

Nanotexnologiya müasir elmin ən mühüm istiqamətlərindən biridir. Belə bir sahənin universitet mühitində inkişaf etdirilməsi yeni elmi düşüncənin formalaşması, tədqiqat imkanlarının genişlənməsi və gənc alimlərin yetişməsi baxımından böyük əhəmiyyət daşıyır. Professor M. Ramazanovun bu istiqamətdəki fəaliyyəti onun elmin gələcəyini düşünən, yeniliklərə açıq və milli elmi potensialın güclənməsini vacib sayan alim olduğunu göstərirdi.

Elmə verilən dəyərin ailədə davam edən nümunəsi

İnsanın elmə münasibəti yalnız söylədiyi fikirlərdə və gördüyü işlərdə deyil, bəzən yetişdirdiyi övladların həyat yolunda da öz əksini tapır.

Prof. Məhəmmədəli Ramazanovun elmə verdiyi yüksək dəyərdən danışarkən, onun kiçik oğlu İlqar Ramazanlının uğurlarını xatırlamamaq mümkün deyil. O, bir ata kimi oğlu İlqarın potensialını vaxtında dəyərləndirərək, onun gələcək elmi fəaliyyətə hazırlanmasına xüsusi diqqət yetirirdi. Bu məqsədlə istedadlı müəllimlərlə danışıqlar aparır, İlqarın bilik və bacarıqlarının inkişafı üçün onun xüsusi hazırlıq kurslarına cəlb olunmasını təmin edirdi.

İlqar Ramazanlının elmi nailiyyətləri istedadın, zəhmətin, məqsədyönlülüyün və elmə bağlılığın parlaq nümunəsi kimi diqqət çəkir. O, hələ orta məktəbin IX, X və XI siniflərində oxuduğu illərdə, eləcə də tələbəlik dövründə beynəlxalq riyaziyyat olimpiadalarında dəfələrlə qızıl medal qazanaraq özünü gələcəyin istedadlı riyaziyyatçısı kimi tanıtmağa başladı. İsveçrədə universitet təhsili alan İlqar Ramazanlı sonradan elmi fəaliyyətini süni intellekt sahəsində davam etdirərək, 2020-ci ilin mayında 29 yaşında ABŞ-ın ən nüfuzlu universitetlərindən olan Karnegi Mellon Universitetində bu istiqamət üzrə elmlər doktoru elmi dərəcəsini müdafiə etmişdir.

İlqar Ramazanlı həmçinin 2023-cü ildə süni intellekt tədqiqatları sahəsində Amerikanın ən gənc beş tədqiqatçısından biri seçilmişdir.

Bu nailiyyətləri ilk növbədə İlqarın öz istedadının, gərgin əməyinin və elmi axtarışlara sadiqliyinin nəticəsi kimi qiymətləndirmək təbii olsa da, onun elmi yolunun formalaşmasında elmə yüksək dəyər verən ailə mühitinin və biliyə hörmət üzərində qurulmuş mənəvi ənənələrin rolunu da nəzərdən qaçırmaq olmaz.

Məhəmmədəli müəllimin “Elmin Vətəni olmur, amma Vətənin hər zaman elmə ehtiyacı var” kəlamı ilə İlqarın beynəlxalq elmi mühitdə qazandığı uğurlar arasında mənəvi bir bağlılıq hiss olunur. Ata elmin sərhədsizliyini qəbul edir, lakin onun Vətən üçün əhəmiyyətini xüsusi vurğulayırdı. Oğul isə riyaziyyat və süni intellekt sahəsində qazandığı uğurlarla Azərbaycan ziyalı ailəsinin elmi potensialını beynəlxalq miqyasda təmsil edir.

Burada söhbət yalnız bir atanın istedadlı oğlu ilə fəxr etməsindən getmir. Söhbət elmə verilən dəyərin nəsillər arasında ötürülməsindən, biliyə hörmətin və yüksək məqsədlərə can atmağın ailə ənənəsinə çevrilməsindən gedir. Bir tərəfdə Azərbaycanda nanotexnologiyanın inkişafına zəmin yaratmış alim, digər tərəfdə isə beynəlxalq səviyyədə riyaziyyat və süni intellekt sahələrində uğur qazanmış gənc tədqiqatçı dayanır. Onları birləşdirən yalnızca ata-oğul münasibətləri deyil, həm də əsas mənəvi xətt olan elmə inam və biliyin insan həyatındakı əvəzsiz roludur.

Bu baxımdan, İlqar Ramazanlının uğurları atasının xatirəsini yaşadan mənalı səhifələrdən biri kimi də dəyərləndirilə bilər. Çünki alimin mirası yalnız yazdığı elmi əsərlərdən, yaratdığı laboratoriyalardan və qurduğu elmi istiqamətlərdən ibarət deyil. Elmə hörmət, biliyə bağlılıq və yeni nəsillərin uğurlarına inam da həmin mirasın mühüm hissəsidir.

Alimin ömrü elmi irsində davam edir

Bakı Dövlət Universitetinin dekanı kimi fəaliyyəti də Məhəmmədəli müəllimin universitet həyatında üzərinə götürdüyü məsuliyyətin bir hissəsi idi. Universitet yalnız bilik verilən məkan deyil, o, düşüncənin formalaşdığı, elmi ənənələrin yarandığı, gələcəyin ziyalılarının yetişdiyi bir mühitdir. Belə bir mühitdə çalışmaq, elmin inkişafına töhfə vermək və yeni elmi istiqamətlərin əsasını yaratmaq böyük zəhmət və uzaqgörənlik tələb edir.

Təəssüf ki, 2020-ci ilin koronavirus pandemiyası bu dəyərli alimin həyatına son qoydu. Onun vəfatı yaxınları, həmkarları, tələbələri və Azərbaycan elmi mühiti üçün ağır itki oldu. Lakin ölüm insanın cismani varlığına son qoysa da, yaratdığı elmi irsin və mənəvi dəyərlərin əhəmiyyətini aradan qaldıra bilmir.

Bu gün, 31 oktyabrda Məhəmmədəli müəllimi xatırlayarkən onun həyat yoluna yalnız keçmişin bir səhifəsi kimi baxmamağa çalışdım. Onun elmi fəaliyyətindən, yenilikçi təşəbbüslərindən, Vətən elminə münasibətindən və ailəsində elmə verdiyi dəyərin davam etməsindən gələcək üçün də nəticələr çıxarmaq bucağından baxış etmək istədim.

Bir alimin xatirəsinə ən böyük ehtiram onun başladığı işlərin dəyərini qorumaq, elmi ideyalarını yaşatmaq və elmə xidmət ənənəsini davam etdirməkdir. Bu ehtiram həm də gələcək nəsillərin elmi nailiyyətlərinə sevinmək, onların uğurlarını ölkəmizin intellektual potensialının bir hissəsi kimi qiymətləndirməkdir.

Prof. Məhəmmədəli Ramazanovun kəlamı bu gün də öz aktuallığını saxlayır: “Vətənin elmə ehtiyacı var”. Bu ehtiyac müasir laboratoriyalar, yeni texnologiyalar və elmi nailiyyətlərlə yanaşı, elmə ürəkdən bağlı, məsuliyyətli, yaradıcı və Vətəninin gələcəyini düşünən insanların yetişdirilməsi ilə ödənilə bilər.

Məhəmmədəli müəllimin həyat yolu, nanotexnologiyanın inkişafına verdiyi töhfələr və oğlu İlqar Ramazanlının beynəlxalq elmi uğurları elmə xidmətin müxtəlif nəsillərdə təzahür edən dəyərini xatırladır. Atanın elmi baxışı ilə oğulun tədqiqat uğurlarını birləşdirən bu mənəvi xətt bizə bir həqiqəti göstərir: elmə verilən dəyər zamanla itmir, əksinə, yeni ideyalarda, yeni tədqiqatlarda və yeni nəsillərin nailiyyətlərində yaşamaqda davam edir.

Doğum gününüzdə Onu ehtiramla anır, Azərbaycan elminə verdiyin töhfələri və Biblioqrafik məlumat kitabının giriş səhifəsində yer alan “Mən bu həyata yenidən gəlsəydim, yenə də bu həyatı seçərdim” fikirlərini minnətdarlıqla xatırlayırıq. Qoy, adın yaratdığın elmi ənənələrlə, ideyaların gələcək nəsillərin uğurları ilə, elmə verdiyin dəyər isə övladının və yeni nəsil tədqiqatçıların elmi axtarışları ilə yaşasın.

Çünki həqiqi alimlər yalnız elmin tarixində deyil, Vətəninin yaddaşında və yetişdirdikləri nəsillərin uğurlarında da yaşayırlar.

Burada Böyük Mustafa Kamal Atatürkün bir vəsiyyəti yada düşür: “Gələcəkdə elmlə mənim dediklərim arasında ziddiyyət yaranarsa, siz elmi seçin”.

RUHUN ŞAD OLSUN, GÖZƏL İNSAN, DƏYƏRLİ ELM ADAMI!

Beləcə, aramızda ola bilmədiyi 6-cı doğum günündə bir təsəlli yazısı yazmağı özümə mənəvi borc bildim.

Ailəmiz adından yüksək sevgi və dərin ehtiramla,

Qardaşı Nəbi RAMAZANLI,
texniki elmlər üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis 

 

araz.az xəbər portalı.