Qədim bir əfsanədə söylənir ki, obalarını üzük qaşı kimi dövrəyə almış sıra dağlarının zirvələrində, gecənin bir aləmində həmişə saz səsi eşidilir Göyçə mahalının. Bu səs dalğa-dalğa güneylərdə, quzeylərdə, yalçın qayalarda əks-səda verib, dan yeri ağarana kimi səsini dərələrdən axan çayların səsinə qoşur, sulara qarışıb sədasını uzaq-uzaq ellərə yayır. Baxdıqca sıralanan bu saysız zirvələrin hansından gəlir bu səs, hələlik onu anşırdan olmayıb. Bəs bu nə sirdir, nə sehrdir, onu da açan yoxdur.

Deyirlər, Bisütun dağı da belədir, onun qoynunda da bir səs əbədiyyətə qovuşub. Bu səs, Şirinin eşqiylə dağlarda lağım atan Fərhadın külüngünün səsidir…

Sən bir bizim ellərin bənzərliyindəki müqəddəsliyə bax! Kərəm Ərzurumun gədiyinə varanda borana düşüb təngiyirkən, “Dedim, lələ, gəl qayıdaq bu yoldan”, deyə gileylənən, telli sazın pərdələrindən dünyanı həsrət ümmanına qərq edən bir hava qopdu. O boranlı gündə Kərəmin o yanıqlı havası beləcə döndü Ərzurumun zirvə harayına.

Zaman-zaman ellərim fəlakət burulğanında çırpınırkən, onun sənət dünyasında tarixin hər səhifəsinə bir giley nidası yazıldı.

Bu qaydaynan Dilqəm sazının qara köynəyini soyundurub onu ürəyinin başına sıxanda, yad əliynən külə dönmüş yurd yerinin ağısını da qırçın pərdələrin diliynən izhar etdi.

Beləcə bənzədi mənim o taylı-bu taylı ellərim bir-birinə. Beləcə yarandı mənim “Yanıq Kərəm”im, “Yurd yeri”m, “Göyçə gülü”m. Hamısı da bir-birindən ayrı, bir-birindən xəbərsiz.

İndi başı qatı dumanlara qərq olan ulu Göyçəmizin telli sazları çiliklənib, təzanələri ocaqlara atılıb, elimin bu bəzəkli gəlininin o yerlərdən nişanəsi kəsilib. Düşmən gülləsinə düçar olan qoca qartal qayalara sıxılıb pünhanda can verir. Gecənin bir aləmində eşitdiyi saz səsi onun yeganə məlhəmidir.

Tarixlər boyu çox dərdlərə dərman olub bu səs. Çox könüllərə məhəbbət sığalı çəkib, çox sinələrin dağına məlhəm edib. Sazlı, sözlü, nağıllı, dastanlı Göyçə mahalımızda bizlərdən yeganə nişanə qalan bu yadigar səs!

Ərzurumun gədiyində Kərəmin öz yanıqlı havasıynan tufanlara əfsun oxuduğunu bilirəm. Amma bircə onu bilmirəm ki, Göyçənin zirvələrində qeybdən gələn bu səs əzəlcə kimin barmaqlarından qopub? Aşıq Alınınmı, Aşıq Ələsgərinmi, Növrəs İmanınmı, Aşıq Əsədinmi?

Kim bilir, bəlkə bu səs Aşıq Nəcəfin sazından qopan səsdir?

Adı dillərdə az qala əfsanələrə dönən Aşıq Nəcəf! Özünün şaqraq zənguləsi, qoynunda boy atdığı əzəmətli dağların zirvəsi qədər əlyetməz olan zil səsilə aşıqlıq tarixində əvəzedilməz olan daşkəndli Aşıq Nəcəf haqqında şifahi deyimlərimizin xanələrində çox yazılıb, çox söylənib. Fəqət, onun ömür yolunda açılmamış neçə boğçalar illərlə bağlı qalıb, nəsillərimizdən gizlənib.

Həm bir aşıq, həm də şəxsiyyət kimi Aşıq Nəcəfin həyat tarixçəsi xana-xana açılmağa, kəlmə-kəlmə söylənməyə layiqdir. Hələlik isə, aşıq sənətinin maraq dünyasına qısa bir nəzər.

Məlum həqiqətdir ki, Azərbaycan şifahi xalq ədəbiyyatının ən zəngin qollarından olan aşıqlıq peşəsi son dərəcə zəngin yönümə malik bir sənətdir.

Bu sırada müxtəlif əlamətləriynən şöhrət qazanan neçə-neçə ulu sənətkarlarımız özünəməxsus ad almış, şöhrət qazanmışlar. “Söz ustası”, “saz ustası”, “dastan ustası”, “bilik dəryası” və i.

Bax, bu cərgədə Aşıq Nəcəfin adı gələndə bənzərsiz səsiynən elləri, obaları heyran qoyan, nəfəsi şəlalə axımlı bir ustad xatırlanır. Zəngüləsinin sehriynən, nəfəsinin sonsuzluğuynan göydə quşları saxlayan, dərələrdə çayları əyliyən, dəryaları təlatümə gətirən Aşıq Nəcəf!

Onun barəsində söyləmələrdən:

— Göyçə mahalında toy idi. Ucu-bucağı görünməyən toyxanada iynə atsaydın yerə düşməzdi. El-obanın nə ki, ahıl-cahılı var, hamısı bura cəm olmuşdu. Məclisə Aşıq Nəcəf gələcəkdi. Elə bil, hər arşında şölə saçan otuzluq lampalar da onun gəlişi eşqilə pərvazlanır, nurunu bir-birinin nuruna qoşurdu.

Bu vaxt məclisə uca boylu, enli kürəkli, çatma qaşlı, bütün gözəllik cizgiləriynən əsl azəri xalqının ər oğlu kimi bir igid varid oldu. Öz qıvraq tərpənişiynən telli sazını sinəsinə sıxıb onu dilləndirəndə, ürəklər yerindən oynadı.

Amma, sən demə, heyrət hələ sondaymış. Elə ki, səsini zilə çəkdi, bax onda otuzluq lampalar onun zəhmindən bircə-bircə sönməyə başladı.

Sən demə, toy sahibi öz işini əzəldən bilirmiş. O, hər lampanın yanına bir cavan keşikçi qoyubmuş. Tapşırıq veribmiş ki, Aşıq Nəcəf səsini zilə çəkəndə lampalar onun zərbindən bir-bir sönəcək. Əldən iti olun, onu tezcə yandırın.

Aşıq Nəcəf isə oxuyurdu. Özündən xəbərsiz, ətrafdan xəbərsiz, dünyadan xəbərsiz. Öz səsinin zərbinə bircə özü dözürdü. Nəcəfin ilahi bu səsi ona qüdrətdən bəxş edilmişdi. Gözəl camalına, yaraşıqlı boyuna layiq bəxşeyişiydi bu onun.

Bax, belə oxuyurdu Nəcəf oxuyanda!

 Aşıq sənətimizin dünənində, “Səs Allahı” kimi əbədiyyətə qovuşan daşkəndli Nəcəf, həm də muğamlarımızın mahir bilicisi kimi xatirələrə dönüb. Bu şaqraq və həzin laylalı sənətkar, öz səsinin döndərmələriynən bircə anın içində adamları həm ağladar, həm də güldürərmiş. O, “Şərili”ni, “Göyçə gülü”nü, “El havası”nı ustad bir aşıq kimi qaynatmaya çəkəndə, arxasınca “Dəli Koroğlu”nun “Misri”sinin zil nərəsiynən kimsəyə əlçatmaz olan bir zirvədə öz tapşırmasını tamamlayarmış.

Bütün bunlarla bahəm, “Zəminxarə” təsnifini, “Yetim segahı”nı və “Arazbarı”nı da beləcə qaynadarmış boğazında Aşıq Nəcəf! Onun ifasında və məclis söyləmələrində eyni qaynaqdan bəhrələnən bu sənətin vəhdəti xüsusi bir ustalıqla izahlanar, əyani təzahürünü taparmış. İndi az-az xatırlanan qədimlərdə “Axşam oldu, şamlar yandı” adı ilə söylənən havanın “Arazbarı” ilə bir çeşmənin suyundan qaynamasını da ilk dəfə Aşıq Nəcəf ellərimizin toy-düyünündə ərz etmişdir.

Məlahətli səs hər bir sənətkara ilahidən bəxş edilmiş müqəddəs bir nemətə bənzər. Bu sarıdan Aşıq Nəcəfin səs xəzinəsi nə qədər sonsuz və tükənməz olubsa, onun hər havaya ustad sərfi də bir elə dərin olub. “Şahsevəni”, “Yurd yeri”, “Göyçə gülü” kimi aşıq havalarına özünəməxsus yeni nəfəs verən Aşıq Nəcəfin döndərmələri də heç kiminkinə bənzəməzmiş. O, “Yanıq Kərəmi”ni oxuyanda özü də Kərəmə dönüb göz yaşları axıdarmış, “Misri”ni zilə çəkəndə başı dağlardan uca görünər, bir elin qəhrəmanlıq timsalı kimi xəyalları Qıratın yalmanına sarınarmış.

Sənətkar aşıq kimi, öz peşəsinin bütün sirlərinə bələd olan Aşıq Nəcəfin zil və bənzərsiz səsi onun qeyri  əlamətlərini kölgədə qoymuşdur.

Elə onun üçün də, daşkəndli Aşıq Nəcəf deyəndə səsini və nəfəsini sənət dünyamızda ayrıca bir şöhrət tacı qoyub getmiş ustad sənətkar yada düşür.

Təkcə bumu?

Yox, daşkəndli Aşıq Nəcəf deyəndə, ellərimizin, obalarımızın yaddaş xatirəsi tarixin qanlı səhifəsində donub qalır.

Bu səhifənin çox vahiməli bir başlığı var ki, illərdən bəri “Nəcəf faciəsi” adından ürəkləri ağlatmaqdadır.

Hər dastanın, hər hekayətin və hər söhbətin elə məqamları var ki, onu sətirlərdə izhar etməyə qələm də çətinlik çəkir. Bu mənada “Nəcəf faciəsi”nin ilk dəfə qələmə alanın kim olduğunu bilmirəm, təkcə onu bilirəm ki, onun qəlbi necə göynüyüb, əlləri necə titrəyib?

Fəqət bu titrəyiş də illərlə yasaq edilib, xalqın öz faciəsini öz nəsillərinə söyləməsi də pünhan pıçıltılara dönüb.

Deyirlər, dərd söyləndikcə qəlb yüngülləşər. Onu söyləməyəndə isə bir daş olub ürəkdən asılar. İllərlə xalqın olmuş dərdini söyləməsi də pünhan pıçıltılara döndükcə tariximizin köksündə qorxunun əzabında göz yaşlarımızı da gizlətməyə çalışmışıq. Bax, beləcə də dərd üstə dərd gəlib, qalaq-qalaq yığıla-yığıla bizi bu günə çatdırıb.

Son nəfəsinə qədər doğma yurdu Göyçə mahalını tərk etməyən və onun qoynunda görünməz zillətə düçar olan Aşıq Nəcəf elə bir dövrdə yaşayırdı ki, bizim bu günlərimizdə müxənnət qonşuların daxili çirkabı aşkar olduğu kimi, onda da daşıb tökülürdü. Qədim İrəvan çuxurunda torpaqlarımız qarış-qarış alınır, tarixi abidələrimiz dağıdılıb məhv edilir, ata-babalarımızın qəbirləri əkilirdi.

Bu qanlı günləri öz gözləri ilə görən Göyçə mahalının sənətkar oğulları öz dərdini telli saza söyləyir, ürək sızıltılarını dastanların xanələrində gümüldənirdilər.

Ustad Ələsgərin dağları solub-saralır, ceyranı-cüyürü perikir, qartal yuvaları dağılır, çayları al-qana bələnirdi. Nə onun sürüləri mələşir, nə də ilxıları kişnəşirdi.

Hanı o səndəki qurğu busatlar?

Dərdiməndlər görsə tez bağrı çatlar.

Mələşmir sürülər, kişnəşmir atlar,

Niyə pərişandı halların, dağlar?!

Həsənnənə, Həsənbaba qoşadır,

Xaşbulaq yaylağı xoş tamaşadır,

Eldən ayrı aşıq niyə yaşadı?!

Ölsün Ələsgərtək qulların, dağlar!

Ömrünün növraq çağlarına yenicə qədəm qoyan şair Xəstə Bayraməli doğma yurdunun hər qarışını qoruya-qoruya gördüyü dəhşətli oyunların fövqündə gecəni gündüzə qatır, özünün “Mənim Göyçəm” silsiləsini min həsrətlə sinəsindən barıt qoxulu kağızlara köçürürdü.

Söylə, niyə dumanlıdı zirvələrin, mənim Göyçəm?!

Bəlkə yenə oyanıbdı dərdi sərin, mənim Göyçəm?!

Çözələmə sən şairin qəm gileyli yaddaşını,

Zaman-zaman çox atıbdı başımıza yad daşını,

İlk adını qayalardan sıyırmağa çalışıblar,

Səni məndən, məni səndən ayırmağa çalışıblar.

Qarı düşmən isə öz işini görməkdəydi. Belə qanlı günlərin birində Aşıq Nəcəfin dəhşətli faciəsi bəşər tarixinin səhifələrinə qanlı hərflərlə yazıldı.

Əlbəttə, bu hadisə çoxlarına məlumdur və o, pərdəli halda da olsa xalq ədəbiyyatımızın dünənindən danışan bir çox kitablarında yazılmışdı. Amma bu əhvalatın bir təfsilatı barədə heç yerdə səhih məlumata rast gəlinmir.

Aşıq Nəcəf hansı səbəbin və şəraitin nəticəsində əsir düşmüşdür?

Artıq neçə illərdir ki, mən bu barədə müxtəlif adamlarla görüşür, onlardan eşitdiklərim söhbətləri bir-birinin təfavütünə gətirir, bunların tam bərabərliyini axtarıram.

Hələ gəcliyindən bir sənətkar kimi eldə-obada böyük şöhrət qazanmış Aşıq Nəcəfin yığnaqlarına uzaq-uzaq yerlərdən onun səsini eşitməyə insan axını gələrmiş. Xüsusilə Göyçədə Aşıq Nəcəfi tanımayan və ona heyran olmayan adam hər iki millətin arasında az tapılarmış.

Hadisələr başlayandan az sonra gözəl bir erməni qadını öz yırtıcılarının qərargahına gəlib onların başçısına deyir:

– Gözlərimin qabağında düşmənin qanı nə qədər axıdılırsa, yenə ürəyim soyumur, bu mənə azlıq edir.

Başçı ondan soruşur:

– Sənə bunlar azlıq edirsə, de görüm bəs nə görmək istərdin?

– Mən istəyirəm ki, onların hər sahədə xüsusi gözəlliyə, ad-sana malik olan bir oğlu əsir alınsın, mənim gözlərimin qabağında Andronik üsuluynan məhv edilsin.

– Sən beləsini tanıyırsanmı?

– Bəli, tanıyıram.

– Kimdir o?

– Daşkəndli Aşıq Nəcəf. O, sazı ilə bərabər əsir alınıb, bura gətirilməli və istədiyim üsulda həlak olmalıdır.

Qadınla başçının bu söhbətindən sonra Aşıq Nəcəfin əsir alınması üçün xüsusi tədbirlər tökülür. Nəhayət, toy gecəsinin birində əsir alınıb sonralar adı dəyişdirilib Vardenis olan Basarkeçərin mərkəzindəki düşmən qərargahına gətirilir. Bir neçə gün əsirlikdə əzab verəndən sonra müxənnətlər onun kürəyinə qaynar samovar bağlayıb dəhşətli faciələrlə bu qüdrətli sənətkarı yandırıb külə döndərirlər.

Bu qanlı hadisəni beləcə uşağikən əsirlər arasına düşüb öz gözləri ilə görən və tamamilə təsadüfən sağ qalan Nərimanlı qalayçı Nəbi bunları mənə danışanda ömrünün ixtiyar çağlarını yaşayırdı. Bütün bunları dəftərçəmə qeyd etdiyimi görəndə solğun gözlərindən avazımış camalına yaş damlaları düzülmüşdü.

“Oğul” – dedi, – əgər bunları bir yerə yazası olsan, onda söylə ki, Nəbi əmi bu dünyanı yola salıb, üzü çox şeylər görüb. Amma heç bir davada, heç bir faşistin belə qanlı dəhşətlər törətdiyini görməyib…”.

Budur tarixin səhifələrinə qanla yazılmış “Aşıq Nəcəf faciəsi”. Üzdəniraq qonşuların ayağı gora titrəyən qocaları 5–10 yaşında uşaqlarına “Ermənistanın yaraları” kitabının uydurma sətirlərini güclə oxuyub onların qəlbində kin oyatmağa çalışırkən, bizlər illərlə Aşıq Nəcəfin faciəsini olduğu kimi nəsillərimizə çatdırmağa da qorxub çəkinmişik.

Sonralar Xəstə Bayraməli “Mənim Göyçəm” silsiləsində yazırdı:

Fəqət sakit dayanmayıb tarixlərin məhək daşı,

Bir çoxları istəyib ki, inkar etsin bu yaddaşı.

Elimizin ünvanına şər atıbdı müxənnətlər,

Tariximin sinəsinə dağ çəkibdi xəyanətlər.

Namərd qaynar samovarı kürəyinə bağlayanda,

Yanan aşıq öz dərdini telli sazla ağlayanda.

Bu naləni eşidəndə sən ağladın, mənim Göyçəm!

İgidləri obalardan soraqladın, mənim Göyçəm!

Sən ağladın quzeyində, mən ağladım bələyimdə,

Amma gözümdə qalmadı bu körpəlik diləyim də,

İllər keçdi mən böyüdüm sənin doğma qucağında

Yadlar məni yad bilsə də öz babamın ocağında.

Həqiqətin məhvərini yer üzündən silə bilməz,

Saf almazın qiymətini naşı sərraf bilə bilməz.

Sən mənimsən, mən səninəm, ayrılmazıq, mənim Göyçəm!

Qoy pərişan eyləməsin hər qəmli şikəstə səni,

Belə dumanlı görməsin Bayraməli Xəstə səni.

Qoy çəkilsin qara bulud dağlarının zirvəsindən,

Təki səsin ayrılmasın heç bir zaman el səsindən.

O zamanlar Göyçənin səsi ayrılmadı el səsindən. Gədəbəyin, Kəlbəcərin yaylaqlarında sığınacaq tapan ər oğullar yenidən qüvvə toplayıb Azərbaycanımızın bir parça dilbər guşəsini geri aldılar.

Fəqət, Göyçənin o dövrkü tarixi bəşərin tarix kitabına belə yazıldı: – “Göyçə qaçan il”, “Göyçə yerinə qayıdan il”.

Nə qədər ki, dünya var, müxənnət öz müxənnətliyində qalacaq. Zaman-zaman onun daxili çirki yenə üzə çıxacaq.

Necə ki, onun bir səhifəsi də biz nəsillərin payına düşdü.

Bizim Nəcəfli dünyamız isə ölməzlik dünyasıdır. Təki biz nəsillər sənətimizin dünənini unutmayaq, qayğımızın imkanını ondan əsirgəməyək.

Aşıq Nəcəfin bülbül nəvası müxənnət əliynən susduruldu, yaraşıqlı cismi zülmün əzabıynan yanıb külə döndü. Ancaq onun sədası, bir ölməz sənət sorağı kimi dünyanın əbədilik əks-sədasına döndü.

Bəli, deyirlər ki, gecənin bir aləmində Göyçənin göylərə baş çəkən zirvələrindən saz səsi eşidilir. Bir də söylüyürlər ki, hansı zirvənin qoynundasa telli sazın səsinə şaqraq zənguləsi səs də qarışır. Düşməni vahiməyə salan bir səs.

Bu səs Aşıq Nəcəfin səsidir…

 

Maşallah Xudubəyli. “Mənim sazlı-sözlü dünyam”. 3 kitabda. I kitab. – Bakı: Ulu, 1999. – S. 143–151.

                                        Maşallah XUDUBƏYLİ

araz.az xəbər portalı.