
ASLANLI MUSEUM – Mədəniyyət və Yaradıcılıq Mərkəzində yeni departament yaradılıb. Xəyal Abdullayev Media, Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Arazpress.com-a verilən məlumata görə, mərkəzdə idarəetmə strukturunun təkmilləşdirilməsi, media ilə əməkdaşlığın genişləndirilməsi və ictimaiyyətlə əlaqələrin daha sistemli təşkili məqsədilə Media, Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamenti təsis edilib.
Mərkəzin təsisçisi və direktoru Gülçin Aslanlının müvafiq qərarı ilə 14 illik media təcrübəsinə malik jurnalist və redaktor Xəyal Abdullayev yeni yaradılmış departamentin rəhbəri təyin olunub.
Xəyal Abdullayev peşəkar fəaliyyəti ərzində Day.Az, Ordu.az, Azmedia.az, Qaynarinfo.az və Milli.Az kimi tanınmış informasiya portallarında müxtəlif rəhbər və redaktor vəzifələrində çalışıb. O, həmçinin Xəzər FM radiosunda aparıcı kimi fəaliyyət göstərib. Media layihələrinin idarə olunması, redaksiya fəaliyyətinin təşkili və kommunikasiya sahəsində geniş təcrübəyə malikdir.
Yeni departamentin əsas fəaliyyət istiqamətlərinə mərkəzin kommunikasiya strategiyasının formalaşdırılması, media və tərəfdaş qurumlarla əlaqələrin inkişaf etdirilməsi, mədəni-ictimai layihələrin informasiya təminatının təşkili, eləcə də ASLANLI MUSEUM-un yerli və beynəlxalq səviyyədə tanıdılması daxildir.
Qeyd edək ki, yeni departamentin yaradılması ASLANLI MUSEUM-un institusional inkişafı, fəaliyyət istiqamətlərinin genişləndirilməsi və ictimaiyyətlə əlaqələrinin daha da gücləndirilməsi baxımından mühüm addım hesab olunur.
araz.az xəbər portalı.