
Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində Muxtar Republikanın geosiyasi əhəmiyyətinə toxundu. 44 günlük Vətən müharibəsində Zəfərdən və ötən il avqustun 8-də Vaşinqtonda Azıərbaycan və Ermənistan arasında sülh prosesinə dair imzalanmış sazişlərdən sonra Naxçıvan strateji coğrafiya kimi ön plana çıxmaqdadır. Reallığa çevrilən Zəngəzur dəhlizinin Naxçıvanla birləşdirilməsi Muxtar Respublikanın geosiyasi mövqeyini müəyyən edir.
Tarixən Naxçıvan böyük bir coğrafiyanın siyasi maraq nöqtəsi, qədim sivilizasiya mərkəzi olub, qədim İpək Yolu, karvanlar Şərqdən Qərbə bu ərazilərdən keçib. Naxçıvan tarixən Uzaq Asiya ilə Avropanı birləşdirib.
Təəssüf ki, ötən əsrin 20-ci illərində Rusiya bu qədim sivilizasiya körpüsünü dağıtdı, Azərbaycanı işğal edərək Zəngəzuru Ermənistana bağışlamaqla bu zənciri qırdı, Azərbaycanın və Naxçıvanın siyasi-coğrafi vahidliyini pozdu.

Təxminən 100 il sonra tarixi ənənə isə bərpa olunur, bölgədə yeni reallıqlar formalaşdıran Azərbaycan siyasi düzəni əvvəlki formata qaytarır – Zəngəzur-Naxçıvan-Türkiyə-Avropa koridoru açılır.
Naxçıvan Avropa və Asiya regionları arasında birləşdirici nəqliyyat yolu kimi xüsusi diqqət mərkəzindədir və Avropa İttifaqı dəmir yolunun reabilitasiyası üçün təşəbbüs göstərməkdədir.
Eləcə də, Avropa İttifaqı Naxçıvanı etibarlı və sərfəli nəhəng enerji körpüsü hesab edir.
Hazırda həm İrana, həm Türkiyəyə Naxçıvandan elektrik xətləri şəbəkəsi mövcuddur. Cənab Prezidentin tapşırığına əsasən, həmin xətt genişləndirilərək Türkiyə ilə Avropanı birləşdirməlidir. Bu isə Zəngəzur-Naxçıvan-Türkiyə Avropa enerji dəhlizinin yaradılmasını da mümkünləşdirəcək.
Bir sözlə, Muxtar Respublika Şərq-Qərb və Şimal-Cənub nəqliyyat koridorlarının qovşağında yerləşən strateji siyasi və iqtisadi mərkəzinə çevrilməkdədir.
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor
araz.az xəbər portalı.