
Vahid TAĞIYEV,
peşəkar təhsil işçisi
Oğlumun adını Xətai qoymağım təsadüfi deyil. 45 il öncədən bəri tariximizin bu dövrünü müxtəlif mənbələrdən öyrənərkən Şah İsmayıl Xətainin şəxsiyyəti, həyatı, igidliyi və yaradıcılığı ilə qürur duymuşam. Həmin böyük sevginin ifadəsi olaraq övladıma da onun adını vermişəm.
Son vaxtlar Şah İsmayıl Xətai haqqında səsləndirilən fikirlər fonunda bir daha bu sual ətrafında düşünürsən: Azərbaycan tarixində əvəzsiz yeri olan, xalqın yaddaşında qürur və sevgi ilə anılan şəxsiyyətlərin nüfuzu bəzilərini niyə narahat edir?
Zaman-zaman Azərbaycan tarixinin və mədəniyyətinin böyük şəxsiyyətlərinə, o cümlədən poeziyamızın simalarından olan, şeirləri ana laylası qədər doğma Səməd Vurğuna və başqalarına da dil uzadanları görmüşük.
Canında, qanında Azərbaycan ruhu olan insanlar bu müqəddəs hisslərlə oynamamalıdır.
İxtisasca tarixçiyəm. Tələbə yoldaşlarım, hazırda yaşayan ali məktəb müəllimlərim və bir zamanlar dərs dediyim tələbələrim məni kifayət qədər tanıyır və bu məsələyə münasibətimi də yəqin ki, xatırlayırlar.
Tarixi şəxsiyyətlərə və əsrlər öncə baş vermiş hadisələrə qiymət verilərkən ən mühüm prinsiplərdən biri həmin dövrün tarixi, ictimai-siyasi və mənəvi kontekstini nəzərə almaqdır. Beş yüz il əvvəlki hadisələrə bu günün prizmasından və ya hansısa şəxsi ambisiya mövqeyindən yanaşmaq tarixi obyektivlikdən uzaqdır. Tarixi şəxsiyyətlərə, xüsusilə də xalqın milli yaddaşında özünəməxsus yeri olan şəxsiyyətlərə təhqiredici münasibət isə ümumiyyətlə yolverilməzdir.
Şah İsmayıl Xətai və onun yaşadığı dövr haqqında kifayət qədər, hərtərəfli məlumat vermək mümkündür. Son günlər tarixçi alimlərimiz, vətənpərvər ziyalılarımız, jurnalistlərimiz və ictimaiyyət nümayəndələri bu barədə çoxsaylı faktlar, mənbələr və arqumentlər təqdim ediblər. Onları minnətdarlıq hissi ilə izləmişəm. Ona görə də mən həmin tarixi faktları və xronologiyanı təkrar etmək istəmirəm.
Şah İsmayıl Xətai böyük dövlət xadimi, bacarıqlı sərkərdə və istedadlı şair kimi həm Şərq, həm də Qərb müəlliflərinin diqqət mərkəzində olub. Onun gənc yaşda qazandığı uğurlar, yaratdığı dövlət və ədəbi irsi əsrlər boyu müxtəlif tədqiqatçıların diqqətini cəlb edib.
Mənim diqqət yetirmək istədiyim başqa bir məqam var: müxtəlif dövrlərdə yaşamış tanınmış tarixi şəxsiyyətlər, ziyalılar və mütəfəkkirlər Şah İsmayıl Xətaini necə qiymətləndiriblər?
Şah İsmayıl Xətai yalnız Azərbaycan və Şərq müəlliflərinin deyil, yaşadığı dövrdə Avropanın da diqqət mərkəzində olub. Avropa mənbələrində Səfəvi hökmdarı “The Grand Sophy” – “Böyük Sofi” adı ilə tanınırdı. Onun yüksəlişi XVI əsrdə Avropada maraqla qarşılanırdı. Həmin dövrdə Florensiyalı rəssam Kristofano dell’Altissimo Şah İsmayılın məşhur portretlərindən birini çəkmişdir.
Venesiyalı səyyah Caterino Zeno onun gənc yaşlarından diqqətçəkən şəxsiyyəti və cəsarəti haqqında, digər venesiyalı səyyah Giovanni Maria Angiolello isə Şah İsmayılın şəxsiyyəti və öz tərəfdarları üzərində yaratdığı güclü təsir barədə qeydlər aparmışlar.
Həmin dövrün Avropa mənbələrindən biri olan “La Vita del Sofi” isə Şah İsmayılın fəaliyyəti və Səfəvi dövlətinin yaranması haqqında ətraflı məlumatlar vermişdir.

Karl Marks Şah İsmayıl haqqında belə yazırdı:
“Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, hakimiyyətdə olduğu 14 il ərzində 14 əyaləti fəth etmişdi”.
M. Ə. Rəsulzadə 1915-ci ildə “Açıq söz” qəzetində yazırdı:
“Şah İsmayıl Xətai təkcə bir imperatorluq quran sərkərdə deyil, eyni zamanda türk dilini saraya, orduya və ədəbiyyata gətirən böyük bir şəxsiyyətdir…”.
Ömər Faiq Nemanzadə isə 1906-cı ildə “İrşad” qəzetində Şah İsmayılın ana dilinə münasibətini xüsusi vurğulayaraq yazırdı:
“Biz bu gün öz dilimizdə bir-iki kəlmə yazmağa utandığımız halda, dörd yüz il bundan əvvəl Şah İsmayıl kimi böyük bir padşah … fərmanlarını, ordusuna verdiyi əmrlərini “türk dili” ilə yazırdı.”
Ceyhun bəy Hacıbəyli “İttihad” qəzetində 1918-ci ildə qeyd etmişdir:
“Şah İsmayıl Səfəvi İmperiyasını qurarkən Avropa hökmdarları ilə diplomatik məktublaşmalar aparmış, eyni zamanda öz dövlətinin daxili işlərində, ordusunda ana dilini hakim etmişdir. Şah İsmayılın zamanı Azərbaycan xalqının siyasi və mədəni yüksəlişinin qızıl dövrüdür”.
Salman Mümtaz da “İqbal” qəzetində Xətainin dilimiz qarşısındakı xidmətini yüksək qiymətləndirərək onu “ana dilimizin bayraqdarı” adlandırırdı.
Abdulla Şaiqin “Gülzar” dərsliyində də Xətainin həm qılıncı, həm də qələmi ilə millətinə xidmət etmiş tarixi şəxsiyyət kimi təqdim olunması diqqət çəkir.
Əli bəy Hüseynzadə isə “Füyuzat”da qeyd edirfi ki, Şah İsmayıl Xətai təkcə Səfəvi dövlətinin banisi deyil, Şərqdə milli dili dövlət səviyyəsinə qaldıran ilk böyük türk hökmdarıdır.
Belə qiymətləndirmələrin sayın kifayət qədər artırmaq olar. Ancaq bunları müxtəlif dövrlərdə yaşamış ziyalılarımızın ümumi mövqeyindən ayrı təsəvvür etmək olmaz. Onlar Şah İsmayılı yalnız hərbi yürüşləri ilə deyil, dövlətçilik fəaliyyəti, ədəbi irsi və ana dilinə münasibəti ilə də dəyərləndirirdilər.
Şah İsmayıl Xətainin Azərbaycan tarixindəki yeri təkcə keçmişin yaddaşında deyil, müasir dövlətçilik düşüncəmizdə də əsaslı şəkildə öz əksini tapıb. Ulu Öndər Heydər Əliyev onu böyük dövlət xadimi, böyük sərkərdə və böyük şair kimi qiymətləndirir, qeyd edirdi ki, o, Azərbaycan torpaqlarını birləşdirib qüdrətli Səfəvilər dövlətini yaratmış, ana dilimizi dövlət dili səviyyəsinə qaldırmışdır.
Bakının mərkəzində ucaldılan Şah İsmayıl Xətai abidəsi də bu tarixi yaddaşın və dövlətçilik münasibətinin simvolik ifadələrindən biridir. Bunlar dövlətimizin Şah İsmayıla münasibətidir.
2020-ci ildə Şah İsmayıl Xətainin heykəli yeni salınmış parka köçürüldü. Prezident İlham Əliyev həmin parkı ziyarət edərək Xətai heykəlinin önünə gül dəstəsi qoydu.
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətaiyə həsr edilmiş “Əbədiyyət xəzinəsi” adlı sərgi keçirildi.
Əlbəttə, tarixi dövrlər və tarixi şəxsiyyətlər həmişə müzakirə oluna bilər. Zaman keçdikcə yeni mənbələr üzə çıxa, fərqli yanaşmalar meydana gələ bilər. Tarixi şəxsiyyətlərin fəaliyyətində mübahisəli və tənqid edilə bilən məqamların olması da mümkündür.
Ancaq obyektiv və ədalətli qiymətləndirmənin əsas şərti hadisəyə həmin dövrün gözü ilə baxmaqdır.
Bugünkü ölçülərlə beş yüz il əvvəlki siyasi, ictimai və mənəvi reallıqları mühakimə etmək tarixə deyil, özümüzə münasibətin ifadəsinə çevrilə bilər.
Bu qarışıq dünyada müxtəlif məkrli niyyətlərin, ölkəmizə və milli dəyərlərimizə qarşı müxtəlif yanaşmaların mövcud olduğu bir zamanda tariximizin böyük şəxsiyyətləri ilə bağlı əsassız ittihamların hansı məqsədə xidmət etdiyini düşünmək hər birimizin haqqıdır.
Bu gün Azərbaycan öz tarixinin ən şərəfli, qüdrətli və nüfuzlu dövrlərindən birini yaşayır. Otuz ildən artıq işğal altında qalan torpaqlarımız azad edilib, milli qürur və vətənpərvərlik hissləri cəmiyyətimizdə yeni yüksəliş mərhələsinə qədəm qoyub.
Belə bir zamanda tariximizin böyük şəxsiyyətləri niyə aşağılanmağa, gözdən salınmağa çalışılmalıdır?
Əlbəttə, müzakirə, araşdırma, axtarış və elmi tənqid hər zaman lazımdır. Amma baxır, hansı məqsədlə və hansı yanaşma ilə…
Tarixi hadisələr, xüsusilə milli təfəkkürümüzün və dövlətçilik ənənələrimizin formalaşmasında mühüm rol oynamış şəxsiyyətlər əsrlərin süzgəcindən keçərək bu günümüzə və gələcəyimizə işıq tutan milli sərvətlərimizdir.
Bu dəyərlərə hörmətlə yanaşmaq, onlarla qürur duymaq və gənc nəsli bu ruhda yetişdirmək hər bir vətəndaşın, xüsusilə də özünü ziyalı hesab edən hər kəsin mənəvi borcudur.
Tarixi şəxsiyyətləri müzakirə etmək olar. Amma tarixə hörmət etmədən tarix haqqında hökm vermək olmaz.
araz.az xəbər portalı.