
Son 150 il ərzində azərbaycanlıların xarici universitetlərdə oxuması ilə bağlı 3 böyük və sistemli dalğa yaşanıb. Biz bu 3 prosesin hər birinin müqayisəli təhlilini aparmalı, nəticələr çıxarmalı, oxşar və fərqli istiqamətlər üzrə analizlər aparmalıyıq.
BİRİNCİ DALĞA — İdeoloji və qurucu nəsil
XIX əsrin sonu — XX əsrin əvvələrində xarici universitetlərdə təhsil almış gənc azərbaycanlılar “dövlət necə qurulmalıdır?”, “millət nədir?” suallarına cavab tapdılar. Əsasən Moskva, Kiyev, Xarkov, Paris, Sankt-Peterburq universitetlərində təhsil alan azərbaycanlılar fəlsəfə, tibb, siyasi elmlər, ədəbiyyat, şərşünaslıq sahələrini öyrənirdilər. Nəhayət bu ideoloji nəsil Şərqin ilk demokratik respublikasını qurdu.
İKİNCİ DALĞA – İtirilmiş nəsil
Ötən əsrin 90-cı illərinin əvvələrində SSRİ-nin dağılmasından sonra Qarabağın işğal olunması və ölkədəki xaos xaricdə təhsil alan azərbaycanlılarla bağlı bloklayıcı rol oynadı. Həmin dövrdə dövlət insitutları zəif olduğuna görə Türkiyə və Avropa universitetlərinə üz tutan gənc azərbaycanlıların geri qayıtması üçün heç bir sosial-iqtisadi infrastruktur və imkanlar yox idi. Qayıdanların da potensialından düzgün istifadə olunmadı, böyük qismi isə xaricdə qaldı. Dövlət quruculuğunda kütləvi təsir yarada bilmədilər.
ÜÇÜNCÜ DALĞA — Texniki nəsil
Bu, sabit dövlət aparatının movcud olduğu mərhələdir. Əsasən 2020-ci ildən sonra kütləviləşən bu proses özündən əvvəlkilərdən tamamilə fərqlənir. Bu gün xaricə gedən gənclər siyasi elmlər, fəlsəfə və ya dövlət idarəçiliyi sahələrinin dalınca getmirlər. Bu günün trendləri başqadır, onlar süni intellekt, data analitikası, biotexnologiyalar, kibertəhlükəsizlik, mühəndislik və innovativ biznes menecmenti sahələrini öyrənirlər.
İndi buradan belə bir nəticə gəlmək olarmı ki, birinci nəsil milli məfkurənin müəllifləri kimi dövlətin siyasi və ideoloji bünövrəsini qoymuşdularsa, üçüncü nəsil dövlətin iqtisadi, texnoloji və rəqəmsal gücünü artıra bilər?
Bu mərləhədə ciddi problemləri müşahidə edirik. Sanki xaricə oxumağa gedənlər ideoloji cəhətdən tərksilah olunublar, robot təsiri bağılayırlar, ölkənin ideoloji hədəfləri haqqında düşünmək belə istəmirlər. Bu, onlara yad sahə kimi görünür.
Hesab edirəm ki, bu gün Azərbaycanın iqtisadi, iqtisadi və rəqəmsal gücü məhz dövlətin strukturlaşmış, monolit iradəsi əsasında formalaşır. Bu gün xaricdə oxuyanların bir qismi isə inzibatçı rol oynayırlar, ya da plagiat layihələrlə çıxış edirlər, ingilisdilli obraza girərək cəlbediciliklərini artırırlar. Amma faydalılıq əmsalının real statistikası başqa nəticələri ortaya qoyur.
Təbii ki, içərilərində tibb, texnologiya sahəsində daha istedadlı və intellektual gənclərimiz var və Azərbaycana qayıdıb orqanik fayda verə bilərlər. Təəssüf ki, onların da bir hissəsi oxuyandan sonra xaricdə işləyib yaşamağa üstünlük verirlər.
Bu gün xaricdə təhsil almaq həm də dəbə minib. Kosmetik tələblər, “qonşudan geri qalmayım” prinsipi, xarici universitetlərdə sertifikatlı kurslar, “yeni komanda xaricdə oxuyanlara üstünlük verir” iddiaları təşviqedici əsas faktorlardan birinə çevrilib.
Yəni, xaricdə təhsil və “beyin axını” ən strateji amillərdən biridir. Bunun strateji əhəmiyyətinin müsbət və mənfi sifətləri ilə dəfələrlə üz-üzə qalmışıq. Bu gün də nəticələr çıxarmalıyıq.

Samir FEYRUZOV
araz.az xəbər portalı.