
Macarıstanın paytaxtı Budapeştdə avqustun 20-dən 23-dək 40-cı Beynəlxalq Xalq Sənətkarları Festivalı keçirilib.
Muzeyin mətbuat xidmətindən Arazpress.com-a daxil olan məlumata görə, Azərbaycan Milli Xalça Muzeyi artıq ikinci ildir ki, nüfuzlu beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edir.
Muzeyin stendində UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq və kəlağayı sənəti nümunələri, eləcə də bu sənət sahələrinə dair kitablar təqdim olunub.
Festival müddətində ziyarətçilər xalçatoxuma və kəlağayı sənəti üzrə ustad dərslərində iştirak edərək, bu sənət nümunələrinin hazırlanma texnologiyaları ilə yaxından tanış olublar. Onlara həmçinin naxış və rənglərinin semantik mənaları haqqında ətraflı məlumat verilib.
Azərbaycan Milli Xalça Muzeyi festivala Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Macarıstandakı Azərbaycan Evinin dəstəyi ilə qatılıb.
Buda qalasında Macarıstan Xalq Sənətkarları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi xalq sənətinin müxtəlif istiqamətlərinin beynəlxalq səviyyədə tanıdılması, təbliği və sənətkarlar arasında mədəni əlaqələrin inkişaf etdirilməsidir.











araz.az xəbər portalı.