
26 avqust Azərbaycan ictimaiyyəti üçün həm də müasir dövlətimizin ictimai-siyasi və humanitar həyatında, milli-mədəni irsimizin qorunmasında mühüm xidmətləri ilə daha çox seçilən bir şəxsiyyətin — ölkəmizin Birinci xanımı, dövlətimizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günü kimi əlamətdardır.
Doğrudan da, göstərilən sahələrdə onun çoxşaxəli fəaliyyəti artıq bir nümunə kimi tariximizə düşüb. Ələlxüsus, Azərbaycanımızın Qarabağda, Şərqi Zəngəzurda və bütün regionlarda həyata keçirdiyi Böyük Qayıdış və Quruculuq siyasətində onun xidmətləri danılmazdır.
Məhz buna görədir ki, mədəni irsimizin bərpası, insanlarımızın rifahının və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi istiqamətində həyata keçirilən layihələr daha böyük nailiyyətlərlə davam edir və yeni-yeni uğurlu nəticələrlə zənginləşir. Bu yerdə xüsusi olaraq onu qeyd etmək istəyirəm ki, Mehriban Əliyevanın həyat və fəaliyyət yolu Azərbaycanın müasir inkişaf mərhələsinin mühüm istiqamətləri ilə paralel şəkildə formalaşıb.
Bakı şəhərində ziyalı ailəsində dünyaya gələn bu böyük və gözəl insan ali tibb təhsili alıb, Moskvadakı İ. M. Seçenov adına Birinci Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib, klinik ordinatura keçib və uzun illər oftalmologiya sahəsində elmi-praktik fəaliyyət göstərib. Sonrakı mərhələdə onun fəaliyyəti Azərbaycan mədəniyyətinin, milli irsin, sosial-humanitar siyasətin və dövlətçilik institutlarının inkişafına istiqamətlənib.


Mehriban Əliyevanın ictimai fəaliyyətinin mühüm mərhələlərindən biri 1990-cı illərin ortalarından Azərbaycan mədəniyyətinin təbliği və milli irsin qorunması istiqamətində gördüyü işlərlə bağlıdır. 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun yaradılmasına təşəbbüs göstərməsi, 1996-cı ildən üç dildə — Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycan-İrs” jurnalını təsis etməsi bu fəaliyyətin institusional əsaslarını formalaşdıran mühüm addımlar sırasında yer alır.
2004-cü ildə Heydər Əliyev Fondunun yaradılması isə bu fəaliyyətin daha geniş miqyasda və sistemli şəkildə davam etdirilməsinə hərtərəfli imkanlar yaradıb. Fondun təhsil, səhiyyə, mədəniyyət, elm, idman, ekologiya, sosial müdafiə və digər sahələrdə həyata keçirdiyi layihələr Azərbaycan cəmiyyətinin sosial və humanitar inkişafına mühüm töhfələr verib.
Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti olaraq, qısa müddətdə bu Federasiyanı Avropanın ən nüfuzlu idman təşkilatlarından birinə çevirib. Federasiyanın fəaliyyəti nəticəsində Azərbaycan bədii gimnastika üzrə beynəlxalq turnirlərə ev sahibliyi etməyə başlayıb.
2015-ci ildə Birinic Avropa Oyunlarının keçirilməsi üzrə Milli Komitənin sədri olaraq, Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə, Avropa Olimpiya Komitəsinin qərarı ilə, həmin təşkilatın ən yüksək mükafatı olan Ali Ordenlə təltif edilib.
Folklor və musiqi ənənələrinə verdiyi dəstəyə görə UNESKO-nun Xoşməramlı Səfiri təyin edilib.
Müxtəlif sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, təhsilə verdiyi dəstəyə, İslam dünyasında həyata keçirilən layihələrə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə, Mehriban Əliyeva 2006-cı ilin noyabrında ICESCO-nun xoşməramlı səfiri fəxri adına layiq görülüb.


2009-cu ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyi açılıb. Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq festivalının yaradılmasının təşəbbüskarı və prezidenti olub.
Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının, eləcə də Siyasi Şurasının üzvü, 2021-ci ildən isə Partiya sədrinin birinci müavinidir. 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti vəzifəsinə təyin edilib.
Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, müxtəlif ölkələrdə, o cümlədən Pakistanda ehtiyacı olan icmaların rifahı üçün saymaqla bitmək bilməyən işlər görüb. Bir sözlə, ona həvalə olunan vəzifələrin öhdəsindən məharətlə gəlib.
Dünya müstəvisində adı böyük hərflərlə yazılan Mehriban xanım həm də gözəl ailə başçısıdır. Azərbycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşıdır.
Bu gün Mehriban xanım Əliyevanın doğum günüdür. Bu əlamətdar gündə Mehriban xanım Əliyevanı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Azərbaycan dövlətinin inkişafına, xalqımızın rifahına, milli-mədəni irsimizin qorunmasına xidmət edən məsuliyyətli fəaliyyətində yeni uğurlar arzulayıram.
“Milli Dəyərlərin Qorunması” Vətəndaş Cəmiyyətinin bütün üzvləri adından da sevimli Xanımımızı təbrik edib, ən səmimi və xoş arzularımızı çatdırır, fəaliyyətində daha bol enerji, uğurlar diləyirik.

Dilarə Ağamusa NAĞIYEVA,
ən böyük neft milyonçusu Ağamusa Nağıyevin nəvəsi, “Milli Dəyərələrin Qorunması” İB-nin sədri
araz.az xəbər portalı.