
Jurnalist Goranboy rayonunun Qazanbulaq şəhərtipli qəsəbəsində olub. Ərazidəki mövcud vəziyyəti yerindəcə araşdıran əməkdaşımız sakinlərlə həmsöhbət olaraq onların qarşılaşdığı çətinlikləri və sosial-iqtisadi qayğıları işıqlandırıb.
Tarixi zənginlikdən müasir durğunluğa
Qazanbulaq qəsəbəsinin əsası 1946-cı ildə qoyulub. Yaxınlıqdakı neft yataqlarının istismarı ilə əlaqədar ilk dövrlərdə burada əsasən neftçi ailələri məskunlaşıb, sonradan ərazi genişlənərək beynəlmiləl bir yaşayış məntəqəsinə çevrilib.
Sovet dönəmində qəsəbə sənaye və sosial infrastrukturu ilə seçilib. Burada neftçıxarma müəssisəsi, nəhəng çörək zavodu, böyük hamam kompleksi, 2500 kontingenti olan teatr avadanlığı zavodu, geoloji kəşfiyyat idarəsi və iki xəstəxana fəaliyyət gösterib. Həmin obyektlər əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayıb. Lakin hazırda keçmiş infrastrukturdan əsər-əlamət qalmayıb: obyektlər tamamilə uçub-dağılıb, neft quyularının fəaliyyəti isə dayandırılaraq ağzı bağlanıb.
Məşğulluq və torpaq qıtlığı: Sakinlər çörək pulunu kənarda axtarır
Qazanbulaq şəhərtipli qəsəbə statusu daşıdığından sakinlərin pay torpaqları yoxdur. Əhalinin istifadəsinə verilən 6 sotluq həyətyanı sahə isə kənd təsərrüfatı ilə məşğul olmaq üçün yetərsizdir.
Qəsəbədə yeni iş yerlərinin olmaması və əkin-biçin imkanlarının məhdudluğu səbəbindən sakinlərin böyük hissəsi ailəsini dolandırmaq üçün respublikanın digər şəhərlərinə və ya xarici ölkələrə üz tutmağa məcbur olur.
Kommunal qayğılar: Su qıtlığı və odunla qızdırılan uşaq bağçası
Qəsəbə sakinləri uzun müddətdir ki, həm içməli, həm də təsərrüfat suyunun kəskin çatışmazlığından əziyyət çəkirlər.
Bundan əlavə, yaşayış məntəqəsi ümumilikdə qazlaşdırılsa da, qəsəbə uşaq bağçasının müasir qazanxana sistemi yoxdur. Bu səbəbdən bağça qış aylarında hələ də odunla qızdırılır.
Sahibkarlığın qarşısındakı hüquqi və süni maneələr
Qəsəbədə qarşıya çıxan ən ciddi problemlərdən biri də kommunal xətlərin çəkilməsində yaranan maneələrdir. Ididdialara görə, yerli icra hakimiyyətinin müvafiq qurumları müəyyən səbəblərdən qəsəbə ərazisini örüş sahəsi kimi qeydə alıblar. Bu status bəhanə gətirilərək evlərə və potensial obyektlərə kommunal xətlərin çəkilməsi üçün adekvat addımlar atılmır.
Mövcud hüquqi qeyri-müəyyənlik yerli və kənar sahibkarların əraziyə sərmayə qoymaq təşəbbüslərini məhdudlaşdırır. Sakinlər bildirirlər ki, qəsəbədə yeni iş yerlərinin açılması imkanları olsa da, yerli bürokratik maneələr və qeyri-rəsmi tələblər özəl təşəbbüslərin gerçəkləşməsinə imkan vermir.
Qazanbulağın müalicəvi havası və bərpa mərkəzi gözləntisi
Qazanbulaq təbii iqlim şəraitinə görə də unikaldır. Qəsəbənin havası bronxial astma və vərəm xəstəliklərindən əziyyət çəkənlər üçün şəfaverici xüsusiyyətə malikdir.
Sakinlər hesab edirlər ki, Səhiyyə Nazirliyi və rayon rəhbərliyinin dəstəyi ilə burada müasir Müalicəvi-Bərpa Mərkəzi yaradılarsa, bu addım həm minlərlə insana şəfa verər, həm də qəsəbə sakinləri üçün yeni iş yerlərinin açılmasına təkan verər.
Bununla yanaşı, ərazinin keçmiş sənaye ənənələri və rentabelliliyi nəzərə alınaraq yeni istehsal müəssisələrinin qurulması qəsəbənin yenidən dirçəlməsi üçün vacib şərtdir.
Gundemxeber.org redaksiyasının əməkdaşı Qazanbulaqdakı müşahidələrini və mövzu ilə bağlı araşdırmalarını davam etdirəcək. /Gundemxeber.org/










araz.az xəbər portalı.