
Ölkəmizin Tacikistandakı səfiri torpaq sahibinə qarşı: Diplomatın adına bağlı saxtakarlığa xaricdən REAKSİYA
Elxan Qəhrəman vəzifə statusu hesabına özgə torpağını zəbt etməkdə israrlıdır
“Azərbaycan öz müstəqilliyinə qovuşandan halal torpaqlarımız mənfur düşmən tərəfindən Qarabağda, ayrı-ayrı vətəndaşların torpaq sahələri özümüzünkülər tərəfindən göz qabağında işğala məruz qaldı. Allaha min şükür ki, cəsur, mərd və qeyrətli Vətən övladlarının canları-qanları bahasına olsa da, torpaqlarımız düşmən işğalından azad olundu. Müharibə başlayandan öz doğma-yaxınlarımla bərabər mən də cəbhə bölgələrində düşmənə qarşı vuruşduq. Ali Baş Komandanın rəhbərliyi altında əldə olunan möhtəşəm qələbədə bizim də öz payımız oldu.
Qarabağda qanlı-qadalı savaşlar bitsə də, çox təəssüf ki, o vaxtdan ən böyük və çözülməz problemimizə çevrilən və getdikcə şiddətlənən torpaq qalmaqalları davam edir. Vətəndaşlara aid icarə və pay torpaqları onların əllərindən alınaraq, qanunsuz zəbt edilir. Halal torpaqları uğrunda mübarizə aparanların isə başlarına oyun açılır. Onlar illərlə yığdıqları halal pullarını itirir, yaranan uzun-uzadı kütləvi məhkəmə çəkişmələri çox vaxt onların başlarına bəla açır.
Haqsızlığa məruz qalanlardan biri də özüməm. Savaşlar dönəmi Qarabağdakı halal torpaqlarımız uğrunda savaş meydanında düşmənlə vuruşduğum kimi, 2011-ci ildən indiyədək Səbail Bələdiyyəsinin 03.06.2004-cü il tarixli, 98 saylı sərəncamı və alqı-satqı sənədləri ilə mülkiyyətimə verilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m-lik torpaq sahəm uğrunda vuruşuram” — təəssüf doğuran bu sözləri mülkiyyət hüququ ölkəmizin Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəmanın şəxsi marağı ucbatından pozulan Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Bəşir oğlu Ağayev Arazpress.com-un əməkdaşı olaraq mənə deyir. Başına gətirilənləri danışır…
…Belə xoşagəlməz işlə məşğul olmağa, kiminsə torpağını əlindən alma qalmaqalına qoşulmağa belə bir məsuliyyətli vəzifə sahibinin vaxt tapması ağlabatan olmadığı üçün, hadisənin baş verdiyi üzü dənizə baxan, panoraması gözəl əraziyə baş çəkirəm. Mənimlə söhbət edən digər torpaq sahibləri səs-küylü torpaq qalmaqalları barədə maraqlı faktlar açıqlayırlar. Deyirlər ki, tamahkar səlahiyyət sahibləri buradakı torpaq sahələrinə tamah salaraq, qanunsuz zəbt etmək istəyirlər. Elxan Qəhrəman da bu gözəl görünüşlü ərazidə mülk sahibi olmasıyla bağlı çoxdankı istəyinə çatmaq üçün 2009-cu ildən planlar qurub.
Onların dediklərinə görə, səfir hələ o vaxtdan — Səudiyyə Ərəbistanında Ticarət attaşesi işləyəndən torpaq və mülk alqı-satqısı işləriylə məşquldur — əmlaklar alır, ticarət işləri üçün böyük pullar buraxır. Ətrafına topladığı saxta maklerlərlə və vasitəçilərlə bərabər əvvəlcədən düşündükləri qanunsuz zəbt etmə planlarını işə salmaqdan, daha dəqiq desək, öz adlarına rəsmiləşdirilən sənədlərlə bir-neçə vətəndaşa verilmiş torpaq sahəsini zəbt etmək xəyalına düşərək, rəsmən onlara verilən torpaq sahələrini mövcud qanunlarımızın tələblərinə məhəl qoymadan saxta yolla ələ keçirməkdən çəkinmirlər. Dövlət adından, mövcud qanunlar çərçivəsində verilən rəsmi sənədləri ola-ola, çoxlarının min cür əziyyətlə aldıqları torpaqlar, heç nəyə baxılmadan, əllərindən alınır. Sanki ölkədə Azərbaycanın qanunları yox, pulları olanların maraqları işləyir…
…”Səfir Elxan Qəhrəmanın mənə qarşı belə bir səs-küylü özbaşınalığa gedəcəyinə özüm də inanmırdım. Amma vəkili Kamandar Nəsibovun diqtəsi ilə bu oyuna girdi. Artıq yüksək vəzifəsinə arxalanaraq, özünü təkəbbürlü davranışı ilə gözə soxmaq istəyir.
Özlərini elə aparırlar ki, guya, bu torpaq sahəsi mənim yox, səfirin olub. Belə də haqsızlıq olar?! Bütün əlimdə olanlara baxmayaraq, bizi eşidən də olmayacaq?! Onda hanı bu dünyanın etibarı?!
Elxan Qəhrəman elə bilir ki, bu qalmaqalda üstünlük qazanıb. Bəs, əlimizdəki bu qədər dövlət sənədləri, reyestrlərdən çıxarışlar… Onlara nə deyəsən?! Ümumiyyətlə, 2004-cü ildən aldığım torpağa qanuni sənədlər düzəltməyə kifayət qədər pullarım çıxıb. O isə pul xərcləməyib. Bir sözlə, 2004-cü ildən mülkiyyətimə verilən bu torpaq sahəsi mənim istifadəmdə olub. Vətəndaşın mülkiyyət hüququ da Konstitusiya ilə qorunur və dövlət hər bir vətəndaşın əmlak toxunulmazlığına təminat verir.
Bu vəziyyət hüquqi dildə vəzifə səlahiyyətlərindən sui-istifadə və özgə əmlakını qanunsuz mənimsəməyə cəhd kimi qiymətləndirilir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, heç bir vəzifəli şəxs statusundan istifadə edərək vətəndaşın mülkiyyət hüququnu poza bilməz. Bu növ qanunsuzluqla mübarizə aparmaq üçün hüquqi addımların atılmasını vacib hesab edirəm.
Çünki 14.08.2026-cı il tarixdən Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəman bu torpaq sahəmə aid çıxarışı olduğunu bildirərək, mənim oranı tərk etməyimi tələb edir. Bildirmək istəyirəm ki, ona DƏDRX-də 22.11.2011-ci il tarixli 1111105293 nömrəli dövlət qeydiyyatına alınmış və MA0308142 seriya nömrəli Çıxarış verilmilşdir. Əslində, ona məxsus torpaq sahəsi mənim torpaq sahəmdən 80 metr solda yerləşir.
Onu da qeyd edim ki, o, həmin torpaq sahəsini almayıb. Əkbərov Yelmar Əmən oğlu ilə aralarında ticari mübahisə zamanı səfir bu şəxsi polisə verib. O da məcbur qalaraq, pul əvəzinə ona məxsus 8 sot torpaq sahəsini səfirə verib.
Elxan Qəhrəman vəzifəsindən, nüfuzundan və mövqeyindən sui-istifadə edərək, mənim torpaq sahəmə də girib və ora saxta yollarla çıxarış almağa müvəffəq olub. Baxmayaraq ki, həmin torpaq sahəsi mənim tərəfimdən hasara alınıb, hətta orada ev inşası üçün katlavan da qazılıb.
Araşdırsanız, siz də görəcəksiniz ki, o, həmin torpaq sahəsinə bir manat belə rüsum ödəməyib. Bunları ona görə deyirəm ki, həmin torpaq sahəsini mən ona vermişəm. Onda Yelmar məndən xahiş edib ki, o güclüdür, əlaqələri var, köməklik göstərim ona. Mən də, kömək etməklə, Əzizova Ünzilə İlbala qızının adına olan torpaq sahəsini Yelmara vermişəm” — deyə, İsmayıl Ağayev səfiri suçlayır və qanun qarşısında mütləq cavab verəcəyini xüsusi olaraq vurğulayır.
Şikayətçi qeyd edir ki, həmin şəxsin tələblərinə baxmayaraq, bütün hüquqi addımları atıb, torpağın ona aid olduğunu sübut edən sənədləri toplayıb. Birbaşa aidiyyatı dövlət qurumlarına müraciətlər edib, mülkiyyət hüququnun pozulmasının qarşısını almaq üçün onlardan qanun çərçivəsində ciddi tədbirlər görülməsini xahiş edib.

Yeri gəlmişkən bildirmək istəyirik ki, Arazpress.com-un bu mövzuda dərc etdiyi ötən yazısından (linki: https://www.facebook.com/100063733453502/posts/pfbid02b84Rkpyw5HFXuhkGDmPPYDsXohHegrfeade2XjDoqG9ewMQJuXLufNp2tV8V52Rwl/) dərhal sonra Dünya Xalqları Alyansının Baş katibi, Şərqi Avropa və MDB — Rusiya ölkələrinə aid İqtisadi Sülh Mərkəzinin və Xaricdə Yaşayan Həmvətənlər Federasiyasının — İsrailin Dostları Təşkilatının prezidenti, Sülhməramlı səfir, Dr. Aleksandr Şapiro — Suliman bizimlə əlaqə saxladı. Bildirdi ki, İsmayıl Ağayevi çoxdan tanıyır və o, sıradan bir şəxs deyil. Buna görə, bu işdə ona dəstək verməyə hazırdır və özü Azərbaycanın xarici işlər naziri cənab Ceyhun Bayramova, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyevə və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə öz etiraz müraciətlərini göndərib.
Müraciətin mətnini olduğu kimi təqdim edirik:
“Mən də, doğulub boya-başa çatdığım Azərbaycanda səngiməyən torpaq qalmaqallarının artıq ictimai bəlaya çevrildiyini yaxşı bilirəm. Bu barədə mətbuatda dərc olunan yazılarla da çox rastlaşıram. Bu qalmaqalların əsas günahkarları kimi tanınmış şəxslərin və yüksək səlahiyyətli vəzifə sahiblərinin adlarının çox vaxt öndə çəkilməsi adamı hədsiz dərəcədə narahat edir.
Çox təəssüf ki, artıq Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəmanın adı da xoşagəlməz torpaq qalmaqalında hallanır. Özü də bu diplomat vəzifə səlahiyyətlərindən irəli gələn nüfuzundan sui-istifadə etməklə, mənim yaxından tanıdığım, Azərbaycanda diaspor işinin genişləndirilməsində və təkmilləşdirilməsində əməyi çox olduğuna görə yüksək hörmət bəslədiyim Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri, Qarabağ uğrunda gedən gərgin döyüşlərdə öz doğmaları ilə bərabər yaxından iştirak etmiş İsmayıl Bəşir oğlu Ağayevin Bakının Səbail rayonu ərazisindəki Salyan şossesi, 32 ünvanında yerləşən halal torpaq sahəsinə göz dikib.
Bu qalmaqaldan xəbər tutandan dərhal sonra İsmayıl Ağayevin özü ilə əlaqə saxlamışam. Başına gətirilənləri tam təfərrüatı ilə mənə danışıb. Artıq nə edəcəyini bilmir — aidiyyatı dövlət qurumlarına etdiyi şikayətlərinə baxan da yoxdur. Çünki səfir Elxan Qəhrəman ona qarşı vəzifə sahibi səlahiyyətlərinin verdiyi bütün imkanları işə salıb. Artıq zəbt etdiyi torpaq sahəsini satışa çıxarmaqdan da çəkinmir.
Bu torpaq qalmaqalı ətrafında baş verənlər mənə tam çılpaqlığı ilə aydın olduğundan, öncə Sizə müraciət etməyi qərara aldım. Çünki səfirin adına bağlı törədilən qanunsuzluqların ictimailəşdirilməsi bir biabırçılıq deməkdir. Və ümid edirəm ki, bu xoşagəlməzliklərin səs-küysüz qarşısının alınması üçün ciddi tədbirlər görəcəksiniz.
Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, baş verənlər bu tərzdə davam edərsə, ölkə başçısı İlham Əliyev cənablarının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanlarına daha geniş müraciətimi göndərəcəyəm”.
HAŞİYƏ:
Aleksandr Şapiro-Sulimanın dediyi kimi, 1966-cı ildə Qərbi Azərbaycandakı Əzizbəyov rayonunun Saravan kəndində anadan olan İsmayıl Ağayev ölkədə tanınan şəxslərdən biridir. Hətta özü Birinci Qarabağ müharibəsində, Göranboyda könüllü dəstə yaradaraq, mənfur düşmənlə döyüşüb. 44 günlük Vətən müharibəsində də Fizuli rayonunda əsgərlərin yanında, köhnə döyüşçülərlə bir yerdə olub.
Ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməklə özünü ictimaiyyətə tanıda bilib. Hal-hazırda Beynəlxalq Diaspor Mərkəzinin sədri vəzifəsindədir və Azərbaycanın nüfuzunun xarici ölkələrdə qorunması naminə əlindən gələni əsirgəmir. Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü kimi də, bu yöndən olan işini uğurla davam etdirib.
Azərbaycan Politexnik İnstitutunu,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, Çexiyanın Texniki Universitetinin Hüquq fakültəsini bitirən İsmayıl Ağayev beynəlxalq hüquq üzrə fəlsəfə doktorudur. O,
1992 — 1995-ci illərdə ölkənin daxili işlər orqanlarında çalışıb. 1992 — 1993-cü illərdə Xızı Rayon Polis Şöbəsinin rəisi vəzifəsini tutub. 1994-cü ildə Bakı Şəhər Baş Polis İdarəsində Baş inspektor, 1995-ci ildə DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin komandiri vəzifələrində çalışıb. 2004 — 2008–ci illərdə isə, Səbail Bələdiyyəsinin Torpaq Şöbəsinin rəisi vəzifəsini tutub.
Sonda onu da qeyd edirəm ki, İsmayıl Ağayev, məcburiyyətdən, rastlaşdığı bu problemlə bağlı bir çox dövlət qurumlarına öz müraciətlərini ünvanlayıb. Vətəndaş müraciətlərinə biganəliyə görə o da narahat olduğunu bildirir. Deyir ki, mülkiyyət hüquqlarının pozulmasıyla bağlı, tezliklə, ölkə başçısına və Birinci Vitse-Prezidentə müraciət ünvanlamağı da planlaşdırıb. Ümidvar olduğunu bildirir ki, mülkiyyət hüquqlarının tanınması üçün, Prezident və Birinci Vitse-Prezident tərəfindən, bu ciddi məsələyə aidiyyatı qurumlarda ciddi baxılması ilə bağlı ciddi tapşırıqlar veriləcək.
Yazını hələlik burada tamamlayıram. Bu ciddi məsələ isə daim diqqətimdə olacaq. Məsələ ilə bağlı daha ətraflı və geniş yazımı isə yaxın günlərdə ictimaiyyətin və dəyərli oxucularımızın diqqətinə çatdıracam.
Məhi ELSEVƏR,
Arazpress.com xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.