“İslam hüququna (şəriətə) görə məhkəmə və ya dövlət rəsmi orqanlarının qərarı olmadan, özbaşına şəkildə bir ateisti və ya hər hansı başqa bir şəxsi döymək yaxud cəzalandırmaq qəti şəkildə haramdır və böyük günah hesab olunur. İslam fiqhində bu məsələ ilə bağlı əsas qaydalar var”.

Arazpress.com xəbər verir ki, bunları ilahiyyatçı alim Tural İrfan deyib. O bildirib ki, özbaşınalıq qadağandır:

“İslamda cəza vermək, mühakimə etmək və qanunları tətbiq etmək səlahiyyəti fərdlərə deyil, yalnız qanuni dövlət rəhbərliyinə və məhkəmə orqanlarına məxsusdur. Hər hansı bir şəxsin özbaşına şəkildə “şəriəti tətbiq edirəm” və ya “dini qoruyuram” bəhanəsi ilə cəza icra etməsi İslam hüququna görə xaos, fitnə və anarxiya yaratmaq cəhdi ilə yanaşı mövcud dövlət sisteminin qanunlarına və quruluşuna qarşı çıxmaqdır. Şəriətdə anarxiya törətmək isə ən ağır fəsadlardan biridir. Hətta İslam dövlətində bir şəxsin dindən çıxması, mürtəd olması və ya inkarı ilə bağlı şəri bir hökm tətbiq olunmalı olsa belə, bu mütləq şəkildə rəsmi məhkəmə araşdırmasından, şahidlərin dinlənilməsindən və müttəhimə özünü müdafiə etmək, tövbə etmək şansı verilməsindən sonra, yalnız hakim tərəfindən icra edilə bilər”.

O qeyd edib ki, fərdlərin küçədə özbaşına hökm çıxarıb kimisə cəzalandırmaq hüququ yoxdur:

“Əgər bu baş verirsə, icraçılar və dəstəkçilər dövlət çevrilişinə cəhd etmiş, mövcud dövlət qanunlarını tapdalanmış sayılır. Əgər bir müsəlman məhkəməsiz və səlahiyyəti olmadan bir ateisti döyərsə, İslam hüququna görə cinayət törətmiş sayılır. Həmin şəxsin özünə qarşı qisas və ya diyyə, yəni təzminat davası açılmalıdır. Döydüyü şəxsə vurduğu bədəni xəsarətlərə görə (göyərmə, qanama, sümük sınması və s.) şəriətə uyğun olaraq maddi təzminat (diyyə) ödəməli və ya dövlət tərəfindən cəzalandırılmalıdır. Dövlət hakimiyyəti cəmiyyətdə intizamsızlıq və özbaşınalıq etdiyinə görə həmin müsəlmanı həbs və ya digər müxtəlif cəzalara məhkum edə bilər. İslam alimlərinin yekdil rəyinə (buna icma deyilir) görə, fərdlərin dövlət və məhkəmə funksiyalarını öz üzərinə götürməsi yolverilməzdir və bu növ hərəkətlər İslamın ədalət və asayiş prinsiplərinə tamamilə ziddir…

…Əgər Azərbaycanda hansısa dini toplum və ya şəxslər məzhəb və ya din şəriətinə əsaslanaraq, müvafiq dövlət qurumlarına, məhkəmələrinə müraciət etməyi məqbul saymayaraq qanunazidd, hüquqazidd əməllər törədərsə bu, həm dini cəhətdən haram və cinayətdir həm də dövlətə qarşı çıxmaqdır”.

araz.az xəbər portalı.