
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin ən mühüm mərhələsi 1990-cı ilin iyul ayında doğma yurdu Naxçıvana qayıdışı ilə bağlıdır. Onun 1990-cı il iyulun 22-də Moskvadan Bakıya, oradan isə doğma yurdu Naxçıvana gəlişi sonralar özünün də söylədiyi kimi tarixin və zamanın hökmü idi.
90-cı illər elə bir dövr idi ki, ölkəmizin əsas torpaqlarından ayrı düşmüş Naxçıvan tamamilə taleyin ümidinə buraxılmış, muxtar respublikanın ətraf aləmlə bütün kommunikasiya-nəqliyyat əlaqələri kəsilmiş, sabahkı günə inam qalmamışdı. Xalqın yeganə təsəllisi böyük öndərin Naxçıvanda xalqı ilə bir yerdə olması idi.
Ulu Öndər Naxçıvana qayıtdıqdan qısa bir müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçildi. 1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın siyasi həyatında möhtəşəm bir mərhələnin başlanğıcını qoydu.
Heydər Əliyev Naxçıvanda milli dövlətçiliyimizin bərpası və dövlət quruculuğu yönündə qətiyyətli, inadlı və inamlı geniş bir siyasi hərəkatın əsasını qoydu.
Ümummilli Liderin qəbul etdiyi mühüm tarixi qərarlar Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanılması təmin olundu, Müstəqil Azərbaycan Ordusunun əsası qoyuldu.
Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası da uzun illərdən sonra məhz Onun Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Dahi şəxsiyyətin Naxçıvanda bu istiqamətdə atdığı addımlar isə ölkəmizin digər ölkələrlə dinc, səmimi dostluq şəraitində əməkdaşlıq etməsinin əsasını qoymuşdu.
Ümummilli Liderimiz 1991-ci ildə milli birlik, milli ideyanı da dərinləşdirərək azərbaycanlıları bir ideya ətrafında toplamağa başladı. 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan tarixinin şərəf və qürur salnaməsi olan 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu Öndər tərəfindən Yeni Azərbaycan Partiyasının əsası qoyulması ilə müstəqli Azərbaycanın milli dövlətçiliyin bərpası istiqamətində həlledici mərhələ başlandı.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor
araz.az xəbər portalı.