Sentyabrın 4-də Almatı şəhərində fəaliyyət göstərən Qazaxıstan Respublikası Milli Mərkəzi Muzeyində görkəmli alim, xalçaçı-rəssam, Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb.

Muzeyin mətbuat xidmətindən Arazpress.com-a daxil olan məlumata görə, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Xalça Muzeyi və Qazaxıstan Respublikası Milli Mərkəzi Muzeyinin təşkilatçılığı ilə baş tutub.

Sərginin açılış mərasimində Qazaxıstan Respublikası Milli Mərkəzi Muzeyinin direktoru Serjan Sarov, Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri Serik Nurmoldayev, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Almatı üzrə nümayəndəliyinin rəhbəri Vüsal Rəcəbli, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxış ediblər. Natiqlər Azərbaycan və Qazaxıstan arasında mədəni əməkdaşlığın inkişafı, xalqların ortaq tarixi-mədəni irsinin qorunması və təbliği, ənənəvi sənətlərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıblar.

Mərasimdən əvvəl qonaqlar Qazaxıstan Dövlət Akademik Filarmoniyasının “Otrar Sazı” orkestrinin ifasını dinləyiblər, Azərbaycan haqqında, həmçinin Milli Xalça Muzeyinin kolleksiyasını əks etdirən videoçarxları izləyiblər.

Daha sonra sərginin rəsmi açılışını simvolizə edən lent kəsilib və qonaqlar ekspozisiya ilə tanış olublar.

Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası əsasında hazırlanan ekspozisiyada XIX–XX əsrlərə aid xalça və xalq sənəti nümunələri təqdim olunur. Sərginin əsas hissəsini xalqımızın zəngin milli irsinin regional xüsusiyyətlərini və bədii müxtəlifliyini əks etdirən Quba, Bakı, Şirvan, Qarabağ, Qazax və Gəncə xalçaları təşkil edir.

Ekspozisiyada “Pirəbədil”, “Qabıstan”, “Suraxanı”, “Faxralı”, “Salahlı”, “Xanlıq” və “Mir” xovlu xalçaları ilə yanaşı, kilim, şəddə, vərni və zili kimi xovsuz xalça nümunələri də yer alır.

Sərginin xüsusi bölməsi Azərbaycan Milli Xalça Muzeyinin banisi Lətif Kərimovun yaradıcılığına həsr edilib. Burada sənətkarın müəllifi olduğu eskizlər, eləcə də, “İkinci bahar” və “Xətai” xalçaları sərgilənir.

Ekspozisiyada həmçinin məfrəş, xurcun, çul kimi xalça məmulatları, bədii tikmə, zərgərlik və bədii metal nümunələri, milli qadın geyimləri təqdim edilir.

Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi ilə Qazaxıstan Respublikası Milli Mərkəzi Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədlər iki muzey arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və mədəni irsin tədqiqi və təbliği istiqamətində əlaqələrin gücləndirilməsini nəzərdə tutur.

Sərgi çərçivəsində həmçinin Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Qazax və Azərbaycan xalqlarının dekorativ-tətbiqi sənəti: tarixi köklər, etnomədəni varislik və müasir inkişaf tendensiyaları” mövzusunda dəyirmi masa da keçirilib.

“Zamanın nəfəsi xalq sənətində” sərgisi 4 oktyabr 2026-cı il tarixinədək davam edəcək.

araz.az xəbər portalı.