Turan RZAYEV,
politoloq

Almaniyada siyasi mənzərə son illərin ən ciddi dəyişikliklərindən birini yaşayır. Uzun müddət ölkənin siyasi sistemində əsas xətt mərkəzçi partiyalar, xüsusilə Xristian Demokrat İttifaqı (CDU) və Sosial Demokrat Partiyası (SPD) arasında formalaşsa da, son illərdə bu siyasi balans tədricən dəyişməyə başlayıb. İndi isə bu dəyişiklik daha aydın şəkildə özünü göstərir. Belə ki, sağ və xüsusilə ifrat sağın təmsilçisi olan Alternativ für Deutschland (AfD) getdikcə daha böyük seçici kütləsini öz ətrafında birləşdirir.

Misal üçün, AfD partiyası Saksoniya-Anhalt əyalətində “ifrat sağçı” hesab edilən partiyalar arasında rekordu yeniləyərək tarixə keçib. Qeyd edim ki, AfD-nin bu nəticəsi 1932-ci ildə səslərin 40,88 faizini qazanan NSDAP-ın (nasistlərin) göstəricisini də üstələyib. Bu səbəbdən nəticə həm siyasi, həm də tarixi baxımdan Almaniyada və bir çox digər ölkələrdə ciddi müzakirələrə səbəb olub.

Əslində, hazırda dünyanın bir çox ölkəsində sağ partiyalar yüksəlişə keçib. Münaqişələrin yenidən alovlandığı, yeni münaqişə və müharibələrin başladığı, köhnə ittifaqların çatladığı və yeni ittifaqların yarandığı geosiyasi vəziyyətdə, əlbəttə, bu proses müəyyən narahatlıq doğurur.

Sağın yüksəlişi həm də dünyanın kollektiv yaddaşındakı travmaların tətiklənməsinə səbəb olub. Belə ki, öncə İtaliyada baş nazir Corciya Meloninin hakimiyyətə gəlməsi, daha sonra Yaponiyada sərt millətçi və mühafizəkar xətti təmsil edən Sanae Takaichinin siyasi yüksəlişi, indi isə diqqətlərin Almaniyada Alice Weidelin rəhbərlik etdiyi AfD-nin sürətlə yüksəlişinə yönəlməsi XX əsrin birinci yarısında İtaliyada Benito Mussolinin faşistlərinin, Yaponiyada militarist və millətçi qüvvələrin, Almaniyada isə Adolf Hitlerin rəhbərliyi altında nasizmin yüksəlişi ilə paralellər aparılmasına səbəb olur.

Qeyd edim ki, bir əsr əvvəl İtaliya, Yaponiya və Almaniyada millətçi və daha radikal siyasi qüvvələrin ardıcıl şəkildə güclənməsi nəticədə bu ölkələrin xarici siyasətində də ciddi dəyişikliklər yaratdı və dünya İkinci Dünya müharibəsinə sürükləndi. Bu gün isə yenidən həmin üç ölkədə – fərqli formalarda və tamamilə fərqli siyasi sistemlər daxilində – milli maraqların, sərhədlərin, təhlükəsizliyin, hərbi gücün və milli kimliyin siyasətdə daha çox ön plana çıxmasının şahidi oluruq.

Tarix təkrardan ibarətdir. Lakin tarixin eyni formada təkrarlanacağını söyləmək üçün heç bir əsas yoxdur. Sağın yüksəlişinə birbaşa “faşizmin qayıdışı” prizmasından baxmaq bir qədər qeyri-real yanaşmadır. Bugünkü vəziyyət, sadəcə, 1930-cu illəri xatırladan müəyyən siyasi mexanizmlərin yenidən meydana çıxmasından başqa bir şey deyil.

Əsas məsələ cəmiyyətdə yaranan narazılıqların necə idarə edilməsidir. Əgər iqtisadi, sosial və demoqrafik problemlərə mərkəzçi siyasi qüvvələr inandırıcı cavab verə bilmirlərsə, daha sərt millətçi və populist qüvvələr üçün siyasi məkan genişlənir.

Əslində, diqqət çəkən məqam təkcə adı keçən siyasətçilərin ideoloji mövqeləri deyil. Daha əhəmiyyətlisi, onların yüksəlişinin müxtəlif ölkələrdə oxşar sosial narahatlıqlar fonunda baş verməsidir. Miqrasiya, milli kimlik, təhlükəsizlik, iqtisadi qeyri-müəyyənlik, qloballaşmadan narazılıq və ənənəvi siyasi elitalara inamın azalması sağ və millətçi qüvvələrin əsas siyasi kapitalına çevrilir.

Yəni narahat olunası bir durum yoxdur. Faşizm və nasizm yenidən yüksəlmir.

araz.az xəbər portalı.