
Bakının məhəllə və küçələrində, daha dəqiq desək, hansısa boş bir yerdə sərbəst maşın saxlamaq müşkül məsələyə çevrilib. Hər gün nəsə bir fırıldaq görürük. Son dövrlər ödənişli yerlərdə “Azparking” əməkdaşlarının və polis işçilərinin, boş yerlərdə “ələkçinin qıl verənləri” kimi tanınanların törətdikləri kütləvi narazılıqlar səngimək bilmir — əllərində ülgüclə maşın sahiblərinin ciblərini kəsmək uğrunda yarış gedir.
Bu dəfə onların yaratdığı oxşar problemlə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin arxasındakı Xan Şuşinski küçəsində hüquqşünas kimi tanıdığımız Kamandar İmanov üzləşib.
Avtomobil sahibinin Arazpress.com-un əməkdaşına dediyinə görə, avqustun 31-i günorta saatlarında maşınını bu küçədəki ödənişsiz yerdə saxlayaraq yaxınlıqdakı mağazaya daxil olub. Lakin marketdə olduğu müddətdə onun avtomobilinə cərimə və özünə bal tətbiq edilib.
“Özü də, cəriməni burada saxlanılan maşın sahiblərindən qanunsuz pul yığan bir nəfər şəxsin çağırışı ilə gələn polis işçisi yazıb. Polisə törətdiyi qanunsuz əməllərinə görə ciddi etirazımı çatdırmışam. Demişəm ki, mənim maşınımdan savayı burada onlarla vətəndaş da öz avtomobilini saxlayıb. Bəs, onlara niyə cərimə yazmır?! Dediklərim polisi narahat etməyib, sanki dünya vecinə deyil.
Nə olar, yaxınlıqdakı kafe-çayxanalarda oturub, belə “çağırışlara” gələn belə polisləri heç cür bağışlamayacağam. Əlimdə hadisənin baş verdiyi ərazidə çəkdiyim və danılmaz fakt kimi saxladığım foto və video görüntülər var (Deyilən bəzi görüntüləri biz də dərc edirik — red.). Bu əsasla, aidiyyatı dövlət qurumlarına öz şifahi və yazılı şikayətimi ünvanlamışam. Təəssüf ki, hələlik bu məsələ ilə bağlı onların mövqeyi məlum deyil. Cavab verən yoxdur. Lakin məhkəməyə belə getməyə, lap yuxarı səlahiyyətli dövlət qurumlarına üz tutmağa hazıram” — şikayətçi Kamandar İmanov öz narahatlığını bu sözlərlə ifadə edir.
Onu da deyir ki, ümumiyyətlə, son vaxtlar özünü daha çox cərimə yönümlü struktur kimi göstərən “AzParking”in fəaliyyəti ilə bağlı vətəndaş şikayətlərinin getdikcə artdığı müşahidə olunur:
“Halbuki, o vaxtlar tətbiq olunan parklanmanın əsas məqsədi şəhər nəqliyyatını tənzimləmək və xaosu azaltmaq olub. Lakin bu sistem vətəndaşın başına bəlaya çevrilib. Ötən müddət ərzində artıq nəzarətçilər tərəfindən saysız-hesabsız pozuntular qeydə alınıb. Şikayətlərin sayı və mahiyyəti ictimaiyyətə düzgün çatdırılmır.
Lakin hamı bilir ki, şikayətlər əsasən cərimələrin tətbiqi, parklanma qaydalarının icrası və sistemin işləmə prinsipləri ilə bağlıdır. Vətəndaşlar tez-tez ödənişlərin düzgün hesablanmaması, sistemdə texniki problemlərlə və balansdan artıq məbləğin çıxılması ilə bağlı şikayətlər səsləndirirlər.
Sürücülər bildirirlər ki, “AzParking” qaydalarına əsasən ödənişli parklanma zonalarında ilk 15 dəqiqə ödənişsiz hesab olunur və bu səbəbdən cərimənin yazılmasını əsassız hesab edir. Avtomobili saxladıqdan sonra tətbiqi açmaq, zonanı seçmək və ödənişi təsdiqləmək müəyyən vaxt aparır. Dərhal cərimə yazılması “Azparking”in fəaliyyətində ciddi suallar yaradır. Belə hadisələr sosial şəbəkələrdə də ciddi və geniş müzakirələrə səbəb olur. Nə olsun, belə ciddi məsələyə reaksiya yoxdur.
“Azparkinq” öz fəaliyyətinə yenidən baxmalıdır. Çünki artıq mətbuatda və sosial şəbəkələrdə şirkətin işindən narazılıqların artdığını müşahidə edirik. Media vasitələrində ciddi şəkildə narazılıqlar işıqlandırılır, amma “Azparkinq” reaksiya vermir: Əgər monitorinq aparılsa, vətəndaşların şikayətlərinin kütləvi olduğu üzə çıxacaq”.
Media orqanı olaraq qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
Səməndər QURBANOV,
Fərhad MƏMMƏDOV,
Arazpress.com-un xüsusi müxbirləri.





araz.az xəbər portalı.