REDAKSİYADAN:

Həlli müşkül məsələyə çevrilən problemlərin illərdir ki, Azərbaycan təhsilindən yan keçmədiyi göz qabağındadır. Bu aktual mövzu ilə bağlı təcrübəli təhsil işçisi Vahid Tağıyevin xeyli müddət öncə dərc olunan maraqlı və düşündürücü yazısı indinin özündə də xatırlanmaqdadır.

Həmin təhlil məqaləsi cəmiyyətdə və ölkənin təhsil sistemində qarşılaşdığımız ən fundamental problemlərdən birini – mütaliə, davamlı öyrənmə və özünüanaliz böhranını dəqiq və sistemli şəkildə ortaya qoyur. Yazıda qeyd edilən 7 səbəb məlum problemin kökünü tamamilə əhatə edir. Problemlə bağlı müəllifin təqdim etdiyi önəmli fikirlərini və vəziyyəti kökündən dəyişməyə yönəlmiş təkliflərini oxucularla bölüşməyi lazım bildik.

Hadisələr sürətlə cərəyan edir, həyatımızın ritmi dəyişdikcə dünyaya baxışımız da yeni şəraitə uyğunlaşır. Vaxt var idi ki, metroda, avtobusda, istirahət parklarında kitab və qəzet oxuyan insanlara tez-tez rast gəlirdik. İndi isə hara baxırsan, hamı telefonla məşğuldur. İnsanlar vaxtlarının xeyli hissəsini internetdə keçirirlər.

İnternet zamanın tələbidir. Əsas məsələ ondan düzgün, səmərəli və məqsədyönlü istifadə etməkdir. Lakin müasir dövrdə qısa mesajlara, sürətli məlumat axınına üstünlük verilməsi, dəyərli əsərlərin mütaliəsinə marağın azalması narahatlıq doğurur. Bunun fəsadları da az deyil.

Hər bir insanın həyatda üzərinə düşən vəzifələr, məsuliyyət daşıdığı sahələr var. Bu vəzifələri uğurla yerinə yetirmək üçün məlumatlı olmaq, bilik və bacarıqları daim artırmaq lazımdır. Nəyi, nə vaxt və necə etməli olduğunu düzgün müəyyənləşdirmək üçün oxumaq, öyrənmək, müqayisə aparmaq və geniş dünyagörüşünə sahib olmaq vacibdir. İstər kitabdan, internetdən, istərsə də ağıllı və təcrübəli insanlardan öyrənməyə hər zaman ehtiyac var. Bu vərdişlər isə uşaqlıqdan formalaşdırılmalıdır.

Hazırda məktəblilərin oxuyub-anlama bacarıqlarının inkişafı və bu sahədəki problemlərin aradan qaldırılması yolları haqqında tövsiyə xarakterli yazı üzərində də işləyirəm.

Təhsilə bağlı olduğum üçün müxtəlif yaş nəslindən olan təhsil işçiləri ilə ünsiyyətdə oluram. Daim yaradıcı axtarışda olan, mütaliəyə üstünlük verən, öz üzərində çalışan insanları görmək sevindiricidir. Onların fəaliyyəti nümunə və qürur mənbəyidir. Ancaq əks mənzərələrin mövcudluğu və geniş yayılması narahatlıq yaradır.

Dinləmək, oxumaq və öyrənmək insanın inkişaf ehtiyacıdır. Məşhur bir fikri xatırlayaq: müəllim hər gün öyrənmirsə, onun biliyi azalır. Burada söhbət yalnız bildiklərinin unudulmasından getmir. Başqaları irəli gedərkən insan yerində sayırsa, əvvəlki bilik səviyyəsini qorusa belə, zamanla geridə qala bilər.

İnsanın inkişafı davamlı axtarış, zəhmət və yeniliyə açıqlıq tələb edir. Hər günümüzə yeni bir bilik, təcrübə və xoş çalar qatmaq həyatımızı zənginləşdirir. Yerində saymaq isə həm şəxsi inkişafı ləngidir, həm də fəaliyyəti yeknəsəq edir.

Təəssüf ki, kifayət qədər təhsil almış bəzi insanlar belə, gündəlik işlərinə aid bir-iki səhifəlik yenilikləri, təlimatları, təhlil və müzakirələri oxumağa maraq göstərmirlər, yaxud bunu çətinliklə edirlər. Bəzən yalnız özləri haqqında yazılan və ya şəxsi gəlirlərinə fayda verən məlumatlar onların diqqətini cəlb edir.

Halbuki insan öz fəaliyyətinə kənardan baxmağı, gördüyü işin nə dərəcədə düzgün olduğunu yoxlamağı bacarmalıdır. Digər həmkarlarının uğurlu təcrübəsindən xəbərsiz olaraq, yenilikləri öyrənmədən necə inkişaf etmək olar? Biz bir-birimizdən öyrənməliyik və bunun alternativi yoxdur.

Məlumat və fərqli fikirlər yalnız yeni bilik əldə etmək üçün deyil, öz mövqeyimizin doğruluğunu yoxlamaq üçün də əhəmiyyətlidir. Bəzən əks fikir insanın öz qənaətlərini yenidən nəzərdən keçirməsinə, onların nə dərəcədə əsaslı olduğunu müəyyənləşdirməsinə kömək edir.

Öz peşəsinə aid təlimatları, əmr və qərarları oxuyub öyrənmək əvəzinə, hər dəfə başqasından soruşan insanlar da az deyil. Təəssüf ki, belə hallara təhsil müəssisələrinin rəhbərləri arasında da rast gəlinir. Halbuki rəhbərin öz işinə aid sənədləri oxuması, anlaması və düzgün tətbiq etməsi onun peşə məsuliyyətinin əsas şərtlərindəndir.

Bütün bunlar belə bir sual doğurur: Doğrudanmı cəmiyyətimizdə oxumaq və anlamaq problemi var? Məncə, məsələ yalnız oxumaq vərdişinin zəifləməsində deyil. Oxuduğunu anlamaq, məlumatı təhlil etmək, fərqli fikirləri dinləmək və öyrəndiklərini fəaliyyətində tətbiq etmək də az əhəmiyyət daşımır.

BƏS NİYƏ BELƏDİR?!

Bu xoşagəlməz tendensiyanın səbəbləri barədə düşünərkən bir neçə məqamı qeyd etmək olar:

— Öyrənmə vərdişinin zəifliyi: Oxumadan, öyrənmədən anlamaq və düzgün nəticə çıxarmaq çətin olduğu kimi, oxuduğunu anlamaqda çətinlik çəkənlər də az deyildir;

— Öz biliyinə həddindən artıq arxayınlıq: Bəzi insanlar bildiklərinin tam və ən doğru olduğuna inanır, başqa fikirləri dinləməyə və qəbul etməyə meyil göstərmirlər. Halbuki həqiqi, doğru bilik insanı yeni məlumatlara ehtiyac duymağa sövq edir;

— Şəxsi maraqların üstün tutulması: İnsan yalnız öz mənafeyinə uyğun hesablanmış bir düşüncə ilə yaşayanda ondan kənar məsələlərə laqeydlik nümayiş etdirir. Nəticədə, ümumi mənafe baxımından həyat bilgisini artırmaq kimi bir məqsədi olmur;

— İnkişaf məqsədinin olmaması: Şəxsi həyatında və iş fəaliyyətində “Bunu daha yaxşı necə edə bilərəm?” sualını verməyən insanın özünüinkişaf ehtiyacı da zəifləyir. O, yalnız bu günlə yaşayır, sabah və gələcək barədə düşünmək, xəyallar qurmaq istəmir;

— Yeniliyə və yaradıcılığa marağın azlığı: İşdəki problemləri araşdırmaq, onların həll yollarını axtarmaq, yeni yanaşmalar tətbiq etmək istəyi olmadıqda fəaliyyət də tədricən formal xarakter alır. Belə olduqda yenilik, yaradıcılıq və yaratmaq ruhu da itir;

— Məlumat bolluğu və texnologiyadan istifadə vərdişləri: İnternet məlumatı əlçatan etsə də, hazır və qısa cavablara alışmaq bəzən dərin mütaliəni, müqayisəni və müstəqil düşünməyi arxa plana keçirir. Nəticədə fəaliyyətini sevərək ondan zövq almaq mövqeyi formalaşmır;

— Oxu mədəniyyətinin ailədə və məktəbdə kifayət qədər formalaşmaması: Uşaqlarda oxumağa maraq, oxuduğunu anlamaq və müzakirə etmək vərdişləri erkən yaşlardan inkişaf etdirilməlidir.

Əlbəttə, bunlar mümkün səbəblərin hamısı deyil. Problemin həlli üçün onun yaranma səbəblərini daha dərindən araşdırmaq, ailənin, məktəbin və bütövlükdə cəmiyyətin məsuliyyətini nəzərə almaq lazımdır.

Sizcə, insanları oxumağa, öyrənməyə və öz fəaliyyətlərini təhlil etməyə maraq göstərməkdən uzaqlaşdıran əsas səbəblər hansılardır? Bu vəziyyəti dəyişmək üçün nə etmək olar?

Fikir və təkliflərinizi bölüşsəniz, məmnun olaram.

Vahid TAĞIYEV,
peşəkar təhsil işçisi

Bakı şəhəri,
05.05.2024-cü il.

araz.az xəbər portalı.