
“Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması və sülh sazişinin mətninin üzərində gedən danışıqların yekunlaşmasından sonra da Azərbaycan ərazilərinin müntəzəm qarşı tərəfdən atəşə tutulması çox təhlükəli olmaqla yanaşı, həm də məkrli addımdır. Görünür hansısa qüvvələr münasibətlərin normallaşmasını istəmir və gərginliyi artırmaqla kövrək etimad mühitini də məhv etməyi hədəfləyir. Yaxud da Paşinyan ölkədəki situasiyaya və orduya tam nəzarət etmək iqtidarında deyil. Hər iki variant ağıla batandır və burada xarici güclərin də iştirakı istisna deyil”.
“Araz” bildirir ki, bu fikirləri newscenter.az-a AMİP liderinin köməkçisi Əli Orucov Ermənistan tərəfindən mövqelərimizin atəşə tutulmasına münasibət bildirərkən səsləndirib. O deyib ki, ABŞ prezidenti D. Trampın Ukrayna Rusiya müharibəsi ilə bağlı yürütdüyü fərqli siyasəti , həmçinin Qərbli müttəfiqlərinə göstərdiyi mövqe Moskvanın regionda fəallaşmasına da rəvac verə bilər:
“Mən zənn etmirəm ki, ərazilərimizin qarşı tərəfdən atəşə tutulması Ermənistanla Azərbaycan arasında geniş miqyaslı eskalasiyaya gətirib çıxarsın. Bu İrəvan üçün faciəli sonluq demək olardı. Güclü Azərbaycanın qarşısında müttəfiqləri və havadarları da onu xilas edə bilməz. Necə ki 44 günlük müharibədə bunu bacarmadılar. Ancaq Azərbaycanın səbri də müəyyən həddə qədərdi”.
araz.az xəbər portalı.