Əli ORUCOV,
AMİP liderinin köməkçisi —————————-

Qardaş Türkiyədə İstanbul meri Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq keçirilən izdihamlı mitinqlər davam etməkdədir. Aksiya iştirakçıları arasında ayrı-ayrı bölgələr də daxil olmaqla, 2000 nəfərə yaxın saxlanılan var. Belə bir gərginlikdə diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, istər merlə birlikdə həbs olunanlar, istərsə də aksiyada saxlanılanlar tam izolyasiya edilməyib — mobil telefonları əllərindən alınmayıb və əlaqə saxlamalarına imkanlar yaradılıb.

Azərbaycanda isə bu belə deyil: Saxlanılanların yerini öyrənmək belə müşkülə çevrilir, onlar ən qatı cinayətkarlar kimi ətraf aləmdən tam tədric edilirlər. Həbs edilən və saxlanılan şəxslərin vəkillərinin telefonları əllərindən alınır, hətta onlar söz deməməklə bağlı zorla da olsa dillərindən iltizam verirlər. Həmçinin müvəkkilləri ilə çox çətinliklə görüşə bilirlər.

Əkrəm İmamoğlusa məhkəmə zalından görüntülü olaraq, birbaşa, onu dəstəkləyən mitinqlə bağlantı qurub, fikirlərini ifadə edir. İnsan və insanlığa qiymət budur. Konkret desək, bu, qanunların və hüququn işləməsinə bir nümunədir. Azərbaycanda hər hansı bir orqana, xüsusən də hüquq-mühafizə orqanına, məhkəməyə, inzibatı binaya vətəndaşın telefonla daxil olması yasaqlanır. Nədən ehtiyat edilir, nədən qorxu var, hər şey aydındır. Görünür, ehtiyat edirlər ki, hər hansı kayıtlar aparıla bilər və baş alıb gedən şok yaradan qanunsuzluqlar barədə “Braziliya serialları” üçün materiallar toplanar.

Bəli, Azərbaycan Türkiyədən çox şey öyrənməlidir, amma, çox təəssüflər olsun ki, öyrənmək həvəsində deyil!

araz.az xəbər portalı.