Orucluğun sınaqlarından alnıaçıq çıxan hörmət-izzət sahibi inanclı vətəndaşlar, əziz dostlar, dəyərli oxucular!

Müsəlman dünyasının əziz günü — mübarək Ramazan bayramı münasibətilə sizlərə səmimi qəlbdən gələn təbriklərimizi çatdırır, Böyük Allahdan oruc və namazlarınızın, etdiyiniz bütün duaların qəbul olunmasını diləyirik.

Artıq ilahi hikmətlər xəzinəsi “Qurani-Kərim“ kitabımızın nazil olduğu on bir ayın Sultanı müqəddəs Ramazan ayının yüksək dəyərləri zirvəsindəyik. Bu pik nöqtədən ürəklərdə əbədi yer tutan sevimli ayımızı yüksək qürur və şükranlıq hissləri, böyük ruh yüksəkliyi ilə yola salırıq. Böyük Allahımız özünə daha yaxın bu yüksəklikdən layiq olduğunuz təbriklərimizi, səmimi qəlbdən gələn ən xoş arzu-diləklərimizi doğma-yaxınlarınızla bərabər sizlərə yetirmək səadətini bir daha bizə qismət edib. Bunu, Ulu Tanrının bizə ən gözəl töhfəsi kimi qəbul edirik.

Xüsusi məmnunluq hissi ilə ilə qeyd edirik ki, bu mübarək bayramımızı uzun müddət yağı düşmən tapdağında olmuş dədə-baba torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən Müharibəsindəki şanlı zəfərlə bizə bəxş edilən yüksək əhval-ruhiyyədə xüsusi bir təntənə ilə keçiririk. Şükürlər olsun bu günə ki, Uca Yaradandan müstəqilliyimizin və suverenliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası yönündə dualarımız qəbul olunub — qaçqınlarımız və köçkünlərimiz azad olunan tarixi torpaqlarımıza qayıdırlar. Dədə-baba yurdlarımızda həyat yenidən dirçəlir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, bu yerlərdə dini ayin və mərasimlər keçirilir, məscidlərimizdən azan sədaları yüksəlir. Bu həm də onun sübutudur ki, tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında əhəmiyyətli rol oynayan İslam dininin milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə hər zaman dərin bağlılıq olub. Bu xoşbəxtlik naminə həyatlarını qurban vermiş şəhidlərimizin ölməz xatirəsini mübarək bayram günündə bir daha ehtiramla yad edir, onlara Böyük Allahdan rəhmət, ailələrinə yüksək səbr və dözüm, qazilərimizə möhkəm cansağlığı diləyirik.

Müqəddəs Ramazan öz xoşluqlarıyla qarşınızda ola biləcək hər cür təhlükə və fəlakətlərdən sizləri qorusun, dünya müsəlmanlarının, ələlxüsus ulu türklərin əmniyyətini davamlı etsin, düşmənlərinə aman verməsin!

Xalqımızın və dövlətimizin əmin-amanlığı, tərəqqisi naminə etdiyiniz dualarınıza həmrəy olduğumuzu bildirir, insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edirik. Etdiyiniz dualar sayəsində Uca Yaradan öz mərhəmətini və şəfqətini sizlərdən əsirgəməsin, evlərinizə əbədi xoş bayram ovqatı, ailələrinizə xoşbəxtlik, firavan həyat, süfrələrinizə ruzi-bərəkət dolu bolluq gətirsin. Möhkəm cansağlığı və səadət kimi arzu-istəklər ifadəsi şirin sözlər heç vaxt taleyinizdən əskik olmasın.

Allah bəndəsi gözəl insanlar,
lütfən mübarək Ramazan bayramı təbriklərimizi qəbul edin!

“Araz” Media Qrupunun kollektivi adından:

Dərin hörmət və səmimi duyğularla,

Hüseyn ƏZİZOĞLU,
təsisçi və Baş redaktor.

araz.az xəbər portalı.