“Türk dövlətlərinin vahid daşınmaz əmlak portalının yaradılmasına ehtiyac var” — VÜQAR ORUC

“Türk dövlətləri arasında iqtisadi və ticari əlaqələrin dərinləşməsi fonunda vahid daşınmaz əmlak portalının yaradılması məqsədəuyğun ola bilər”.

Arazpress.com bildirir ki, bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc deyib.

O qeyd edib ki, belə bir portalın yaradılması həm mütəxəssislər, həm də əmlak sahibləri üçün yeni imkanlar aça bilər:

“Bu ideya reallaşdırılması region ölkələrinin əmlak bazarlarının inteqrasiyası və biznes imkanlarının genişləndirilməsi baxımından mühüm bir addım olar. Bu platformada türk dövlətlərində satışa çıxarılan mənzil və obyektlər təqdim edilə bilər. Bu, həm dövlətlərimiz arasında inteqrasiya baxımından faydalı olar, həm də türk dövlətlərində daşınmaz əmlaka sahib olmaq istəyən şəxslər üçün maraq doğurar”.

V.Oruc bildirib ki, belə bir portal qiymətləndiricilər və rieltorlar üçün də məhsuldar bir vasitəyə çevrilə bilər: “Portal bazar araşdırmaları aparmaq istəyənlər üçün mühüm mənbəyə çevriləcək. Türk dövlətlərində daşınmaz əmlak sahəsində hansı tendensiyaların olduğunu, qiymət dəyişikliklərinibu platforma üzərindən izləmək mümkün olacaq”.

V.Oruc vurğulayıb ki, sahibkar və vətəndaşlar türk dövlətlərindəki əmlak qiymətləri barədə məlumat almaqda çətinlik çəkirlər: “Məsələn, bir sahibkar Daşkənddə, Bişkekdə və ya İstanbulda əmlak qiymətlərini öyrənmək istəyir. Belə bir portal həm bu məlumatları vahid bir mənbədə cəmləyəcək, həm də investisiya qərarlarını asanlaşdıracaq. Bu, ekspertlərin analiz imkanlarını genişləndirəcək, sahibkarlar üçün isə daha rasional seçim imkanı yaradacaq. Azərbaycanlı sahibkar biləcək ki, Bişkekdə və ya Daşkənddə hansı məbləğə mənzil ala bilər və onu kirayəyə versə, nə qədər qazanc əldə edə bilər. Eyni zamanda, digər türk dövlətlərində yaşayanlar da Azərbaycan bazarındakı vəziyyətlə tanış ola biləcəklər”.

Vüqar Oruc qeyd edib ki, bu ideyanın reallaşması istiqamətində ilkin addımların atılması planlaşdırılır:

”Bu məqsədlə biz sponsorluq edə biləcək tərəfdaşlar axtarırıq. Bu, təkcə Azərbaycanda deyil, bütün türk dünyasında rieltorlar və qiymətləndiricilər üçün maraqlı bir layihə olacaq. Belə bir platforma gələcəkdə bank sektoru və ya digər yaxın sahələri də əhatə edə bilər.

Məsələn, gələcəkdə türk dövlətlərinin banklar assosiasiyaları arasında da əməkdaşlıq qurula bilər.Belə olduqda, bir türk dövlətində yaşayan şəxs digər türk dövlətindəki bankdan kredit əldə etmək imkanına malik olacaq. Əmlakın girov predmeti kimi çıxış etməsi bu prosesdə mühüm rol oynaya bilər. Bu isə sözügedən portalın əhəmiyyətini daha da artıracaq”.

araz.az xəbər portalı.