Ölkə mətbuatının həm eyni funksiyalı strukturlar sırasında ən çox tənqid etdiyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin, həm bu idarənin əhatə etdiyi Sumqayıt şəhər, Abşeron və Xızı rayon təhsil şöbələrinin, həm də bu şöbələrin tərkibindəki təhsil müəssisələrinin rəhbər şəxsləri əksər yazılarda təhsilimizin qənimi kimi qələmə verilirlər. Onlar, «Araz» Media Qrupuna aid mətbu vasitələrdə dərc olunan eyni mövzulu yazılarda da həmişə əsas tənqid hədəfi olublar.

Konkret faktların yer aldığı bu yazılarda idarənin müxtəlif tabeli müəssisələrinin vəzifə sahibləri daha çox elm və təhsilimizin təəssübünü çəkənlərin haqlı şikayyətləri əsasında tənqid olunub, onların barəsində ağır ittihamlar yer alıb. Bütün yazılarda əsas və bağışlanmaz günahkar kimi idarə müdiri İlhamə Abdullayevanın adı həmişə öndə çəkilib.

Bu günlərdə redaksiyamızın ünvanına daha bir şikayətçi məktubu daxil olub. Bu məktubda qeyd olunanlar da region təhsilinin taleyinə vurulan zərbələrlə bağlıdır.

Konkret desək, şikayətçi xüsusi olaraq onu vurğulayır ki, təəssübünü çəkdiyi Xırdalan şəhər 2 saylı tam orta məktəb də acı taleyini yaşayan elm ocaqlarından biridir. Dəhşət ondadır ki, ölkənin elm və təhsil naziri belə idarə müdiri İlhamə Abdullayevanın bu məktəbin direktoruna olan xüsusi münasibətini araşdırmır. O da məcburiyyətdən növbəti şikayətini bu yaxınlarda burada yoxlama aparmış ölkənin Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəhbərinə ünvanlayıb. Ona görə ki, bu maliyyə yoxlaması idarə müdiri İlhamə Abdullayevanın ciddi narahatlığı ilə müşahidə olunub və bütün istiqamətlərdə təhlükəli nəticə ilə sonuclanacağı gözlənilib.

Uzunçuluq olmasın deyə, bu məktəbin direktoru Gülnaz Kərimovanın yarıtmaz rəhbər fəaliyyəti ilə bağlı riyaziyyat müəlliməsi Vəfa Sevdimalı qızı Həziyevanın yazdığı şikayət məktubunu olduğu kimi dərc edirik:

«Hörmətli redaksiya!

Öncə bildirmək istəyirəm ki, Respublika Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin komissiya üzvlərinin bu ilin yanvar ayının 14-dən Abşeron — Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində, o cümlədən ümumtəhsil müəssisələrində apardığı yoxlamalar hələ də davam edir. Mən aprel ayının 12-də bu komissiyanın sədri təyin olunan Arzu müəllimə rəsmi şəkildə müraciət edərək bildirdim ki, onun adıyla, yəni yoxlama komissiyasının adı altında Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru Gülnaz Kərimova kollektiv üzvləri arasında kütləvi şəkildə pul yığımı kampaniyasına start verib.

Yazaraq onu da bildirdim ki, Aqil və Elşad adlı komissiya əməkdaşları aprelin 10-da, həftənin cümə günü, saat təxminən 14 radələrində «Ziya» kafesində məktəbin dirketor müavini Sevinc Abdullayeva ilə birgə nahar fasiləsinə gediblər. Halbuki, mən də yaxşı bilirəm ki, hələ bu günə kimi heç bir komissiya üzvü qanundan kənara çıxıb, yoxlama zamanı məktəb rəhbərliyi ilə birgə hansısa bir yerdə, süfrə arxasında əyləşməyib. Lakin yazdıqlarıma baxmayaraq, komissiya üzvünün bu qanunazidd əməli barədə indiyədək araşdırma aparılaraq, qanun çərçivəsində heç bir ölçü götürülməyib və yaxud hansısa bir tədbir görülməyib.

Belə biganəliyin daha pis nəticəsidir ki, məktəb direktoru Gülnaz Kərimova,

ağına-bozuna baxmadan, güddüyü öz mənafeyi naminə bildiklərini edir.

Adi bir misal: 17.04.2025-ci il tarixində yenidən məktəbdəki rus bölməsinin ibtidai sinif müəllimlərini də cəlb edərək, rəsmi şəkildə pulların yığılmasına tapşırıq verib. Çəkinmədən, açıq-aşkar formada pul yığımı kampaniyasını qəti şəkildə məktəbin rus bölməsindəki 1-ci siniflərdə Ramilə Orucovaya, 2-ci siniflərdə Nigar Əliyevaya, 3-cü siniflərdə Təranə Cəfərovaya, 4-cü siniflərdə Elnurə İsmayılovaya tapşırıb və elə bu məsələnin yerindəcə həllinə nail olub. Azərbaycan bölməsi üzrə bu yöndən tapşırıq direktor tərəfindən Arzu Rəhbər qızı Əzimovaya 1-ci, Şəhla Adışirin qızı Əliyevaya (O, qanunsuz olaraq direktor müavini vəzifəsini də icra edir) 2-ci, Afaq Məhəmməd qızı Qədirovaya 3-cü, Raminə Səxavət qızı Əsədovaya 4-cü, Sevinc Arif qızı Abdullayevaya (rus bölməsi üzrə direktor müavini) 5-11-ci, Könül  Ələkbər qızı Tağıyevaya (direktor müavini) 5-6-cı, Əsli Cahangir qızı Mustafayevaya və Gülçin Məhəmmədəziz qızı Salmanovaya (direktor müavinləri) 8-11-ci siniflər

üzrə verilib. Adlarını çəkdiyim müəllimə xanımlar direktora arxalandıqları üçün, onun verdiyi bu tapşırığı qorxub-çəkinmədən can-başla yerinə yetirirlər.

Onu deyim ki, hər müəllimdən 100 manat yığılırsa, 400 nəfər müəllimdən məvacib zamanı yığılan ümumi məbləğ 40.000 manat edir. Hələ əlavələr olarsa, bu məbləğin nə qədər şişəcəyi də aydın olur…

…Gülnaz Kərimova, axı, sən nə etmək istəyirsən?! Əvvəlcə fikirləşirdim ki, pul yığımında direktora yaxından dəstək olan müəllimlərin adlarını hallandırmayım, ayıbdır, müəllim adına ləkədir. Ancaq, sonradan qərara aldım ki, axı, niyə də bu müəllimlər özlərinə hörmət qoymurlar?! Əgər bu müəllimlər xəcalət çəkmirlərsə, mən niyə onların əvəzinə xəcalət çəkiməliyəm və başqa şeylər fikirləşməliyəm?!
      
Onu da qeyd edim ki, direktor Gülnaz Kərimova ibtidai sinif müəllimlərini, direktor müavinlərinin bir-neçəsini (adlarını qeyd edəcəm) gizli şəkildə bu işə təhrik edib. Guya, məktəbə yazılacaq cərimələr çox olacaq. Ona görə, indidən gələcək beşinci siniflərin də müəllimlər arasında bölgüsünü aparıb. dərs saatlarına görə müəllimlərdən küllü miqdarda rüşvət toplatdırıb. Mən özüm də bu məktəbdə işlədiyim dövrdə bunların şahidi olmuşam.

Baxın, bu qədər adamı rüşvət yığmağa məcbur edənin kimliyi hamıya məlumdur. Mən də kənardan bu qədər məlumatı ala bilirəm, ancaq yoxlama komissiyasının üzvləri içəridə ola-ola bu məsələlərdən guya xəbərsizdirlər. Birmənalı şəkildə bildirirəm ki, rus bölməsi üzrə müavin Sevinc Abdullayevanın bloknotunda deyilənlər barəsində apardığı qeydiyyatlar birbaşa ağır cinayət göstəricisidir. Onun yoxlama komissiyasının adına, lotereya adı altında yığdığı belə pulların sayı-hesabı yoxdur. O, niyə, öz kariyerasını Gülnaz Kərimova kimi birisinə görə məhv edir, nəsə demək olmur! MÜTDA-ya bu barədə etdiyim şikayətlər də cavabsız qalır. Ya da yazırlar ki, məlum nöqsanlar barədə etdiyim şikayətlər öz təsdiqini tapmadı. Sual edirəm, nə zaman gəlib araşdırma aparıblar ki, bu cavabı verirlər?

Ümumiyyətlə, həmişə təəssübünü çəkdiyim bu
məktəb indi özünün pis günlərini yaşayır. Milyonlarla rüşvət yığımı, müəllimlərin hədə-qorxu içində saxlanması, dərs saatlarının satılması, «ölü canlar» kimi texniki işçilər adına pul yazılması… puldan gözü doymayan Gülnaz Kərimovanın törətdiyi əsas cinayətlərdir. Ondan yaxşı nəsə gözləmək də olmur. Dəhşət ondadır ki, insana ləkə vurub, şərləməkdən bezməyən Gülnaz Kərimova belə çox pis əməlləri özünə hobbi seçib.

Tam əminəm ki, belə vəzifə sahiblərinin sonu yaxşı alınmır və aidiyyatı qrumlar onunla bağlı da hərəkətə keçəcəklər. Kifayətdir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsində aparılan yoxlamanın nəticələri ciddi nəzarətdə saxlanılsın və belə bir direktor öz layiqli cəzasını alsın.

Mənsə, haqqı tapdanan bir müəllimə kimi, belə korrupsionerlərə qarşı mübarizəmi yorulmadan davam etdirəcəyəm».

Məhi ELSEVƏR.

REDAKSİYADAN:

Mövzu Arazpress.com-un əməkdaşlarının diqqətindədir. Yazılarımızı davam etdirəcəyik. Tezliklə Vəfa Həziyevanın məktəbdə yoxlama aparan komissiya rəhbəri Arzu müəllimin adına göndərdiyi xüsusi Müraciət əsasında hazırladığımız maraqlı bir yazını da diqqətinizə çatdıracağıq.

araz.az xəbər portalı.