
“Şərur MTK”nın sahibi, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə təqsirləndirilən şəxs qismində tanınıb.
Binəqədi Rayon Məhkəməsi az öncə belə Qərar çıxarıb.
Arazpress.com bildirir ki, şikayətçi iş adamı Emil Səməndərovun vəkili Asim Abbasov məlumatı Qafqazinfo saytına təsdiq edib. Vəkil deyib ki, İ. Axundovun özü məhkəmə prosesinə gəlməyib. Hakim onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edib.
Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri E. Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.
Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.
araz.az xəbər portalı.