İtlərlə müalicə — kanisterapiya dünyada geniş yayılıb. Nə qədər qəribə səslənsə də, bu müalicə üsulunda xəstələri itlər müalicə edir. Ölkəmizdə 1 saylı Respublika Psixioterapiya Xəstəxanasında bu müalicə üsulundan çox istifadə edilir.

Arazpress.com bildirir ki, xəstəxananın həkim-psixiatrı Ayşən İsgəndərova Medianews.az-a verdiyi açıqlamada bu üsulu 2015-ci ildən tətbiq etməyə başladığını deyib:

“Bu müalicə üsulu xəstələrə ev heyvanları vasitəsilə tətbiq olunur. Xüsusilə də ev heyvanlarından atlardan, itlərdən və pişiklərdən istifadə olunur.

Bu metodikanın adı pet-terapiyadır. “Pet” inglis dilindən tərcümədə ev heyvanı deməkdir. Bu terapiyadan ürək-damar xəstəliklərindən başlayaraq, psixi xəstəliklərin müalicəsində istifadə olunur.

Bizim ruhi dispanserdə bu müalicə üsulunu 2015-ci ildə mən başlamışam. Ümumiyyətlə, Azərbaycanda bu terapiya heç yerdə yoxdur. Mənim qabağıma kimsəsiz heyvan çıxdı. Gördüm ki, çox arıqdır. Düşündüm ki, ona yemək lazımdır, çox ehtiyacı var. Özüm də o dönəmdə oruc tuturdum və başa düşürdüm ki, aclıq nə deməkdir? Həmin heyvana yemək verməyə qərara gəldim. Bir-neçə gün sonra mən özümdə qıcığlılığın, əsəbin azalmasını müşahidə etdim. Dərhal mən bunu araşdırmağa başladım ki, bu nə deyilən bir şeydir: Mən adi bir heyvanla ünsiyyət edirəm və niyə belə rahatlaşıram?

Mənim bu araşdırmam pet-terapiyaya gətirib çıxardı. Ona görə də, işlədiyim yerdə bunun tətbiqinə başladım. Biz bilirik ki, psixiatrix xəstələrin fəaliyyəti uzunmüddətli və çətin tabe olandır. Ona görə bu metodika çox yerinə düşdü.

Təbii, təkcə pet-terapiya ilə deyə bilmərik ki, xəstə sağalır. Mütləq şəkildə dərman terapiyası da olmalıdır. Elmi-tədqiqatlar da bunu sübut edir ki, pet-terapiya pasientlərə müsbət, emosional təsir göstərir. Psixiatriya sahəsini götürsək, xüsusilə şizofreniya, depressiya pasientlərində, hansısa bir asılığı olan pasientlərdə (bura alkoqolizm və narkomaniya asılılığı aiddir), postravmatik stress pozuntusu olan xəstələrdə, uşaqlarda autizm rast gəlinəndə, pet-terapiya çox yaxşı, müsbət nəticələr göstərə bilər.

Bizim xəstəxanada itlərlə tətbiq olunur bu müalicə üsulu. İt təmənnasız sevginin əsaslarını inkişaf etdirən bir heyvandır. O səni sadəcə var olduğun üçün sevir. Psixi xəstəliyi olan pasient biz bilirik ki, özünə qapanır, ətrafda sosiallaşma problemi yaşayır. O, pasienti cəmiyyət qəbul etməkdə çətinlik çəkir. Pasientin özünün cəmiyyətə sosiallaşmasında da böyük qadağaları və problemləri olur. Məhz heyvanlarla ünsiyyət, münasibət onlara bu məsələdə müsbət təsir göstərir”.

Ayşən İsgəndərova deyir ki, müalicənin daha effektiv olması üçün, bu metodda küçə itlərindən istifadə edilir:

“Əks göstərişlər bu ola bilər ki, insanın heyvanlara allergiyası olsun. Və yaxud sadəcə qorxsun. Sübut olunmuş tədqiqatlar da deyir ki, heyvanlar emosiyalarımızı stabilləşdirməyə kömək edir. Heyvanlar biz insanları daha rahat, daha sakit olmağa kömək edir. Biz ətrafa etibarımızı, özümüzə əminliyimizi inkişaf etdiririk. Sırf bu terapiyadan keçən xəstələrdə nəzərdə tuturam.

Təbii ki, ünsiyyət bacarıqlarının sosiallaşmasına da kömək edir. Heyvanlarla ünsiyyət bizi tənhalıqdan azad edir. Bizim qıcıqlığımız, qəzəbimiz azalır. Hətta yuxusuzluğa belə müsbət təsir göstərir. Xoşbəxtlik hormonlarının bizim beynimizdə səviyyəsi qalxır. Nəticədə, insanlar xoşbəxt olur və sevinir. İtlərdən başqa heyvanlarla müalicəni düşünmürəm. Bir tərəfdən də bizim müalicədə sırf kimsəsiz heyvanlardır iştirak edən. Küçədə olan heyvanlardır. Biz onları küçələrdən yığırıq. O heyvanlar tibbi cəhətdən vaksinasiya olunub. Həkim nəzarəti altındadır.

Kimsəsiz heyvanların cəmiyyətdə düzgün bəslənməsinə nəzarəti gücləndirmişik ki, onlar çoxalmasınlar. Onların sağlamlığı düzgün olsun. Bir tərəfdən həm cəmiyyətə, həm də heyvanlara kömək edirik. Kimsəsiz it mövzusu çox həssasdır. Ələxsus, bizdə əhali arasında kimsəsiz heyvanlara qarşı mənfi münasibət yaranıb. İnsanların bu haqda yetərincə biliyi yoxdur. Ona görə də, hələ ki, bu terapiyanı kimsəsiz itlərlə düşünürük”. /Medianews.az/

araz.az xəbər portalı.