
Daşkəsən Rayon İcra Hakimiyyəti 2024-cü ildə bir-neçə tender elan ilə, rayonda bəzi yenidənqurma və abadlıq işləri həyata keçirəcəyini elan etmişdi. Onda həmin tenderlərin qalibləri və ayrılacaq vəsaitlər də bəlli idi. Etibarlı mənbədən Arazpress.com-a daxil olan məlumatda isə bildirilir ki, amma sonradan bağlanılmış müqavilələrə əsasən Daşkəsəndə qeyd edilən işlərin heç birinin görülmədiyi məlum olub.
“Nur General Suppler” MMC ilə mal və materialların alınması üçün dekabrın 11-də 17.783 manatlıq satınalma müqaviləsi imzalanıb.
Bundan əvvəl isə, yəni ötən ilin noyabrında “Star Təmir Construction” MMC ilə Daşkəsən şəhərində mənzil fonunun əsaslı təmiri məqaəsdi ilə razılaşma əldə olunub. Bunun üçün 43.478 manatlıq müqavilə də imzalanıb.
Həmin şirkətlə ötən ilin dekabrında Daşkəsəndə yolların əsaslı təmiri üçün də iki müqavilə bağlanılıb. Birinci tender üzrə şirkətə 85 min 819 manat, ikinci tender üzər isə, 74.589 manat pul ayrılıb.
Maraqlıdır ki, parallel olaraq Daşkəsən İcra Hakimiyyəti “Rəz” MMC ilə də mal və materialların alınmasına dair anlaşıb. 22 min 836 manatlıq satınalma müqaviləsi bağlanılıb.
İcra Hakimiyyəti bu ilin aprelin əvvəlində Daşkəsəndə abadlıq işlərinin həyata keçirilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması barədə tenderə yekun vurub. “Az-Arxitektura” MMC-yə bu məqsədlə 7 min 823 manat pul ayrılıb.
İşin qəribə tərəfi odur ki, Daşkəsən Rayon İcra Hakimiyyəti ötən il görülməli olan işlərin heç birini reallaşdırmayıb. Bu azmış kimi, ötən ilə aid olan işlər üçün layihə-smeta sənədlərini bu il hazırlatdırıb.
Xatırladaq ki, Daşkəsənin icra başçısı Orxan İrşad oğlu Abbasovdur. O, bu vəzifəyə 15 iyul 2024-cü il tarixində təyin edilib.
Daşkəsənin icra başçısının atası İrşad Abbasov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru olub. O, kollecin maddi-texniki bazası adı altında xeyli miqdarda maliyyə pozuntusu törədib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin 23 may 2024 cü il tarixində yaydığı məlumata əsasən qeyd edirik ki, kollecin sabiq direktorunun əməllərində korrupsiya faktı müəyyən edilərək, külli miqdarda — 88 min manat maliyyə pozuntusu sübut olunub.
Bu günlərdə isə onun oğlunun — Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun 250 min manat tender maliyyəsinin hansı istiqamətdə xərclədiyi gündəmə gəlib.
Yazının davamı olacaq.
Məhi ELSEVƏR,
araz.az xəbər portalı.