
“İlk növbədə sağlamlığımın qeydinə qalmalıyam. Bunun üçün tələb olunan müayinələrdən keçməliyəm”.
Arazpress.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı deyib.
O bildirib ki, müayinələrin nəticələrindən sonra həkimlər nə tövsiyə etsə, ona uyğun müalicə metodu seçiləcək:
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram”.
Xatırladaq ki, aprelin 25-də “Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallı səhhəti ilə bağlı cəzadan azad edilib. Əvəz Zeynallının bir müddət əvvəl xərçəng xəstəliyinə yoluxduğu bildirilib.
O, Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri, Elnur Şükürov isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri ilə təqsirli bilinib.
araz.az xəbər portalı.