
“Mən 96-cı ildə bəraət almışam, qardaşoğlu. Düz 96-cı ildə. 1956-cı ildə şəxsiyyətə pərəstişliyin nəticələri ləğv olunandan 40 il sonra. Al, bu da sənədim”.
Deyibən də, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Hüseynovun imzaladığı sənədi çıxarır: “1955-ci ildə anadan olmuş Nəsibov Vəli Alı oğlu 1956-cı il aprel ayının 29-da SSRİ DİN-in müvafiq əmri ilə sürgündən azad edilmişdir.
“20-50-ci illərdə bütün siyasi repressiya qurbanlarının hüquqlarının bərpa edilməsi haqqında” 15 mart 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə siyasi repressiya qurbanı sayılmaqla təmizə çıxarılmış hesab edilir”.
…Əslində “Nəsibov Vəli” adı sizə heç nə deməyəcək. Bəlkə, özü də öz soyadını çoxdan unudub. Çünki onu soyadı ilə çağırmırlar. Kimi “şair”, kimi “əmi” deyir Vəliyə. Özü isə özünə dərviş. Vallah, mən onun dərvişliyini görməmişəm. Bəlkə də dərvişlik edir. Amma mənim bu dərviş “institutundan” anlayışım yoxdur. Əgər dərvişlik 30 ildir hər səhər Biləcəridən gəlib “Azərbaycan” Nəşriyyatının birinci mərtəbəsindəki bufetində lövbər salmaqdırsa, tamam, qoy olsun dərviş. Ona qalsa İlyas Ərnəfəs sufi mürşididir ki? Çünki uzun saçlı, daim sanki zikr edən İlyas elə görünüşündən sanki dərvişdir.
Bir şair yaşayır Biləcəridə,
Yarı yuxuludur, yarı da sərxoş.
Bir şair yaşayır Biləcəridə,
Əlləri cibində, cibləri bomboş.
Hər halda, tanıdığım neçə vaxt ərzində mən Vəlini nə yarıyuxulu, nə yarısərxoş, nə də ciblərini bomboş gördüm. Hər səhər saat düz 10-da, əlində iki qəzet – adlarını yazmıram reklam olar – birinci mərtəbədəki bufetin bufetçisi Anarın “6-cı stol” adlandırdığı masanın başında oturub qəzetləri vərəqləyir.
“Nəşriyyat məni tilsimə salıb…”
— Nəşriyyat tilsimə salıb qardaşoğlu, məni. Çıxıb gedə bilmirəm. Bura sanki bir bataqlıqdır, girdin çıxa bilmirsən. Düz 30 ildir bu bataqlıqdayam. 30 ildir ki, günüm bü yeməkxana ilə başlayır, bura ilə də qurtarır.
— Bəs bezdirmir?
— İnanırsan, yox. Çünki mühitə alışmışam.
— Və hər gün də mey məclisləri.
— …
— Rəhmətlik Süleyman Osmanoğluna belə bir sual vermişdim bir vaxt. Dedim, əmi, indiyəcən sənin qara ciyərindən neçə ton araq keçib. Dedi, hesablamamışam. Və oturduq Süleymanın neçə yaşından araq içdiyini, gündə təxminən ortalama nə qədən “şərab istemal etdiyini” hesabladıq. Vallah yadımda deyil. Neçə tonsa spirt alındı.
— (Gülür) Məndə bir az çox olar.
— Çox deyəndə nə qədər?
— Nə bilim ayə? (Gülür)
“Qazaxdan Tomska…”
Oturub hesablayıram. Vəli əmi əgər gündə ən azı yarım litr araq içirsə, bu ildə təxminən 183 litr edir. Bunu da 30 ilə vursaq? Vay, vay, vay, Anan ölməsin qara ciyər yiyəsi, düz 5 tona 500 litrə yaxın eləyir. Amma bu təkcə nəşriyyatda həzm-rabedən keçirilənlərdir. Vəli əminin 26 yaşından sonra başlayan “prosesdir”. Bəs, 26-ya qədər haralardaymış Vəli?
Nəsibovlar ailəsi SSRİ vaxtında iki dəfə sürgün olunublar. Bir dəfə 30-cu illərdə, bir dəfə də müharibədən sonra. Türkiyədə yaxın qohumları yaşayıb. Bu da onlara baş bəlası olub. 50-nin əvvəlində Nəsibovlar ailəsi atası Alı kişi başda olmaqla Tomsk vilayətinin Baxça rayonuna sürgün ediliblər. Vəli də elə orda anadan olur.
— Babam Əmiraslan Stalinlə bir yerdə Qori seminariyasında oxuyub. Amma o vaxt qohumlarımızın heç biri Stalinə məktub yazmayıblar ki, bizi günahımız yoxdur, bizi sürgündən azad etsin. Mənim atama, hələ sürgündə olanda Sosialist Əməyi Qəhrəmanı adı vermək istəyirdilər. Tomskda tanınmış çoban idi. Amma atama deyiblər ki, burda qal. O isə razı olmayıb, Azərbaycana qayıdıb. Daha doğrusu, anam israr edib ki, vətənə qayıdaq. Özü də maraqlı arqumenti olub. Deyib ki, qorxuram oğlanlarım böyüyə rus qızı ala.
“Tomçaylı, yaxud Tomski?”
— (Sözünü kəsirəm) Tomsk yadında qalıbmı?
— Yox, təbii. Biz ordan köçəndə bir yaşım vardı. Amma məndən böyük qardaşlarım oranı qismən də olsa xatırlayırlar. Hətta qardaşım, rəhmətlik Eldar Nəsib öz şerlərini “Sibirel” imzası ilə yazardı.
— Bəs atan rəhmətlik tərslik eləməsəydi, Sosialist Əməyi Qəhrəmanı adını almağa razılaşsaydı, yəqin, indi Sibirdə “Tomçaylı” təxəllüsü ilə yazırdın. Yaxud da Tomski. Maraqlı imza olardı (Bu dəfə mən gülürəm).
— Maraqlı sualdır. Amma sənə bir söz deyim. Bu bizim Xram çayı ki var, Kürlə bərabər mənbəyini Türkiyədən götürür. Kür Qazaxı yarıb keçir, bütün Azərbaycan boyu axır, amma Xram Azərbaycan ərazisindən cəmi 6 kilometr keçir və Kürə birləşir. Mən elə bu 6 kilometrin şairiyəm.
“İmkan versəydilər “Neftçi”də oynayırdım…”
— Və uşaqlıqdan fikirləşdin ki, Səməd Vurğun kimi şair olum…
— A tövbə… Nə şair, ayə. Ən böyük arzum bilersənmi nə idi? Futbolçu olmaq. Futbol mənim sanki qanıma yazılmışdı. O vaxt imkan versəydilər, həmin zaman ən azı “Neftçi”də, ya da “Dinamo” Tiflisdə top qovurdum.
— Şengeliya, Çivadze, Qutsayevlə birgə?
— A qardaşoğlu, onları ayağıma dolayardım eee…
— Səndən başqa da Xramçaylı var?
— Deyəsən, yoxdur. Amma kimsə “Xramçaylı” təxəllüsü götürsə, etiraz eləmərəm. Bir dəfə belə bir şeir yazmışdım:
Ya qazi ol,
Ya dərviş ol,
Ya şəhid!
Sən dərvişsən, ay dərviş Vəli!
Elə kitablarımdan biri də belə adlanır: “Bir dərvişəm yer üzündə”.
— Səndən başqa “dərviş” imzası ilə mətbuatda çıxış edən olub?
— Niyə ki? Məndən başqa iki dərviş var. Dərviş Osman, bir də dərviş Cavanşir.
“Şıxlı imzası götürmək ağılsızlıqdır…”
— Bəs nə əcəb “Şıxlı” imzasını götürmədin? Özün ki Şıxlıdansan?
— Qardaşoğlu, o boyda nəhəngdən sonra Şıxlı imzası götürmək ağılsızlıqdır. İsmayıl Şıxlıdan sonra hansı ağılla “Şıxlı” imzası götürəsən, başım çıxmır. Sənə bir sirr açım. Bilirsənmi, Vidadi Babanlı bir vaxtlar “Şıxlı” imzası ilə yazmaq istəyib. Daha doğrusu, təzə-təzə Şıxlı imzası ilə çıxış edib. Sonradan ona deyiblər ki, bu boyda İsmayıl Şıxlıdan sonra bu imzanı götürmə. O da razılaşıb. İsmayıl Şıxlı əsl Azərbaycan kişisidir. Onun yaratdığı Cahandar ağa əslində tarixi şəxsiyyətdir. Və mənim ana babamdır. Cahandar ağanın qızını mənim babam Qara Məmməd alıb. Hə, bir şey də deyim. Kitabda da, kinoda da adı keçir a, Cahandar ağanın oğlu Şamxal. Qoriyə oxumağa gedən. Əslində onun əsil adı Qiyas bəydir. O da mənim qohumumdur. İsmayıl Şıxlı ən azı “Dəli Kür”lə imzasını Azərbaycan ədəbiyyatına qoyub. Ümumiyyətlə, İsmayıl Şıxlı özünü həm Azərbaycan ədəbiyyatına, həm də kişilik tarixinə yazdırmış şəxsiyyətdir. Bütövdür, nəhəngdir İsmayıl Şıxlı!
— İsmayıl Şıxlı nəhəngdir, yoxsa Səməd Vurğun?
— (Gülür) Ayə, qardaşoğlu, şairə, özü də qazaxlıya elə əndrəbadi sual verirsən ki…
— Bəs sənin üçün beş ən yaxşı ədib kimdir?
— Fizuli, Vidadi, Blok, Lermontov, Yesenin.
— Bəs Səməd Vurğun, Sabir? İkincini necə deyərlər qoydum bir yana. Birincini ilk beşliyə salmadığına görə, qorxmursan qazaxlılar səni linç edərlər? (Gülürəm)
— Yox qardaşoğlu. Mən düşündüyümü deyirəm. Vurğunla Sabir mənim üçün ikinci mərhələdir.
***
Şairlə adama iki parç pivə içib sağollaşrıq. Ayrılanda bircə onu deyir, yazı nə vaxt gedəcək? “Yaxın günlərdə, şair” — deyə, cavab verirəm.
— Nəşriyyatdayam da, qadan alem, gedən kimi, xəbər elə.
Di al, getdi. Bəs sən nə vaxt nəşriyyatdan gedəcəksən?
İçmək yaddaşı sıfırlamaq üçündü bəlkə?
…İndi nə rəhmətlik dostum Səbuhi var, nə də onun qoyub getdiyi Mətbuat evi. Oba köcüb yurdu qalıb. Nəşriyyatdakı kafelərın hamısı baglanıb. Ancaq Vəli Dərviş qoz kimidir. O da var ki, Dərviş Vəlini tapmaq ücün gərək əvvəlcə telefon nömrəsini tapasan, bir gün irəlidən zəng edib görüş təyin edəsən, sonra filan-bəsməkan…
Bu da sadəcə Vəli Xramcaylı…
Elə Dərviş Vəli… Bu ad hamımıza yaxşı tanışdır. Bu adın arxasında uzaq Sibirdən bəri Tanrı vergili bir söz adamının hər biri ədəbiyyat camiəsində hadisəyə cevrilən yüzlərlə şeirləri dayanır. Cagdaş poeziyamızın ünlü isimlərindəndir Dərviş Vəli Xramcaylı… Nə yazıq ki, saglıgında hər böyük, qeyri-adi sənətkar öz millətinin ögey övladıdır. Dərviş Vəli də eləcə, tale oxşarı rəhmətlik Əli Kərimə bənzəyir. Vəlinin hansı şerini oxusan, mütləq ondan Azərbaycan ətri gəlir…
Dərviş Vəli bax belə adamdır. Dünyaya doğru zamanda, doğru məkanda gəlmək də bir tanrı xoşbəxtliyidir. Belə görünür ki, o, bizim zəmanəyə ya keçmişlərdən, ya da gələcəklərdən səhv düşüb, yolunu azaraq gəlib. Bu qədər döstün-tanışın icində tənhadı Dərviş Vəli.
Bircə gücü özünə və sözünə çatır, özünü içki ilə ovundurur. İçmək yaddaşı sıfırlamaq üçündü bəlkə? Bu “üsulu” hər sənətkar bilməz axı…
İlləri yola sala-sala bu gün 70-ini tamam edir, Dərviş Vəli. Maləsəf özü-özünə qiymət verməyi bacarmır və bacarmayacaq da… Bu da onun taleyidi…
Deyir ki, “Mən bir dərvişəm. Dünyaya Sibirdə gəlmişəm, Azərbaycanda böyümüşəm, bu torpağın dərvişi kimi də yaşayıram…”.
Dərviş Vəlinin nə hökumətdən, nə də Yazıcılar Birliyindən təmənnası-zadı yoxdu… HEC OLARIN DA AGLINA BELƏ GƏLMƏZ Kİ, Mətbuat Evində bir DƏRVİŞ VƏLİ VAR…
Bir dərvişəm yer üzündə…
Bayaq dedim ki, sabah şair Vəli Xramçaylının 70 yaşı tamam olur. Şair ilə görüşüb söhbət etmək keçdi könlümdən. Şeirləri və xarakteri ilə başqalarından seçilən Dərviş Vəlini qızıl yubileyində çözmək, öz dilindən oxucularımıza təqdim etmək istəyi ilə telefonda nömrəsini tapıb zəng edirəm. Telegonun o başından Vəlinin səsi eşidilir:
— Ayə, hardasan, havaxt gəlibsən… daha az-az görünürsən… gəlirəm…
Bir azdan Vəli Biləcəridə “Ağsaray”ın böyründəki həmişə görüşdüyümüz 2 mərtəbəli xüdmani kafenin ikinci qatında mənə qonaqpərvərlik edib, oturmağa yer göstərir. Xidmətci qız həmişəki kimi öz işindədi, stolu səliqə-səhmana salır.
Soruşuram:
— Bəy, işlərin necədir, təzə kitabın necə oldu, tamamladınmı?
Danışdıqca dodaqlarına pərçimlənən siqaret rəqs edir:
— Hə qağa, “bekarsroy”umu deyirsən, iş var, işləyək? Kitabı deyirsənsə, yerindədir, “siqnalnısın” almışam.
Sonra da qutudan bir siqaret götürüb yandırır. Ayağa qalxıb pəncərəyə yaxınlaşır. Açıq pəncərədən ətrafa boylanır… Söhbətə çəkirəm. Zatən söhbətcil adamdır, amma bu gün nədənsə az danışır. Bilə-bilə soruşuram:
–70-ə nə qaldı, a şair?
– Bax, o “yarım”ı sənlə vuracam, sonra gedib evdə rahatca yatacam. Şükür Allaha, səhər yerimdən qalxdımsa deməli bu da 70… Vallah hec nə vaxt gəldiyindən xəbərim olmuyuf. İnsan dediyin məxluq gör necə nainsafdır. Allaha işimiz düşəndə elə yalvarırıq ki… Lap ilan dili cıxarırıq. Ancaq elə ki, işimiz düzəldi, “cırırıq” aradan. Elə bil dədəmizə borcu varməş. Allahsız adamnan nə desən gözləmək olar. Atam mən Tanrı aşiqiyəm… Bu 70-in 20-si hec, 50-si icimi yandıra-yandıra gəlib-kecib ömrümdən. Bu ağappaq yolda qara paltarlı bir kişiyəm… Açığı, ruhən özümü qürbətdəki kimi hiss edirdim. İnsan hər yerdə qürbətdə ola bilər, yəni ailən başda olmaqla ətrafındakılar səni başa düşmürsə, sən artıq qürbətdəsən, heç yana çıxıb getmək lazım deyil. Sən səni başa düşən 3-5 adamın yanında olmalısan. Bu, insanın həyatda xoşbəxt olmasının şərtlərindən biridir. Canın tam sağlam, özün zəngin ola bilərsən, ancaq yanında ailən, anlayanın yoxdursa, heç vaxt xoşbəxt ola bilməzsən. Bunu tək mən demirəm, bunu həm alimlər, həm də ruh adamları deyir. Nəyisə qurban verib nəyisə qazanmalısan. Mən qürbətdə dogulmuşam, ruhumda qürbət var. Bir az dərinə getsək, bütün həyatım, oxuduqlarım, gördüklərim məni dərvişliyə gətirib çıxardıb.
— Ay Vəli, “Azərbaycan” nəşriyyatının “7 arxadan dönəni” ayağının altındaydı. 7-ci mərtəbədə qaladığın “Ocaq” nə olgu bəs?
— Düz 17 il ikinci mərtəbədə idim. Sonra da 17 il 7-ci mərtəbədə oturdum. 7 rəqəmi indi özün düşün, necə görünər. Yaman azaldı mən görən kişilər, mən görən ozanlar… 17 ili Məmməd Arazla – o böyük şairlə bir yerdə olan şairin baxışı necə ola bilər? Gələn gəlir, gedən gedir, zaman öz işindədir. Nəşriyyat daha yoxdur qardaş, öldürdülər, ocagı söndürdülər. Ölkədə müstəqil yazılı mətbuat qalmadı ki…
Xramçaylı dərvişdir, Dərviş də Xramçaylı
Heç belə görməmişdim şairi. Həmişə yeyib-içməkdə, kefi kök, zarafat etməklə hər kəsin rəğbətini qazanan şairin qayğılı vaxtına təsadüf etmişdim. Onun kefini düzəltmək ücün yüz süzdüm, bəri başdan 70 illik yubileyini səmimi ürəkdən təbrik edirəm, dedim. Vurdu, “oxayy”deyib birini də özü süzdü, “Sən də tərgizməyə vaxt tapdın”, dedi.
— Nə olub, şair, niyə belə kefin yoxdur?
— Yox, ay qağa. Sualın məni uzağlara apardı. Köhnə vaxtlara…bir az qayğılandım. Görürsən də, hər şey dəyişir. Sən gördüyün vaxtlar deyil…
Vəli Xramcaylı mənim 45 illik dostumdur. 45 il əvvəl Bakı Dövlət Universitetinin həyətində tanış olmuşuq. Mən universitetin jurnalistika fakültəsinə, o, isə ədəbiyyat fakültəsinə qəbul olunmuşduq. Hər ikimiz qəbul siyahısında adımızı görüb qucaqlaşıb dost olmuşduq. Sonradan təsadüfən öyrəndim ki, tanışım şair Eldar Nəsibin kicik qardaşıdır Vəli.
“Bəlkə bir az qıcıqlandırım onu”, — fikirləşirəm. Axı sabah yetmiş yaşı tamam olacaq…
— Ay Vəli, deyəsən “torbada pişik var”, təbrik edirəm son günlər deputatlarla, icra başcıları ilə oturub-durursan, dövlət televiziyasında yaradıcılıgına veriliş həsr olunur? Sirr deyilsə…
— Sir-zad deyil boya-başa catdıgım Qazaxda, İcra Hakimiyyəti və AYB-ın Qazax filialının birgə təşkilatcılıgı ilə yetmiş illiyimə həsr olunmuş geniş və maraqlı tədbir kecirildi. May ayının birinci 10 günlüyündə isə AYB-da da geniş tədbir olacaq.
— Ola bilərmı, dövlət mükafatı gözlənilir?
— Onu cox hörmətli Anar müəllimdən soruşsanız yaxşı olar…
Həsrəti kim səpib bunun ömrünə,
İlahi, özü də necə sıx düşüb,
Üzünə baxanda mənim yadıma,
Nədənsə həmişə ayrılıq düşüb,
İlahi, bu adam bizə oxşamır.
Bütün savablara sizindi deyib,
Bütün günahları gözündə yuyan.
Bütün ağrıları çəkib özünə,
Bütün əzabları özündə yuyan
İlahi, bu adam oğlundu bəlkə?
İlahi, bu adam bizə oxşamır,
Baş kəsmir, qan tökmür, bu azmış kimi
Dünyanın malına gözünü yumur.
Üstümüz-başımız qan içindədi
Bu ev tikilmiş hələ də durub,
Bizdən – adamlardan adamlıq umur.
Əli yaxasında Altaydan keçib,
Ümidi sonuncu Dənizdə batan.
Dərbəndə, Göyçədə göyərən ahı
Ötüb Ərdəbildən, Təbrizdə yatan,
Həzrəti İsa tək ruhu çarmıxa
Çəkilib, özünü ağlayıb gəzir.
Haylayıb səsləyir ayrılıqları,
Gözünə-könlünə bağlayıb gəzir,
İlahi, bu adam göy adamıdı,
İlahi, bu adam bizə oxşamır.
Pərişan tellərin yad əli hörən
Sağında-solunda həsrət göyərən,
Bir payız gününə qoşulub ötüb,
Ötən durnalara o payız günü
Bir pəri qoşulub, quş olub ötüb,
İndi Tanrısından gör nə diləyir
Yalvarır, bax, həmin payızı qaytar,
Bax həmin payızın alıb getdiyi
Peşiman baxışlı o qızı qaytar.
Bizimtək sevməyib sevdiyi kəsi,
Açılmaz sehirli sirr kimi sevib.
Nəziri-niyazı bütöv ömrüdü,
Sevib ocaq kimi, pir kimi sevib.
İlahi, bu adam başqa cürədir,
İlahi, bu adam bizə oxşamır.
Aydınlıq süzülür dediyi sözdən,
Döyüşdük, vuruşduq az aldıq deyir.
Hələ danışmağı dursun bir yana,
Susub durmasında azadlıq deyir
Qorxusu-ürküsü hardan olacaq?
Sibirdə doğulub, sürgündə, atam.
Dara yerikləyir azadlığıyla,
İlahi, bu adam qorxmur ölümdən.
Durub Gündoğandan Günbatan sarı
Gözünü göyünə sıxıb gələcək.
Bürüyüb canını dərviş ruhuna,
Sənin də dünyadan çıxıb gələcək.
Qaytaran tapılmaz onu bu yoldan,
Gələcək sözü var sənə deyəsi.
Gələcək yanına sözün sahibi,
Gələcək yanına Kəlam yiyəsi.
İlahi, biz onda biləcəyik ki,
Elə özü boyda qəmimiş Vəli.
Onda biləcəyik itkimiz nədir,
Onda biləcəyik kim imiş Vəli.
Hələ böyrümüzdə yanımızdadı,
Hələki yerdədi bu göy adamı,
Göynəyə-göynəyə, bir gün gələcək
Qədrini bilmədik deyəcək hamı.
İlahi, üstündən nəzərlərini
İlahi üstündən çəkmə əlini.
Öz doğma balandı, İlahi, bildim
İlahi, sən qoru dərviş Vəlini.
HAZIRLADI:
Ədalət NƏBİ /BİA.az/
araz.az xəbər portalı.