
“Hazırda Ana Vətən Partiyasının qurultayı keçirilir. Partiyanın sədri Fəzail Ağamalı qızı Günay Ağamalının namizədliyini irəli sürdü. Lakin çox az sayda dəstək gördü. Qurultayın əksəriyyəti mənim namizədliyimi irəli sürüb. Bunu həzm edə bilməyən Fəzail Ağamalı isə qurultayın gedişatını pozmağa cəhd etdi”.
Arazpress.com bildirir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Fəzail Ağamalının oğlu, partiya sədrinin Təşkilati məsələlər üzrə müavini Elçin Ağamalı deyib.
O, atasının dolayı yolla ona mane olduğunu bildirib:
“Atam Fəzail müəllim 30-40 nəfər olan öz tərəfdarları ilə zalı tərk etdi. Qalan qurultay nümayəndələri zalda əyləşiblər. Onu da qeyd edim ki, zalın işığını söndürtdürərək insanları oradan çıxarmağa çalışırlar. Hətta qurultay nümayəndələrini mühafizə çağıraraq təhdid edirlər”.

Elçin Ağamalı bacısı Günay Ağamalının partiya sədri seçilməsinə qarşı olduğunu bu cür izah edib:
“Hazırda qurultayda 100 nəfər nümayəndə iştirak edir, onlar məni dəstəkləyir. Biz yekun və ədalətli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Demirəm ki, Günay xanım seçilməsin. Burada söhbət mənim istəyib-istəməməyimdən getmir, partiya üzvlərinin seçimindən gedir. Yüzdən artıq nümayəndə faktiki olaraq mənim namizədliyimi dəstəkləyir”.
Xatırladaq ki, Ağamalı ailəsində gərginlik ötən il Milli Məclisə seçkilər ərəfəsində başlamışdı. Belə ki, Fəzail Ağamalı öz yerinə qızı Günay Ağamalını namizəd göstərəndə oğlu Elçin Ağamalı buna etiraz etmişdi. O gündən sonra ata və oğul arasında ciddi gərginliklərin yaşadığı bildirilir. Hətta deyilir ki, Fəzail Ağamalı xeyli müddətdir oğlu ilə danışmır, onun zənglərinə cavab vermir.
araz.az xəbər portalı.