
Fatimə Seymur qızı Ömərova Rəssamlıq Akademiyasının Dekorativ tətbiqi sənət fakültəsinə qəbul olunmasıyla, hələ orta məktəbdə oxuyarkən sevib-seçdiyi sənətdəki ilk uğrunu qazanmış olub. Artıq fakültənin Bədii toxuculuq ixtisası üzrə aldığı ali təhsildəki işıq saçan uğurlarıyla fərqlənən 4-cü kurs tələbəsidir. Tələbə-rəssamın imza atdığı daha bir uğur da ona bu günlərdə “İşığın izində” bəxş olunub; Keçirdiyi daim xatırlanacaq eyniadlı ilk fərdi yaradıcılıq sərgisi maraqlı alınmasıyla ona bir dünya sevinc bəxş edib.
Qeyd edək ki, gənc rəssamın tələbəlik illərində qazandığı bilik və bacarığının bir bəhrəsi kimi təqdim edilən, düşündürücü yaradıcılıq nümunələri ilə zəngin olan, müəllimləriylə, doğma-yaxınlarıyla, tələbə yoldaşlarıyla və dostlarıyla bərabər, sənətkarları və sənətsevər ictimaiyyət nümayəndələrini, eləcə də “Araz” Media Qrupunun tərkibindəki Arazpress.com xəbər portalının əməkdaşlarını bir araya gətirən bu tədbir paytaxt Bakıdakı Beynəlxalq Qalereyada baş tutub.
Onu da qeyd edək ki, Fatimə Ömərova layihə rəhbəri Aygün Əzizovanın hərtərəfli dəstəyi ilə ərsəyə gələn bu sərgisində işıq, rəng və toxuma harmoniyasını bədii zərifliklə ifadə edən əsərlərini nümayiş etdirib. Təqdim etdiyi hər bir əsəri öz bədii çalarlarıyla gənc sənətçinin daxili aləmini, həyatsevərliyini və sənətə olan dərin sevgisini özündə əks etdirib. İncə toxuma texnikası və parlaq rəng çalarlarıyla diqqət çəkən gənc sənətçinin yararadıcılıq işləri bütün tamaşaçılarda xoş təsir bağışlayıb.
Bu tədbirdə nüfuz sahibi bir sıra tanınmışlar çıxış edərək, Fatimə Ömərovanın bu mürəkkəb və çətin sənət yolunda yenicə atdığı inamlı addımlar zamanı qazandığı böyük uğurları xüsusi olaraq qeyd edib, bu əlamətdar gün münasibətilə onu səmimi qəlbdən təbrik edərək, gələcək yaradıcılığında ona nüfuz və şərəf bəxş edəcək yeni-yeni nailiyyətlər diləyib, böyük sənət uğurları arzulayıb, istedadının daim parlayacağına ümid etdiklərini bildiriblər.
Çıxış edənlərdən Beynəlxalq Qalereyanın direktoru, rəssam Elnurə İsgəndərova, rəssam Abbas Əliyev, Azərbaycan Dillər Universitetinin İspan dili Mərkəzinin rəhbəri Nərgiz Mədətova, ispan dili və ispandilli ölkələr üzrə ekspert, Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov, tibb polkovniki Nurəddin Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Leyla Mətin, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, elminfo.az saytının təsisçisi və Baş redaktoru Ceyhun Şakiroğlu və başqaları öz çıxışlarında gənc sənətçinin yaradıcılığında hiss edilən emosionallığı və peşəkarlıq meyillərini də xüsusi olaraq vurğulayaraq, onun gələcəkdə Azərbaycanın bədii irsinə dəyərli töhfələr verəcəyinə inandıqlarını da bildiriblər.
Onu da deyiblər ki, gənc nəslin bir nümayəndəsi tərəfindən bu mürəkkəb sənətə belə yüksək estetik zövqlə yanaşma ölkənin gələcək mədəni inkişafı baxımından çox sevindiricidir. Çünki, o, təkcə texniki bacarığı ilə deyil, həm də beynəlxalq mədəni ünsiyyət qazanmaq bacarığına malik olması ilə fərqlənir və bu istiqamətdə uğurlar qazandığı göz qabağındadır. Məhz bunlara görədir ki, gənc rəssamın əksər əsərlərində dünya mədəniyyətinə açıq yanaşma da aydın hiss olunur. Bu isə, yaradıcılığı sərhədlər tanımayan bu istedad sahibinin dünya arenasında layiqli təmsil olunacağına da inamı artırır.
Çıxışlarında yaradıcılıq axtarışlarında özünəməxsus bir yol seçən, işıq və rənglərlə apardığı eksperimentləri müasir incəsənətin ruhuna uyğun uğurlu cəhdləri kimi qəbul edən, üstəlik texniki ustalığını, formalar və rənglər üzərində apardığı cəsarətli axtarışlarını getdikcə daha da genişləndirən Fatimə Ömərovanın işlərində poetik bir baxışın mövcudluğunu da vurğulayıblar. Eləcə də, onun toxuma sənəti vasitəsilə danışdığı hekayələrin hər bir izləyicidə fərqli duyğular oyatmaq gücünə malik olduğunu deyiblər.
Sərgiyə gələn sənətsevərlər isə, Fatimə Ömərovanın əsərlərində həyatsevərlik, pozitivlik və insanın daxili işığının bədii ifadəsini gördüklərini xüsusi olaraq qeyd ediblər. Məhz bu xüsusiyyətlərinə görə mürəkkəb yaradıcılığının gələcəkdə daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Fatimə Ömərovanın valideynləri də tədbirdə çıxış edərək, övladları ilə fəxr etdiklərini dilə gətirib, iştirakçılara minnətdarlıqlarını çatdırıblar. Onlar Fatimə Ömərovanın hələ uşaqlıqdan bu sənətə olan böyük marağını dəstəklədiklərini, gələcək fəaliyyətində də ona dəstəkçi olacaqlarını deyiblər.
Gənc rəssamın özü isə çıxışında bildirib ki, bu sərgi onun üçün yalnız bir başlanğıcdır. Gələcəkdə beynəlxalq sərgilərdə iştirak etməyi, Azərbaycanın zəngin sənət ənənələrini dünya arenasında tanıtmağı qarşısına məqsəd qoyub. Hazırda yeni yaradıcılıq layihələri üzərində çalışdığını, yaxın gələcəkdə daha geniş auditoriya qarşısında çıxış etməyi planlaşdırdığını söyləyib.
Qeyd edək ki, tədbirdə iştirak edən Fatimə Ömərovanın tələbə yoldaşları ona inamverici dəstəklərini nümayiş etdiriblər. Onun bu uğurunun bütün tələbə yoldaşları üçün ilhamverici, sərginin belə geniş maraq doğurmasının hər biri üçün böyük motivasiya mənbəyi olduğunu söyləyiblər. Onlar rəssam xanımın şərəfinə hazırlanmış tortu kəsərək, qonaqlar arasında yaradılmış xoş mühitdən doğan səmimi ünsiyyət ab-havası yaradıblar. Bu xoş anlar yaddaşlara özünəməxsus həssaslıq və mülayimlik də qatıb.
Sərginin sonunda iştirakçılar birgə xatirə şəkli çəkdiriblər.
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalı.