Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.

Arazpress.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, Azərbaycan bu istiqamətdə səylərini heç bir vaxt əsirgəməyib:

“Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsi zəruridir.

 Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısı alınmalıdır”.

Xidmət rəisi qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd  Əfqanıstanla bağlı məsələdə vahid mövqe ortaya qoyulmasıdır:

“Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması, bu ölkədə əmin-amanlığın təmin edilməsi vacibdir. Bütün bunlar üçün region ölkələri və digər dövlətlər koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklər”.

araz.az xəbər portalı.