
Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) sponsorluğu və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə universitetlər arasında keçirilən “Azərbaycan Biznes Keys Yarışması 2025”in qalibləri ilə şirkətin baş ofisində görüş keçirilib.
Arazpress.com bildirir ki, görüş dəyirmi masa formatında təşkil olunub və Veysəloğlu Şirkətlər Qrupunun struktur rəhbərləri ilə tələbələr arasında qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Tədbirin əsas məqsədi tələbələrin biznes təfəkkürünün inkişafına dəstək göstərmək və istedadlı gənclərlə gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək olub.
Şirkətin təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov görüş iştirakçılarını salamlayaraq “Veysəloğlu”nun keçdiyi inkişaf yolu və hazırkı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Veysəloğlu Şirkətlər Qrupu yalnız pərakəndə sektorla deyil, eyni zamanda istehsal və distribusiya sahələrində də geniş şəkildə təmsil olunur.
Aydın Talıbov çıxışında qeyd edib ki, şirkət universitetlərlə və tələbələrlə aktiv əməkdaşlığa üstünlük verir və yerli insan resurslarının inkişafı, onların işlə təmin olunması strateji prioritetlərdən biridir.
Tədbir çərçivəsində müsabiqənin qalibi olan tələbələr öz layihələrinin videotəqdimatını ediblər. Onların dünyada fəaliyyət göstərən tanınmış pərakəndə şəbəkələr üzrə apardıqları araşdırmalar və təhlillər VŞQ rəhbərliyi tərəfindən maraqla qarşılanıb. Nəticədə qərara alınıb ki, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi ilə bu sahədə əməkdaşlıq davam etdirilsin. Eyni zamanda tələbələrə yerli bazarla bağlı daha dərin araşdırmalar aparmaları tövsiyə olunub.
Görüş xatirə fotosu ilə yekunlaşıb. Qalib tələbələrə Veysəloğlu Şirkətlər Qrupunun istehsalı olan xüsusi hədiyyələr təqdim olunub.
araz.az xəbər portalı.