Mayın 1-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) sayca VI Karyera Sərgisi təşkil olunub.

Arazpress.com bildirir ki, əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına dəstək məqsədi daşıyan sərgi, universitetin əməkdaşlıq etdiyi və qlobal miqyasda tanınan 90-dan artıq aparıcı müəssisə və təşkilatın iştirakı ilə baş tutub.

Memarlıq, dizayn, inşaat, mühəndislik, texnologiya, nəqliyyat, maliyyə və xidmət sahələrini əhatə edən sərgidə 800-dən artıq vakansiya tələbə və məzunlara təqdim olunub. Sərginin əsas məqsədi bilikli, bacarıqlı, peşəkar potensiala malik gənclərin dövlət və özəl sektorda uğurlu şəkildə məşğulluğuna şərait yaratmaq, eləcə də müəssisələrdəki iş imkanları barədə məlumatlandırma platforması təqdim etmək olub.

Sərginin rəsmi hissəsində çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, artıq ənənə halını alan bu sərginin tələbə və məzunların gələcək karyeralarının formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib.

Karyera Sərgisində iştirak edən Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) təsisçisi və Baş direktoru Aydın Talıbov çıxışında bildirib ki, yenidən məzunu olduğu universiteti ziyarət etmək, onda bir anlıq tələbəlik dövrü ilə bağlı xatirələri canlandırıb. O qeyd edib ki, böyük bir biznes subyekti olaraq VŞQ Azərbaycanda fəaliyyət göstərən bir çox ali təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edir:

“Bizim 26 minə yaxın əməkdaşımız var və hər il 3 mindən artıq yeni iş yeri açırıq. İşə götürdüyümüz kontingentin tərkibində kifayət qədər tələbə və ya yeni məzun olur. Həmin kadrların hazırlanmasına biz də öz töhfəmizi veririk – onların nəzəri biliklərini praktika ilə birləşdiririk. Fərqindəyik ki, ali məktəblərin hazırladığı tələbələr nə qədər hazırlıqlı və savadlı olarsa, bizim işimiz bir o qədər asanlaşır. Yüksək təhsil verən universitetlər olmadan iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Memarlıq və İnşaat Universiteti həm də 50 illik yubileyini qeyd edir. Fürsətdən istifadə edib, bu əlamətdar tarix münasibətilə universiteti ürəkdən təbrik edirəm”.

Sərgi çərçivəsində iştirakçı müəssisələrin insan resursları üzrə nümayəndələri mövcud vakansiyalar və təcrübə proqramları barədə geniş informasiya verib, iş axtarışında olan gənclərin suallarını cavablandırıblar. Tələbə və məzunlar onlara təqdim olunan imkanlar barədə ətraflı məlumat alıb və uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.

araz.az xəbər portalı.