
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Göytürk “Uzun sözün qısası” kitabında bir sıra mübahisəli məsələlərə aydınlıq gətirir, araşdırdığı mövzularla bağlı fikirlərini təkzibolunmaz faktlarla əsaslandırır. Kitabın birinci bölümü “Sözlərdə yaşayan tariximiz” adlanır.
Müəllif bu bölümdə Azərbaycan dilinin aktual problemlərindən, dilimizin işlənmə arealının genişliyindən, ayrı-ayrı sözlərin etimologiyasından, eyni zamanda bu dilin möcüzəvi zənginliyindən söhbət açır:
“Əski dövrdə Azərbaycan ədəbi dilinin işlənildiyi areal çox geniş olmuşdur. Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil rolunu oynamışdır. Azərbaycan dilinin gözəlliyi, onun zənginliyi və digər xüsusiyyətləri tarixən bir sıra görkəmli şəxsiyyətlərin nəzər-diqqətini özünə cəlb etmiş və bu dili öyrənməyə çalışmışlar”.
Şahlar Göytürk “Azərbaycan” adının mənşəyindən danışarkən görkəmli dilçi alim Qəzənfər Kazımovun fikirlərinə də diqqət çəkir, ana dilimizin o dövrdə türk dili kimi üstünlük və şöhrət qazanmasında Azərbaycan və həm də dünya tarixində dərin iz buraxmış Şah İsmayıl Xətainin xidmətlərini xüsusi qeyd edir. Azərbaycan dilini geniş şəkildə xarakterizə edən müəllif bu dilin dünya azərbaycanlılarının birlik, birləşdiricilik simgəsi kimi əhəmiyyətini iftixar hissi ilə oxuculara çatdırır.
Şahlar Göytürk Azərbaycan türklərinin ana kitabı sayılan “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan dilinin formalaşmasında nə qədər mühüm rol oynadığını, bununla yanaşı, bu möhtəşəm abidənin bir əxlaq, tərbiyə, igidlik, mərdlik, həya-abır dastanı olduğunu qeyd edir:
“Tarixi keçmişimizə boylanarkən iftixar hissi keçiririk, ona görə ki, bizim “Dədə Qorqud kitabı” kimi ana dilimizin qədim incəliklərini, Oğuz türklərinin dünyagörüşünü, Azərbaycan xalqının mənəvi dəyərlərini, adət-ənənələrini, qədim yer-yurd adlarını özündə əks etdirən əvəzsiz və möhtəşəm sənət abidəmiz vardır”.
Tədqiqatçı alım Azərbaycan dilinin zənginliyini həm də dialekt və şivələrimizdə işlənən somatik frazeoloji vahidlərə aid xeyli sayda maraqlı dil faktları təqdim etməkə əsaslandırır. O qədər də böyük olmayan bir ölkədə bu qədər dialekt və şivənin mövcudluğu təbii ki, xalqımızın soy-kökünün qədimliyi və mədəniyyətinin zənginliyi ilə bağlıdır.
Bildiyimiz kimi, klassik şairlərimiz öz əsərlərində poetik qəliblərdən, bədii ifadə vasitələrindən, eyni zamanda rəmzlərdən istifadə etmişlər. Sovetlər birliyi dövründə tənqidçilər bu rəmzlərə başqa məna verir, onları poeziya üçün lazımsız, gərəksiz hesab edirdilər. Belə ki, ən çox “saqi” sözünə toxunur, onu sxolastik, çürük ədəbiyyat ifadəsi kimi qələmə verir, hətta “saqi” rəmzini işlədən şairin ünvanına xoşa gəlməyən sözlər də işlədirdilər. Lakin dövlətimizin müstəqilliyi bərpa edildikdən sonra bir sıra mütərəqqi ziyalılarımız bu rəmzləri şeiriyyat üçün olduqca vacib və dəyərli hesab etmişlər.
Məlumdur ki, “saqi” sözü müqəddəs Qurani-Kərimin mübarək ayələrində “şərab paylayan” anlamına gəlir. Lakin bu heç də qıcqırmış üzümdən hazırlanan şərab deyil, saleh əməlləri ilə “cənnəti qazanmış insanların içəcəyi cənnət şərbəti” deməkdir. Klassik şairlərimiz “divan” bağlayarkən “Bəsmələ”, “Tövhid”, “Minacat”, “Nət”, “Meracnamə”, eyni zamanda “Saqinamə” ilə başlamışlar. Şahlar Göytürk buna rəğmən “saqi” sözünün ərəb mənşəli olmadığını, bu kəlmənin qədim dilimizdə batini anlamının “doğru yol göstərən” olduğunu qeyd edir:
“Klassik ədəbiyyatdan, təsəvvüfdən bildiyimiz saqi sözünü “kef məclisində şərab, içki paylayan adam” anlamında işlədirik. Sözün kökü Azərbaycan mənşəlidir. “Saq/sağ” sözündən formalaşmış “saqi” kəlməsinin batini anlamı əslində “doğru yol göstərən” deməkdir. Dilimizdə, eləcə də müxtəlifsistemli dillərdə “doğru yol” “sağ” anlayışı ilə bağlıdır. Məsələn: farsca: راست , ingiliscə: right, ərəbcə: صحيح və s. “Sağ əl” ifadəsi də “etibarlı, ən yaxın adam”, “sədaqətli yoldaş” anlamına gəlir.
Məlumdur ki, Azərbaycan televiziya kanallarının bəzi aparıcıları, jurnalistləri mirvari kimi qulağa süzülən doğma dilimizi biabırçı hala gətirir və hətta doğma anasını öldürmüş qatili həbs edən polisi “qatil” kimi təqdim edirlər”.
Şahlar Göytürk kitabda məntiqsiz və baş-ayaq cümlələrlə tamaşaçıların fikrini başqa səmtə yönəldən, nitq mədəniyyətinin tələblərini kobud şəkildə pozan aparıcıların nitq xətalarını elə onların öz dili ilə tənqid edərək yüksək peşəkarlıqla televiziyalardakı dilimizin vəziyyətinə aydınlıq gətirir:
“Son zamanlar yazı və tələffüz qaydalarına ciddi şəkildə əməl olunmadığından az qala hər kəs danışır. Əslində bu, müsbət haldır. Dil qüsurlarının təhlükəliliyi ondadır ki, xüsusilə gənc nəsil həmin qüsurları bəzi hallarda norma kimi qəbul edib işlədir və nəticədə milli dil təfək¬kürü zədələnir. Milli dil təfəkkürü nitqimizi əslində yersiz əcnəbi kəlmələrdən, başqa dillərin intonasiya və tələffüz xüsusiyyətlərindən, məhəlli, kobud və tüfeyli sözlərdən qorumaqda yad elementlərə qarşı sanki sipər rolunda çıxış edir. Milli dil təfəkkürü zədələndikdə milli heysiyyət zəifləyir, insanlar yad intonasiyanın, tüfeyli sözlərin, hətta mənən öz ana dilindən uzaqlaşaraq başqa dillərin əsirinə çevrilirlər”.
Azərbaycan şairlər yurdudur və bu da həqiqətdir ki, Azərbaycan şairlərinin ağsaqqalı Şeyx Nizamidir. Məlum məsələdir ki, Nizami Gəncəvi öz misilsiz “Xəmsə”sini fars dilində qələmə almışdır. Bunu əsas gətirən bir sıra farspərəstlər dahi şairin fars olduğunu iddia edirlər. O da məlumdur ki, Nizaminin fars deyil, türk olduğuna ilk dəfə Azərbaycanın ilk ədəbiyyatşünası Firudin bəy Köçərli özünün “Azərbaycan ədəbiyyatı tarixi” əsərində aydınlıq gətirmiş, eyni zamanda onun Azərbaycanın ən qədim şəhərlərindən olan Gəncə şəhərində doğulub boya-başa çatdığını qeyd etmişdir. Təbii ki, Nizaminin türk, yəni azərbaycanlı olduğu haqqında ədəbiyyatşünas alimlərimiz xeyli monoqrafiyalar, elmi-tədqiqat əsərləri yazmış, həmin həqiqətləri dərsliklərdə qeyd etmişlər.
Şahlar Göytürk də öz növbəsində bunu özünün müqəddəs borcu hesab edərək bu barədə fikirlərini təkzibolunmaz mənbələrə əsaslanaraq gözəl bir şəkildə bəyan edir.
Azərbaycançılıq mövqeyində dayanan Şahlar Göytürk təkcə tədqiqatçı alim kimi deyil, həm də ana dilimizin, zəngin ədəbi irsimizin təəssübünü çəkən bir layiqli vətəndaş kimi önə çıxır:
“Nizami Gəncəvinin ədəbi irsi, eləcə də əsərlərində işlənmiş türkizmlər nizamişünaslar tərəfindən hərtərəfli tədqiq edilmişdir. Lakin elmə çoxdan məlum olan bu həqiqətlərdən, təəssüf ki,xarici təfəkkürün, antimilli ideyaların əsirinə çevrilənlər xəbərsizdirlər! Bu məlum həqiqətləri Nizami irsinə göz dikənlərə dönə-dönə xatırlatmaq lazımdır”.
Şahlar Göytürkün yaradıcılığı çoxşaxəlidir. Belə ki, o, türkoloq, folklorşünas, dilçi, publisist olmaqla yanaşı, həm də öz dəst-xəti, poetik üslubu ilə seçilən gözəl bir şairdir. Onun şeirləri insanı ehtizaza gətirən, həyəcanlandıran, sevindirən, bəzən də kövrəldən, hövülləndirən şeirlərdir.
Şahlar Göytürkün siması onun vətənpərvərlik nuru saçan şeirlərində əks olunmuşdur. O, namus, qeyrət, haqsevərlik, azadlıq, istiqlal rəmzi olan, eyni zamanda Azərbaycan xalqının müsəlman-türk olduğunu bildirən, ay-ulduzun müqəddəsliyini bəyan edən Azərbaycan bayrağına öz intəhasız sevgisini, məhəbbətini müəzzəm poetik boyalarla göz önünə gətirir:
Yeni nəfəs gətirdin türklük hissiyyatına,
Qatdın öz inancını islam etiqadına.
Sən azadlıq bəxş etdin qız-gəlinə, qadına –
Həya, ismət duvağı – Azərbaycan bayrağı!
Şahlar Göytürk Azərbaycanın hərb tarixinə adlarını qızıl hərflərlə yazmış Azərbaycan əsgərinin, zabitinin misilsiz şücaətini, rəşadətini, yüksək mənəvi keyfiyyətini, qəhrəmanlığını, vətənpərvərliyini qürur hissi ilə nəzmə çəkərək, vətən, torpaq, bayraq uğrunda ölümün gözünə dik baxmağını, şəhidlik şərbətini gülə-gülə içdiyini olduqca zəngin, poetik lövhələrlə canlandırır:
O mənasız laflara – “barış” adlı qeybətə,
Sən son qoydun möhnətə – 30 illik həsrətə,
Qurban olum səndəki o üçrəngli qeyrətə,
Bu millətin gözündə möcüzəsən, doğrusu,
Ey yenilməz, müzəffər Azərbaycan Ordusu!
Məlumdur ki, təcnis yaratmaq şairdən məharət, xüsusi hazırlıq tələb edir. Belə ki, şair təcnisyaratma texnikasına, dilin incəliklərinə dərindən bələd olmalı, sözün mənalarını, çalarlarını yeni cinaslarla yerində dəqiq işlətməyi bacarmalıdır. Şahlar Göytürk yaratdığı təcnislərlə həm öz istedadını, həm də dilimizin zənginliyini, ahəngdarlığını ustalıqla nümayiş etdirir:
Elə gözüm qalıb o gözəldəcə,
Getmir gözlərimdən yaş asan, gözəl.
Bir fağır bəndəyəm, o gözəl dəcəl,
Keçmir ki bu ömür, yaş asan, gözəl.
Elə yanan gördüm yaşda yanıbdır,
Qurunun oduna yaş da yanıbdır,
Kəsib qabağımı yaş, dayanıbdır,
Baxma elə-belə yaşa sən, gözəl.
Azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərlərimizi önə çəkən və publisist-maarifçi mövqeyində dayanan Şahlar Göytürk “Casusun ustalığı” essesində islam əxlaqına zidd olan antimilli ünsürlərin xislətini ifşa edir, əsl simalarını oxucularına açıb göstərir.
Bu da danılmaz həqiqətdir ki, ermənilər Azərbaycanın əzəli torpaqlarını işğal altında saxladığı vaxtlarda İran dövləti müsəlman qardaşı Azərbaycana deyil, hələ də dininin nə olduğu bilinməyən erməniyə hər cür dəstək vermis, onunla həmrəy olduğunu bildirmişdir. Şahlar Göytürk əruz vəznində qələmə aldığı “Danış” şeirində minbərə çıxıb ağlına gələni danışan mollanı sabiranə şəkildə satira atəşinə tutur:
“Qarət edib işğala göz yumdunuz,
Məhv edilən çoxlu şəhərdən danış.
Erməniyə hər cürə dəstək verib,
Etdiyiniz gizli səfərdən danış.
Kül üfürürsən gözə məzhəb ilə,
Görmədiyin gözdəki tirdən danış.
Şahlar Göytürk bu kitabda çox insanın bilmədiyi tarixi məlumatlara diqqət çəkir. Belə ki, Azərbaycan xalqının etnogenezində iştirak etmiş qədim alar, ləzir, oyrat və başqa türk boyları, o cümlədən VIII əsrdə Yəməndən köç etmiş və burada yerli əhali ilə qaynayıb-qarışmış tayfalar haqqında maraqlı məlumatlar verir.
Şahlar Göytürk dilçi alim və folklorşünasdır, lakin onun məziyyətlərini başqalarından fərqləndirən cəhət çox qədimlərə dayanan Azərbaycan el sənətlərinin heyrətamiz zənginliyini, gözəlliyini və özəlliyini linqvistik və etnoqrafik baxımdan əhatəli, şövqlə təhlil və təqdim edə bilməsidir.
Bu məsələyə xüsusilə indiki zamanda diqqət yetirilməsi çox vacibdir, çünki nə özlərinin el sənətləri, nə folkloru, nə də musiqisi olan ermənilər (əslində özlərini hay adlandıran qaraçı tayfası) məlum olduğu kimi, dünya bazarlarında Azərbaycan xalı-xalçalarını, palazlarını və s. heç bir mənbəyə əsaslanmayan “dəlillər” gətirərək, öz adlarına çıxırlar.
Şahlar Göytürk Azərbaycan dilinin dialekt və şivələri haqqında söz açarkən Azərbaycan el sənəti nümunələrinin ayrı-ayrı şivələrdə hansı şəkildə işləndiyini zəngin faktlarla diqqətə çatdırır ki, bu da öz növbəsində Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, incəsənətinin, o cümlədən el sənətinin min illərlə yaşı olduğunu meydana çıxarır. Bu araşdırmalar eyni zamanda heç bir milli-mənəvi dəyərlərə malik olmayan məkrli hay qövmünə tutarlı bir cavabdır.
Alim kitabda dilimizin etnoqrafik mənzərəsini, el sənətkarlığının möhtəşəmliyini, gözəlliklərini və özəlliklərini ön plana çəkir. Dilimizin dialekt və şivələrində işlənən toxuculuq terminləri haqqında kifayət qədər dolğun məlumat versə də, tədqiqatçı alim təvazökarlıq edərək yazıda toxuculuq terminlərinin tam əhatə edilmədiyini, hələ bu sahədə tədqiqatların aparılmalı olduğunu yazır. Lakin onun tədqiqata cəlb etdiyi etnoqrafik nümunələr yuxarıda deyildiyi kimi, bir çox vacib məsələləri izhar edir:
“Bu yazıda, şübhəsiz ki, dilimizin dialekt və şivələrində işlənən toxuculuq terminlərini əhatə etmək mümkün deyildir. Bir-neçə dialekt və şivədən gətirdiyimiz yüzlərlə nümunələr göstərir ki, dilimizin etnoqrafik leksikası son dərəcə zəngindir və bu sahədə tədqiqatların aparılmasına ehtiyac vardır.
Ümummilli lider Heydər Əliyev deyirdi: “Gərək hər bir insan və xüsusilə gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin. Bunun üçün isə o, azərbaycançılığın, mənsub olduğu xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir””.
Məlumdur ki, ölkəmizdə islam dininin yayılması ilə əlaqədar olaraq dilimizə çoxlu ərəb sözləri keçib. Özü də həmin sözlər dilimizə elə şəkildə hopub ki, onları dildən çıxarmaq qeyri-mümkündür. Kitabda ayrı-ayrı sözlərin mənşəyinə dair çox maraqlı faktlara rast gəlirik. Müəllif həmin sözlərin etimoloji izahlarını ağır-ağır dilçilik terminləri ilə deyil, sadə, anlaşıqlı və lakonik şəkildə təqdim edir.
Görünür, elə bu səbəbdən Şahlar Göytürk kitabın adını “Uzun sözün qısası” qoyub ki, dəyərli oxucular mətləbi daha tez anlasınlar.
Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərləri çox zəngindir. Təəssüf ki, adət-ənənələrimizin, dəyərlərimizin bir qismi unudulmaqdadır.
Şahlar Göytürkün ustad Şəhriyarın “Heydərbabaya salam” poeması ilə səsləşən “Var idi” şeiri zövqümüzü oxşamaqla yanaşı, bizi nostalgiyaya aparır. Keçmişlə bağlı xatirələr, unudulmaqda olan dəyərlərimiz göz önündə canlanır:
“Sığınardıq böyüklərin çətrinə,
Dəyməz idik bir kimsənin xətrinə,
Yığışardıq o çörəyin ətrinə,
Bir and yeri – təndirimiz var idi.
Kaş o günlər bir qayıda, gələ də,
Yadımdadır o nehrə də, sələ də,
Damağımda dadı qalıb hələ də,
Dəymiş motal pendirimiz var idi.”
Əziz dostum, tanınmış dilçi alim, vətənpərvər şair Şahlar Göytürkün yaradıcılığı ucu-bucağı görünməyən saf sulu bir dəryanı xatırladır. Onun dəst-xətti ensiklopedik səhifələrlə zəngindir.
Belə ki, bir çox mətləblərdən hali olmaq istəyən dəyərli oxucular, qoşa qanad kimi, elmi idrakla bədii təfəkkürün vəhdətindən yoğrulmuş və bütöv azərbaycançılıq məfkurəsi işığında qələmə alınmış bu möhtəşəm kitabı oxusa, çox qiymətli məlumatlar, dəyərli fikirlər qazana bilər, eyni zamanda onun qəlboxşayan şeirləri ilə mənəvi rahatlıq taparlar.
VÜQAR ƏHMƏD,
filologiya elmləri doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının akademiki, Turanın Xalq şairi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri.
araz.az xəbər portalı.