Prezident İlham Əliyev 9 mayda Moskvada keçiriləcək Qələbə paradına qatılmayacaq. Bu qərar gözlənilən idi.

Səfərin təxirə salınmasına təsir edən əsas səbəblər bunlardır:

1. AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçməsinə baxmayaraq, Rusiya tərəfi hələ də hadisə ilə bağlı əməli istintaq aparmayıb, qəzanın səbəbləri aydınlaşdırılmayıb və məsul şəxslər müəyyən edilərək cəzalandırılmayıb;

2. Son zamanlar Azərbaycanın bir sıra media resurslarına qarşı həyata keçirilən kiberhücumların mənbəyinin Rusiya olduğu sübuta yetirilib;

3. Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiyaya girişinə səbəbsiz yerə qadağa qoyulub, o, Moskva aeroportunda saxlanılaraq ölkədən deportasiya edilib. Rusiya tərəfi isə bu insidentlə bağlı hər hansı əsaslandırılmış açıqlama verməyib.

Bütün bu amillər nəticəsində Prezident İlham Əliyevin Moskvaya səfəri təxirə salınıb. Bu qərar bir daha təsdiqləyir ki, Azərbaycan-Rusiya münasibətlərində son dövrlər müşahidə edilən nisbətən sakit fon və təmkinli ritorikaya baxmayaraq, əsaslı problemlər hələ də qalmaqdadır. Xüsusilə rəsmi Bakının Moskva ilə bağlı inamı son aylarda ciddi şəkildə sarsılıb.

İkitərəfli səfərlərin azlığı, media və rəsmi ritorikada ehtiyatlı yanaşma nümayiş etdirilsə də, pərdəarxasında ciddi narazılıq və inamsızlıq hökm sürür. Deputat Azər Badamovun Moskvada saxlanılıb deportasiya edilməsi hadisəsi də Kremlin münasibətləri normallaşdırmaq üçün Bakı tərəfindən qaldırılan narahatlıqları aradan qaldırmağa maraqlı olmadığını göstərdi.

Rəsmi Moskvanın “hadisələri unudaq və keçmişdə qoyaq” yanaşması qəbuledilməzdir. Bu cür laqeydlik və məsuliyyətsizlik Azərbaycanın inamını daha da zəiflədir. Prezident İlham Əliyevin Qələbə paradına qatılmaması isə bu inamsızlığın nə qədər dərinə işlədiyini nümayiş etdirir.

İstisna deyil ki, gələcəkdə Azərbaycan-Rusiya münasibətləri zahirən normallaşsa da, Bakının Moskvaya olan inamsızlığı qalacaq. Bu, indiki qədər açıq şəkildə ifadə olunmasa da, diplomatik davranışlarda özünü büruzə verəcək.

Prezident İlham Əliyevin bu qərarı Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq. Rəsmi Bakı artıq neçə ay idi Moskvadan gərəkən addımları gözləyirdi. Xüsusilə də mülki təyyarənin vurulması məsələsində Rusiya rəsmi dairələri neçə aydır üzərinə düşəni etmədi. Bu rəftara Azərbaycan Prezidentinin cavabı qarşı tərəfi siyasi-ideoloji baxımdan sarsıdacaq.

Bu dəfə Kreml hansı cavabı verəcək? Bakı ilə yeni diplomatik və informasiya müharibəsinə başlayacaqmı? Yəqin bu sualların cavabı yaxın günlərdə bilinər…

Turan RZAYEV,
politoloq, Globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.