Gəncə şəhərindəki N. Nərimanov küçəsi, ev, 409 ünvanında yaşayan Şahin Bəhrəm oğlu Əliyevin şikayət məktubu əsasında bir müddət öncə ölkə mətbuatı yazılar dərc etdi. Həmin yazılarda Heydər Əliyev adına Bakı Hava Limanında gömrük işçilərinin onun başına gətirdikləri oyundan, onların özbaşınalıqlarından və ona vurduqları maddi və mənəvi ziyandan bəhs olunurdu. Təəssüf ki, indiyədək şikayətçinin dediklərinə məhəl qoyan olmayıb və o, yenidən mətbuata üz tutub.

Şahin Əliyev şikayət məktubunun bir nüsxəsini də “Araz” Media Qrupunun elektron poçtuna göndərib və bizdən kömək istəyir.

Müraciət müəllifi öncə onu qeyd edir ki, şikayəti ilə bağlı mətbuatın da Dövlət Gömrük Komitəsinin elektron poçtuna 27 fevral tarixində göndərdiyi sorğuya bu günədək cavab verilmir:

“Bu da o deməkdir ki, Dövlət Gömrük Komitəsi “Media haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara əməl etmək istəmir. Yəni dünya vecinə deyil. Halbuki bu İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsi ilə hüquqi məsuliyyət yaradır”.

Şahin Əliyev müraciətində daha sonra qeyd edir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qurulmuş və Prezident İlham Əliyevin uğurla idarə etdiyi hüquqi demokratik dövlətdə yaşayırıq. Lakin bəzi məmurlar kimi, gömrük xidmətinin belə əməkdaşları da qanunları saya salmır:

“Ali Baş Komandanın göstəriş və tövsiyyələrinə zidd əməllər edərək, mənə, yəni dövlətini, xalqını və millətini sevən bir müharibə və polis veteranına qarşı külli miqdarda maddi və mənəvi ziyan vurmaqdan da çəkinmirlər.

Bir daha bildirirəm ki, 26.09.2023-cü il tarixində Dubay-Bakı reysi ilə gələrkən, Heydər Əliyev adına Bakı Hava Limanında gömrük işçilərinin vəzifədən sui-istifadə etmələri və özbaşınalıqları nəticəsində qolumdan zorla (cinayətkarcasına) 25,000 ABŞ dolları dəyərində olan qol saatı alınaraq, anbara qoyulub. Dəfələrlə müraciət etdikdən sonra mənə bildirilib ki, saat anbardan oğurlanıb və bu barədə Gömrük İdarəsində təhqiqat araşdırması aparılır. 4 ay (qanunla 10 gün olmalıdır) təhqiqat araşdırması aparıldıqdan sonra cinayət işi başlanması üçün material AR Baş Prokurorluğuna göndərilib. Bu günə qədər həmin material Baş Prokurorluq tərəfindən araşdırılır və bu barədə AR DİN-in HNBPİ-də 16.03.2024,23.07.2024-cü il, 21.12.2024-cü il Xəzər Rayon Prokurorluğunda 28.03 və 14.05.2024-cü il tarixli Baş Prokurorluqda isə 24.10.2024 və 06.02.2025-ci il tarixli, yəni 7 dəfə qərarlar qəbul olunub. Lakin hələ də araşdırma aparılır və baş vermiş cinayət hadisəsi ört-basdır edilir. Görünür ki, bu işdə böyük qüvvələr maraqlıdır. Bu günə qədər nə mənim saatım qaytarılıb, nə də mənə dəymiş maddi ziyan ödənilib.

Bu barədə iki dəfə AR DGK-nın sədri Şahin Bağırov və Baş Prokuror Kamran Əliyevin qəbulunda olsam da, heç bir nəticə əldə olunmayıb, əksinə mənə qarşı özbaşınalıq, hədələr və təxribatlar davam edir”.

Şikayətçi deyir ki, ona qarşı baş vermiş aşağıdakı qanun pozuntuları indiyədək cavabsız qalıb:

“1. Gömrük işçiləri tərəfindən qolumdan saatım zorla alınıb, yəni xidməti vəzifədən sui-istifadə (soyğunçuluq) edilib.

2. Qanunla məndən alınmış saat ölkədən geri qaytarılması üçün hava limanında saxlanca qoyulmalı olduğu halda, heç bir səbəb olmadan karqo anbarına göndərilib.

3. Mən saatı ölkədən geri qaytarmaq üçün ərizə ilə müraciət etsəm də, Gömrük işçilərinin süründürməçiliyi və özbaşınalığı nəticəsində qanuni cavab uzadılıb. Belə başa düşürəm ki, saatım oğurlanıb.

4. Bu ciddi faktla bağlı Gömrük İdarəsində təhqiqat araşdırması 4 aya yekunlaşıb (qanunla 10 gün müddətində olmalı idi). Qolumdan saatımın alınmasına, anbardan oğurlanmasına aid bütün kamera görüntüləri də silinib.

5. Bu günə qədər nə mənim saatım qaytarılıb, nə maddi ziyan ödənilib, nə də fakta görə cinayət işi başlanıb, yəni bütün qanun pozuntuları ört-basdır olunub”.

Müraciətinin sonunda Şahin Əliyev deyir ki, yeganə ümidi media vasitələrinədir. Çünki hər yerdə başına oyun açılıb.

“Hörmətli sayt rəhbərliyi!

Mən möhtərəm Prezidentim cənab İlham Əliyevlə fəxr edirəm və inanıram ki, ədalət öz yerini tapacaq. Mənim müraciətimin ictimailəşdirilməsini Sizdən xahiş edirəm”, — o, bildirir.

Fərhad Məmmədov,
Səməndər QURBANOV,

araz.az xəbər portalı.