
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci illiyi Sabirabadın 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən də yüksək səviyyədə qeyd olunub. Bu barədə Mərkəzdən Arazpress.com-un elektron ünvanına daxil olan məlumata görə, meşəbəyi Seyidağa Rəhimzadənin təşəbbüs ilə rayonun Həşimxanlı kəndi meşəbəyliyi ərazisində yerləşən 9 saylı dolayda Heydər Əliyevin doğum günü şərəfinə yüksək səviyyəli yaşıllaşdırma aksiyası keçirilib.
Mərkəz əməkdaşları öncə 0,5 ha sahədəki meşə əkinlərinə əl xidməti göstəriblər. Sonra tinglərin ətrafı alaq otlarından təmizlənib və dibləri bellənib. Aqrotexniki xidmət göstərilən sahə saralmış ot və alaflardan, daşlardan təmizlənərək, zibillərin daşınması da təmin olunub.
Ümumiyyətlə, Mərkəz əməkdaşları hər il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olması münasibətilə keçirilən aksiyalarda fəal iştirak edirlər. Kollektiv üzvləri belə işlərə qatılmaqla, bir daha Ulu Öndərə sevgilərini ifadə edirlər. Yaşıllaşdırma işləri çərçivəsində əraziyə müxtəlif tinglər əkir, ağaclarda budama işləri aparırlar.
Belə aksiyaların keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Çünki belə işlərin vaxtaşırı həyata keçirilməsi təşəbbüsü Ulu Öndər tərəfindən irəli sürülüb. Bir sözlə, Ümummilli Liderin əsasını qoyduğu bu xeyirxah ənənə Mərkəz əməkdaşları tərəfindən ardıcıl şəkildə davam etdirilir.
Malik MİRZƏ,
araz.az xəbər portalı.