
Azərbaycana mənfi və müsbət tendensiyalarla zəngin “qlobal sel” axın etməkdədir. Milli-mental dəyərlərin daha çox tarixi immunitet hesabına qorunduğu ölkəmizdə bu tendensiyalardan müəyyən mərhələdə qorunmaq mümkün olsa da, sonda uzunmüddətli müqavimət mümkünsüz olacaq. Aşağı orbit səviyyəsində yerləşən “Starlink” peykleri təhlükənin miqyasını bir az da böyütmüş oldu.
Heç şübhəsiz, Azərbaycan qlobal dünyanın bir hissəsidir və müasir texnologiyaların istifadə imkanlarından kənarda qala bilmərik. Amma havadan internet əlaqənin mövcudluğu nəzarət imkanlarımızı da azaldacaq.
Nə etməliyik?!
Bütün sahələr üzrə vahid konsepsiya hazırlanmalı, “milli müdafiə sistemi” qurulmalıdır — bizə lazım olan dəyərləri ölkəyə buraxmalıyıq, lazım olmayanları isə çıxdaş edə biləcək sistemə sahib olmalıyıq. Hazırda dil, din, siyasət, elm, texnologiya və mənəvi dəyərlər istiqamətində “qlobal sel”in təzyiqi altındayıq.
Adi bir misal: Elektrik həyatımızın ayrılmaz hissəsidir, evimizi, həyətimizi, bir sözlə, həyatımızı işıqlandırır, amma nəzarətsiz qalanda yanğına səbəb olur.
Yəni, nəzarət olunmayan istənilən texnologiya və tendensiya təhlükə mənbəyidir.
Narkomaniya, sosial problemlər, işsizlik, yad dəyərlərin aşırı təbliği, məmuların, onların yaxınlarının bahalı həyat tərzinin şiddətli və qabarıq nümayişi “qlobal sel”in daxili təzyiqini daha da artırır.
Yad dəyərlərin süzgəcdən keçirilmədən və aşırı yayılması, gənclərin milli dəyərlərdən açıq şəkildə imtina etməsi, narkomaniyanın və narkotik maddələrin dövriyyəsinin dəhşətli hal alması (halbuki, əvvəlki illərdə bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirilib) “osminoq effekti” yaradıb.
Təhlükə odur ki;
— Bir müddət sonra təslim ola bilərik. — Bir müddət sonra genefondun qorunması strateji problem kimi meydana çıxa bilər.
Azərbaycanda yalnız dövlət bu məsuliyyətin altına girə bilər; Dövlət — millətin genefondunun qorunmasını təmin edə və yad dəyərlərin qarşısını ala bilər, cəmiyyətin müqaviməti isə tam şəkildə ölməyib.
Samir FEYRUZOV,
araşdırmaçı-jurnalist.
araz.az xəbər portalı.