“Gözləntilərin əksinə olaraq Rusiya prezidenti Vladimir Putin Ukrayna — Rusiya daşıqlarına gəlmədi. Halbuki 9 May paradından dərhal sonra İstanbulda Zelenski ilə görüşün təşkil olunmasını Türkiyədən özü xahiş etmişdi.

Əksər təhlilçilər hesab edirdi ki, İstanbulda Ukrayna ilə Rusiya arasında keçiriləcək yüksək səviyyəli görüş müharibənin dayandırılması üçün əlverişli imkanlar yaradacaq və müvəqqəti də olsa, təmas xəttində silahları susduracaq. Türkiyəyə Ukrayna prezidenti Zelenski üst heyətlə gəlsə də, Rusiya verdiyi sözü tutmadı və danışıqlara qərarların verilməsində heç bir rol oynamayan ehtiyat tərkiblə gəldi”.

Arazpress.com bildirir ki, bu fikirləri Newscenter.az-a AMİP liderinin köməkçisi,  politoloq Əli Orucov İstanbulda keçirilən Rusiya — Ukrayna danışıqlarını şərh edərkən səsləndirib. O deyib ki, Ukrayna lideri həmin heyəti “butefor” adlandırmaqla, Rusiyanın sülh prosesinə qeyri-ciddi yanaşmasından məyusluğunu açıq şəkildə göstərmiş oldu:

“Həmçinin, o, İstanbula deyil, Ankaraya prezident Ərdoğanla görüşməyə gəldiyini və bundan sonra qərar verəcəyini bildirdi. Göründüyü kimi, Kreml yenə sülh prosesindən qaçdı və bir daha aydın oldu ki, Rusiya imitisaya ilə məşğuldur. Atəşin uzunmüddətli dayandırılması və diplomatik həll yolunun aranıb tapılması Putinin planlarına uyğun deyil”.

Əli Orucov qeyd edib ki, İstanbulda planlaşdırılan görüşün Rusiya tərəfindən pozulması Ukraynının əlini gücləndirdi:

“Zelenski sübut etdi ki, Kreml sülh istəmir və iddialarından da əl çəkməyi düşünmür. Məncə, bundan sonra ABŞ da yəqin ki, Putin Rusiyasına qarşı sərgilədiyi yumşalma mövqeyinə ciddi korrektələr etmək zorunda qalacaq. Əks halda müharibənin dayandırılmasının başqa alternativləri qalmır.

Tramp üçün Ukrayna — Rusiya müharibəsindən daha cəlbedici Körfəz ölkələri, ərəb coğrafiyasıdır. 4 gündə 4 trilyon dollar sövdələşmə əldə edən Ağ Ev administarsiyasını əsasən böyük ticari və iqtisadi məsələlər daha çox maraqlandırır. Belə bir vəziyyətdə ağırlıq çoxluğu Türkiyə və onun lideri R. T. Ərdoğanın üzərində qalır. Məhz bu səbəbdən də, Ukrayna prezidenti Rusiya nümayəndə heyəti ilə görüşüb-görüşməməsini türkiyəli həmkarı ilə görüşündən sonra qərarlaşdıracağını bildirdi. Ümidlər Türkiyəyə və R. T. Ərdoğana qalıb”.

araz.az xəbər portalı.