«DTX ölkəmizdə separatizmi qızışdırmağa çalışan Z. İbrahimovu tuta bilibsə, nədən indiyə qədər Sumqayıt hadisələrinin əsas fiqurantı Eduard Qriqoryanla bağlı addım atılmayıb?» — ASLAN İSMAYILOV YAZIR 

Son günlərdə Rusiya vətəndaşı Zahirəddin İbrahimovun Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat tədbirləri nəticəsində yaxalanaraq, Bakıya gətirildiyi bildirilir. Z. İbrahimov uzun illər Yekaterinburq şəhərində yaşayıb və Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə dəfələrlə çıxış edərək, Azərbaycanda separatizmi qızışdırmağa çalışıb.

Bir müddət əvvəl məsələyə aydınlıq gətirən vəkil müvəkkili Z. İbrahimovun həqiqətən də DTX-nin istintaq təcridxanasına yerləşdirildiyini təsdiqləyib. Onun sözlərinə görə, Z. İbrahimov dindirilmə zamanı Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib. Bu uğurlu əməliyyata görə DTX rəhbərliyinə təşəkkür edirəm və hesab edirəm ki, Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən istənilən şəxs, vətəndaşlığından və harada olmasından asılı olmayaraq, Azərbaycan qanunları qarşısında cavab verməlidir.

Bütün bunlara baxmayaraq, mənim üçün hələ də qaranlıq qalan bir məqam var: Nəyə görə indiyə qədər Sumqayıt hadisələrinin əsas fiqurantı olan Eduard Qriqoryanla bağlı heç bir addım atılmayıb? Uzun illərdir bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciətlər etmişəm. Bu günə qədər Baş Prokurorluq tərəfindən görülən iş keçmiş birinci müavin Rüstəm Usubovun qeyd etdiyi kimi, “Odnoklassniki” sosial şəbəkəsində tapdıqları E. Qriqoryanın Moskva yaxınlığında kabablayan zaman çəkilmiş fotolarıdır.

Prezident İlham Əliyevin 2010-cu ildə Sumqayıt hadisələrinin yenidən araşdırılması tapşırığı da Baş Prokurorluq tərəfindən icra olunmamış qalıb. Artıq bu istiqamətdə Prokurorluğun hansısa addım atacağına ümidim qalmayıb. Əminəm ki, E. Qriqoryanın yeri barədə bizim xüsusi xidmət orqanlarımızda kifayət qədər məlumat var. Sual isə budur: Nə üçün bu vaxta qədər ondan Sumqayıt hadisələri ilə bağlı ifadələr alınmayıb?!

Axı, Vətən Müharibəsi dövründə biz hamımız şahid olduq ki, Rusiya Prezidenti Putin başda olmaqla, bütün Rusiya və Ermənistan siyasi elitası, o cümlədən imkan düşən kimi bizi qaralamaq istəyən dövlətlər və ictimaiyyəti Azərbaycana qarşı ittihamları məhz Sumqayıt hadisələrinə istinad etməklə səsləndirirdilər. Təəssüf ki, həmin hadisələrdə iştirak edən bir çox şahid artıq həyatda yoxdur. Ona görə də, nə qədər ki, E. Qriqoryan sağdır, Azərbaycan xalqına atılmış bu ləkəni təmizləmək üçün ondan həqiqətləri əks etdirən ifadələr alınmalıdır.

Əminəm ki, E. Qriqoryanın Azərbaycana gətirilib dindirilməsi çox qaranlıqlara aydınlıq gətirəcək. Ölkəmizin ağır durumunda kimlərin onu müdafiə etdikləri, kimlərin isə öz murdar xislətləri ilə Rusiya və Ermənistana qulluq etdikləri üzə çıxacaq. Həm də, on illər boyu bu işə görə həyatımı cəhənnəmə döndərənləri də hamı tanıyacaq.

Aslan İSMAYILOV,
hüquqşünas.

araz.az xəbər portalı.